Sükan arxasında dinlənilən musiqinin yalnız əhval-ruhiyyəyə deyil, sürücünün davranışına və diqqətinə də təsir etdiyi bildirilir. Araşdırmada xüsusilə yüksək ritmli mahnıların sürücülərin daha sürətli hərəkət etməsinə və diqqətinin yayınmasına səbəb ola biləcəyi qeyd olunub.
Belə musiqilər insanı daha aqressiv və ya sürətli idarəetməyə sövq edə bilərmi?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən psixoloq Zümrüd Əsədova bildirib ki, musiqi insanın emosional vəziyyətini dəyişir, emosional vəziyyət isə davranışımıza təsir edə bilir:
“Yüksək ritmli, güclü basları olan və insanda həyəcan yaradan musiqi bəzi insanlarda enerjini artıra, hərəkət tempini sürətləndirə bilər. Əgər sürücü onsuz da gərgindirsə, tələsirsə və ya əsəbidirsə, belə musiqi həmin vəziyyəti daha da gücləndirə bilər. Bu zaman insan fərqinə varmadan daha sürətli idarə etməyə, daha kəskin manevrlər etməyə və ətrafına daha az diqqət ayırmağa meylli ola bilər”.
Psixoloq qeyd edib ki, bunu “yüksək ritmli musiqi dinləyən hər kəs aqressiv sürür” kimi başa düşmək olmaz:
“Burada insanın xarakteri, həmin andakı emosional vəziyyəti, musiqiyə münasibəti və sürücülük vərdişləri də rol oynayır. Eyni mahnı bir insanda gərginlik yarada bilər, digərində isə sadəcə xoş əhval-ruhiyyə. Sükan arxasında musiqi sevərlərdə məqsəd sadəcə yaxşı musiqi dinləmək yox, öz emosional vəziyyətini də idarə edə bilmək olmalıdır”.
Məsələ ilə bağlı saytımıza danışan psixoloq Aytən Ələkbərova bildirib ki, illərdir hər zaman, hətta uzun yol qət edərkən belə, qeyd etdiyim bir məqam var:
“Özüm də bir sürücü olaraq yüksək ritmli mahnıların insanın sürətinin artmasına necə təsir etdiyini həm özümdə, həm də digər şəxslərdə müşahidə etmişəm və bunu şərh edirəm. Çünki təcrübələr göstərir ki, həqiqətən də yüksək ritmli musiqilər insanın birbaşa psixoloji vəziyyətinə təsir edir. İnsanın ritmin yaratdığı əhval-ruhiyyəyə və eyforiyaya düşməsi həmin ritmin təsiri ilə daha çox qaza basmasına gətirib çıxara bilər. Ona görə də bu gün sürücülər arasında hər zaman qeyd etdiyimiz bir məqam var: musiqinin ritmi sizi yox, siz ritmi idarə etməyi bacarmalısınız. Çünki musiqinin ritmini siz idarə etdikcə onu müəyyən çərçivədə, bir proqram şəklində saxlaya bilirsiniz. Amma əks təqdirdə görürsünüz ki, siz daha çox sürətlə hərəkət edərkən istədiyiniz ünvana belə axıra qədər gedib çata bilmirsiniz. Bu baxımdan sürücülərə, o cümlədən özümə verdiyim bir məsləhət var: musiqi səni yox, sən musiqini idarə etməyi bacarmalısan. Amma bəzən biz baxırıq ki, eyni zamanda sakit ritmli musiqilər də insanların psixoloji vəziyyətinə təsir göstərə bilir. İnsanların hərəsinin özünə uyğun hansısa psixoloji problemi, situasiyalara bağlı yaşadığı müəyyən hallar və ya ayrılıqlar ola bilər. Bəzi lirik mahnılar belə bəzən insanın fikrini yayındıra, onu düşüncələrə qərq edə bilər. Bu zaman insan fikirli halda daha yavaş sürür”.
Psixoloq əlavə edib ki, lakin müəyyən traslarda sürət həddi qoyulur:
“Məsələn, 90 və ya 110 km/saat. Sürətdə belə sənin bəzən yavaş getməyin digər avtomobilin yüksək sürətlə gəldiyi halda əyləcə basa bilməməsinə və nəticədə yenidən hadisənin baş verməsinə gətirib çıxara bilər. Ona görə də müəyyən edilmiş sürət həddinə əsasən insan musiqini özü idarə etməyi bacarmalı və özünə uyğun olan ritmi seçməlidir. Əgər hansısa ritm insanda qıcıq yaradırsa və o, dərhal yüksək sürətlə avtomobil idarə etməyə başlayırsa, artıq burada müəyyən psixoloji amillərdən danışmaq olar. Hətta deyirik ki, sürücülük vəsiqəsi alarkən belə insanların bu cür psixoloji durumlarının mütləq şəkildə yoxlanılması məqsədəuyğun olar ki, gələcəkdə heç olmasa qəzaların qarşısı alına bilsin”.


