Texnologiya Özəl

"Təhlükə süni intellektin özündən çox, onun “silah” kimi istifadə edilməsindədir"

Təhlükə süni intellektin özündən çox, onun “silah” kimi istifadə edilməsindədir

Stanford Universitetinin süni intellekt üzrə eksperti Cerri Kaplan bildirir ki, texnologiyanın insanı əvəz edəcəyi ilə bağlı qorxular əsassızdır. Ekspertin sözlərinə görə, mövcud sistemlər müstəqil şüura və ya özbəöz təfəkkürə sahib deyil. Onlar sadəcə verilən nəhəng informasiya bazasında statistik ehtimalları hesablayaraq növbəti addımı proqnozlaşdırır.

O vurğulayır ki, süni intellekt insanın ona öyrətdiyi çərçivədən kənara çıxa bilmir.

Eləcə də yaxın gələcəkdə mətn, audio və vizual materialların süni intellektlə hazırlandığını göstərən etiketlərin tətbiqi şəffaflığı bərpa edəcək. Bu addım rəqəmsal mühitdə orijinal insan əməyini yenidən ön plana çıxaracaq. Texnologiya sadəcə köməkçi alət kimi öz əvvəlki yerinə qayıdacaq.

Bu məhdudiyyətlər və yeni qaydalar fonunda texnologiyadan qorxmağa lüzum qalır?

Demokrat.az-a bu barədə açıqlama verən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib ki, bu, müasir dövrün ən vacib fəlsəfi və texnoloji suallarından biridir:

Təhlükə süni intellektin özündən çox, onun “silah” kimi istifadə edilməsindədir

“Cerri Kaplanın fikirləri də bu baxımdan kifayət qədər rasional və yerindədir. O, süni intellektin “sehrli varlıq” olmadığını, sadəcə çox güclü riyazi hesablama aləti olduğunu xatırladır. Əslində, biz texnologiyanın özündən deyil, onun yanlış istifadəsindən və insanların ona qarşı göstərdiyi kor-koranə etimaddan ehtiyatlı olmalıyıq. İlk növbədə, burada istifadəçi amili ön plana çıxır. Süni intellekti bir çəkicə bənzətmək olar. Çəkiclə ev tikmək də mümkündür, kiməsə zərər vermək də. Çəkicin özünün pis niyyəti yoxdur. Eyni yanaşmanı süni intellektə də tətbiq etmək olar. Texnologiyanın özündən qorxmaq əvəzinə, ondan pis məqsədlərlə istifadə edənlərə, məsələn, dələduzluq, manipulyasiya və dezinformasiya üçün istifadəsinə qarşı diqqətli olmaq lazımdır. Təhlükə süni intellektin özündən çox, onun “silah” kimi istifadə edilməsindədir”.

Mütəxəssis qeyd edib ki, digər mühüm məsələ isə süni intellektə kor-koranə etibar edilməsidir:

“Süni intellekt müəyyən mənada ehtimalları hesablayır və təqdim olunan məlumatlar əsasında nəticə formalaşdırır. Lakin insanlar onun verdiyi hər cavabı mütləq həqiqət kimi qəbul etməyə başlayarsa, bu, ciddi problemlərə səbəb ola bilər. Süni intellektin yanlış məlumat təqdim etməsi, yəni hallüsinasiyalar yaratması mümkündür. Əgər insan bu məlumatı yoxlamadan qəbul edərsə, sosial və hətta elmi baxımdan böyük xətalar ortaya çıxa bilər. Buna görə də əsas təhlükə texnologiyanın özündən çox, insanın onun qarşısında düşünməyi və tənqidi təfəkkürü dayandırmasıdır. Bu baxımdan şəffaflıq və süni intellektlə yaradılan məhsulların etiketlənməsi də mühüm əhəmiyyət daşıyır. Rəqəmsal dünyada hansı məzmunun insan tərəfindən, hansının isə süni intellekt vasitəsilə hazırlandığının bilinməsi vacibdir. Belə mexanizmlər tətbiq olunduqda, xüsusilə saxta videolar və deepfake kimi manipulyasiya vasitələrinin yaratdığı riskləri azaltmaq mümkün olar.

Biz texnologiyanın dünyanı ələ keçirəcəyi “Terminator” dövründə deyilik. Biz texnologiyanın bir çox prosesi sürətləndirdiyi, eyni zamanda onları daha da mürəkkəbləşdirdiyi bir dövrdə yaşayırıq. Texnologiyadan qorxmaq yox, ona qarşı düzgün və məsuliyyətli münasibət formalaşdırmaq lazımdır. Süni intellekt sizin əvəzinizə düşünən beyin deyil, düşüncələrinizi daha sürətli reallaşdırmağa kömək edən vasitədir. Əsas məsələ isə süni intellektin sürətinə uyğunlaşarkən öz məntiqimizi və tənqidi təfəkkürümüzü itirməməkdir”.

Fidan Hacızadə

D
demokrat.az