İqtisadiyyat Özəl

Vətəndaşın xəbəri olmadan kredit: Bank hansı halda məsuliyyət daşıyır?

Vətəndaşın xəbəri olmadan kredit: Bank hansı halda məsuliyyət daşıyır?

Ali Məhkəmənin məlumatına görə, vətəndaşın xəbəri olmadan rəsmiləşdirilən onlayn kreditlərdə dələduzluq faktının mövcudluğu kredit müqaviləsinin avtomatik etibarsız sayılması üçün kifayət etmir. Məhkəmə bankın qanunvericiliyə əməl edib-etmədiyini, vətəndaşın hərəkətlərini və təqdim olunan digər sübutları birlikdə qiymətləndirir.

Vətəndaşın xəbəri olmadan adına kredit rəsmiləşdirilməsi halında bankın məsuliyyəti hansı meyarlarla müəyyənləşdirilməlidir və zərərçəkənin hüquqlarının qorunması üçün hansı əlavə mexanizmlər tətbiq olunmalıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Misirə Xəlilzadə bildirib ki, elektron bank xidmətlərinin inkişafı kredit münasibətlərinin də məsafədən qurulmasına imkan yaradıb.

Vətəndaşın xəbəri olmadan kredit: Bank hansı halda məsuliyyət daşıyır?

Onun sözlərinə görə, artıq bank hesabının açılması, müştərinin identifikasiyası və kredit müqaviləsinin bağlanması üçün tərəflərin fiziki olaraq bank filialında iştirakı hər zaman tələb olunmur:

“Banklar məsafədən xidmət göstərərkən videoidentifikasiya, üz tanıma, gücləndirilmiş elektron imza, OTP kodları və digər elektron autentifikasiya vasitələrindən istifadə edə bilirlər.

Lakin rəqəmsal bankçılığın genişlənməsi yeni hüquqi problemlərin də meydana çıxmasına səbəb olur. Məhkəmə təcrübəsində elə hallara rast gəlinir ki, vətəndaşın şəxsi məlumatlarından istifadə edən üçüncü şəxs onun adına onlayn kredit rəsmiləşdirir və əldə olunan vəsaiti öz hesabına və ya digər şəxsin hesabına yönəldir. Belə vəziyyətdə ilk baxışdan vətəndaşın dələduzluğun qurbanı olduğu və kredit öhdəliyinin ona aid edilməməli olduğu düşünülə bilər. Lakin məsələnin hüquqi həlli yalnız kreditin vətəndaşın xəbəri olmadan götürülməsi faktının müəyyən edilməsi ilə yekunlaşmır.

Belə mübahisələrdə əsas məsələ kredit müqaviləsinin həqiqətən həmin şəxsin iradəsi ilə bağlanıb-bağlanmadığının müəyyən edilməsi ilə yanaşı, kreditin rəsmiləşdirilməsi prosesində həm bankın, həm də müştərinin davranışlarının hüquqi baxımdan qiymətləndirilməsidir.

Bankın məsuliyyətinin müəyyən edilməsində ilk növbədə müştərinin lazımi qaydada identifikasiya və autentifikasiya edilib-edilmədiyi araşdırılmalıdır. Bank kredit müqaviləsinin məhz həmin şəxs tərəfindən bağlandığını təsdiq edən sübutları təqdim etməlidir. Bu zaman elektron imzanın tətbiqi, OTP kodunun daxil edilməsi, videoidentifikasiya və biometrik yoxlamanın nəticələri, istifadə edilən cihaz, IP məlumatları, əməliyyatın vaxtı, elektron sistemdəki loglar və digər texniki məlumatlar əhəmiyyət kəsb edə bilər”.

Misirə Xəlilzadə əlavə edib ki, bununla yanaşı, yalnız sistemdə elektron təsdiqin mövcud olması hər bir halda kreditin həmin şəxs tərəfindən götürüldüyünü avtomatik şəkildə sübut edən hal kimi qiymətləndirilməməlidir:

“Məsələn, OTP kodunun daxil edilməsi onun hansı şəxs tərəfindən istifadə edildiyi, həmin şəxsin telefon nömrəsi və cihazla əlaqəsi, bank sistemində qeyri-adi və ya şübhəli aktivliyin olub-olmaması kimi hallarla birlikdə qiymətləndirilməlidir.

Bankın qanunvericiliklə müəyyən edilmiş məsafədən identifikasiya və təhlükəsizlik tələblərinə əməl edib-etməməsi də mühüm meyardır. Xüsusilə əməliyyatın həyata keçirilməsi zamanı risk indikatorları mövcud olubsa, bankın əlavə yoxlama tədbirləri həyata keçirməsinin zəruri olub-olmaması araşdırılmalıdır. Burada bankın texniki imkanları, tətbiq etdiyi təhlükəsizlik mexanizmləri və konkret əməliyyatın xarakteri nəzərə alınmalıdır.

Kredit vəsaitinin hara yönəldilməsi də mübahisənin həlli baxımından mühüm əhəmiyyət daşıyır. Kredit məbləğinin vətəndaşın hesabına deyil, üçüncü şəxsin hesabına köçürülməsi, vəsaitin dərhal başqa hesablara ötürülməsi və ya nağdlaşdırılması kimi hallar bankın risk qiymətləndirməsi baxımından ayrıca araşdırılmalıdır. Əgər əməliyyatların xarakterindən aşkar risk əlamətləri görünürdüsə, bankın bunları müəyyən etmək və müvafiq tədbirlər görmək imkanının olub-olmaması qiymətləndirilməlidir.

Digər tərəfdən, müştərinin davranışı da hüquqi qiymətləndirmədən kənarda qala bilməz. Məsələn, şəxsin FİN kodunu, şəxsiyyət sənədinin məlumatlarını, bank tətbiqinə giriş vasitələrini və ya mobil telefona göndərilən OTP kodunu üçüncü şəxsə könüllü şəkildə təqdim etməsi mübahisənin nəticəsinə təsir göstərə bilər. Eyni zamanda şəxsin elektron bankçılıq vasitələrinin təhlükəsizliyini təmin etmək üçün zəruri ehtiyat tədbirlərinə əməl edib-etməməsi də araşdırılmalıdır. Lakin müştərinin müəyyən səhlənkarlığının olması bankın qanunvericilikdən irəli gələn identifikasiya və təhlükəsizlik öhdəliklərini avtomatik olaraq aradan qaldırmır.

Bu səbəbdən belə işlərdə məsuliyyətin müəyyənləşdirilməsi üçün tərəflərdən birinin davranışına təcrid olunmuş şəkildə yanaşmaq əvəzinə, bütün halların kompleks qiymətləndirilməsi daha məqsədəuyğundur. Başqa sözlə, “kredit mənim xəbərim olmadan rəsmiləşdirilib” iddiası mühüm hal olsa da, bununla yanaşı kreditin hansı üsulla rəsmiləşdirildiyi, bankın müştərini necə identifikasiya etdiyi, elektron təsdiqlərin necə həyata keçirildiyi, bankın riskli əməliyyatları aşkar etmək imkanının olub-olmadığı, vəsaitin hara köçürüldüyü və müştərinin öz məlumatlarının qorunması ilə bağlı davranışı müəyyən edilməlidir.

Vətəndaşın hüquqlarının daha effektiv qorunması üçün isə yalnız məhkəmə mübahisəsinin nəticəsini gözləmək deyil, preventiv və operativ mexanizmlərin də gücləndirilməsi vacibdir”.

Hüquqşünasın fikirlərinə görə, eyni zamanda banklar mübahisəli əməliyyatlarla bağlı videoidentifikasiya materiallarını, elektron təsdiq məlumatlarını, IP və cihaz məlumatlarını, sistem loglarını və digər texniki sübutları qorumaq imkanına malik olmalıdırlar:

“Vətəndaşlar da rəqəmsal bank xidmətlərindən istifadə zamanı şəxsi məlumatlarının təhlükəsizliyinə xüsusi diqqət yetirməlidirlər.

FİN kodunu və şəxsiyyət sənədinin məlumatlarını tanımadığınız şəxslərlə paylaşmamalı, SMS vasitəsilə göndərilən OTP və digər təsdiq kodlarını heç kimə bildirilməməli, mobil bank tətbiqinin istifadəçi adı, şifrəsi və digər giriş məlumatlarını qoruyunmalı, bank hesabı üzrə daxil olan bildirişləri mütəmadi yoxlanılmalı, tanımadığınız şəxslərin göndərdiyi keçidlərə daxil olmayın və şübhəli zənglərə ehtiyatla yanaşılmalı, mobil nömrəniz dəyişdikdə bankı bu barədə vaxtında məlumatlandırılmalı, hesabınızda sizə məlum olmayan əməliyyat aşkar etdikdə dərhal bankla əlaqə saxlanılmalıdır.

Nəticə etibarilə, kreditin dələduzluq yolu ilə əldə edilməsi barədə iddianın mövcudluğu öz-özlüyündə kredit müqaviləsinin avtomatik olaraq etibarsız hesab edilməsi üçün kifayət etmir. Məhkəmə hər bir konkret iş üzrə kredit müqaviləsinin bağlanma formasını, müştərinin identifikasiyası və autentifikasiyasının necə həyata keçirildiyini, bankın qanunvericiliyin tələblərinə əməl edib-etmədiyini, elektron təsdiq vasitələrinin etibarlılığını, kredit vəsaitinin hərəkətini, tərəflərin davranışını və digər sübutları birlikdə qiymətləndirməlidir.

Beləliklə, bu kateqoriyadan olan mübahisələrdə məsuliyyətin müəyyən edilməsinin əsas meyarı yalnız kreditin kimin adına rəsmiləşdirilməsi deyil, həmin kreditin hansı şəraitdə və hansı təhlükəsizlik prosedurları əsasında rəsmiləşdirilməsidir. Bank öz üzərinə düşən identifikasiya və təhlükəsizlik öhdəliklərini lazımi qaydada yerinə yetirməli, müştəri isə ona məxsus elektron identifikasiya və giriş vasitələrinin qorunması üçün zəruri ehtiyat tədbirlərini görməlidir. Yalnız bu amillərin birlikdə qiymətləndirilməsi nəticəsində kredit öhdəliyinin kimin üzərinə düşdüyü və barədə əsaslandırılmış hüquqi nəticəyə gəlmək mümkündür”.

Nuray Paşşanlı

D
demokrat.az