İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin genişləndirilməsi üçün idxal olunan müəyyən texnika, texnoloji avadanlıq, qurğu, xammal və materialların ƏDV və gömrük rüsumundan azad edilməsi sahibkarlar üçün əlavə maliyyə üstünlükləri yaradır. Bu güzəştlərin investisiya xərclərini azaltmaqla yanaşı, bölgədə yeni istehsal sahələrinin yaradılmasına və biznes fəallığının artmasına nə dərəcədə təsir göstərəcəyi isə diqqət mərkəzindədir.
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, qeyd olunan avadanlıqların gömrük rüsumundan və ƏDV-dən azad edilməsi işğaldan azad olunmuş ərazilərdə, xüsusilə də istehsal sahələrinin inkişafına ciddi dəstək verə bilər.
Onun sözlərinə görə, söhbət əsasən istehsal prosesində birbaşa istifadə olunan texniki və texnoloji avadanlıqlardan, qurğulardan, xammal və materiallardan gedir:
“Bu məhsulların ölkəyə gətirilməsi zamanı sahibkarların əlavə gömrük rüsumu və vergi ödənişlərindən azad olunması onların ilkin investisiya yükünü əhəmiyyətli dərəcədə azalda bilər. Bu güzəştlər ilk növbədə həmin ərazilərdə fəaliyyət göstərən müəssisələrin istehsal güclərinin artırılmasına və yeni istehsal sahələrinin yaradılmasına stimul verəcək. Sahibkar üçün avadanlığın və xammalın daha aşağı qiymətə əldə olunması layihənin ümumi dəyərinin azalması deməkdir. Bu isə investisiya qərarlarının qəbulunu asanlaşdıra və işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa marağı artıra bilər”.
İqtisadçı əlavə edib ki, digər mühüm məqam isə istehsal olunan məhsulların maya dəyərinin azalması ilə bağlıdır:
“İstehsal xərclərinin azalması müəssisələrə həm daxili bazarda, həm də gələcəkdə ixrac bazarlarında daha rəqabətli qiymət təklif etmək imkanı yarada bilər. Nəticədə müəssisələrin gəlirliliyi arta və əldə olunan vəsaitin yenidən istehsala yatırılması, fəaliyyətin genişləndirilməsi üçün imkanlar yarana bilər.
Bununla yanaşı, bu cür güzəştlərin təsiri yalnız ayrı-ayrı sahibkarların fəaliyyəti ilə məhdudlaşmır. İstehsal müəssisələrinin sayının artması həmin ərazilərdə logistika, xidmət, nəqliyyat, kənd təsərrüfatı və digər əlaqəli sahələrin də inkişafına şərait yarada bilər. Yəni bir istehsal müəssisəsinin fəaliyyətə başlaması ətrafında əlavə iqtisadi fəaliyyət zəncirinin formalaşmasına səbəb ola bilər.
Eyni zamanda, yeni müəssisələrin yaradılması bölgədə məşğulluğun artmasına və yerli əhalinin iş imkanlarının genişlənməsinə müsbət təsir göstərəcək. Bu baxımdan güzəştlər yalnız sahibkar üçün vergi və gömrük üstünlüyü deyil, həm də həmin ərazilərin iqtisadi reinteqrasiyasını sürətləndirən mexanizmlərdən biri kimi qiymətləndirilə bilər.
Ümumilikdə, bu addım işğaldan azad edilmiş ərazilərdə özəl sektorun fəallaşmasına, qeyri-neft sektorunun inkişafına, istehsalın və sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yeni investisiyaların cəlb edilməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yarada bilər. Lakin güzəştlərin real nəticəsinin daha yüksək olması üçün yalnız vergi və gömrük üstünlükləri deyil, eyni zamanda infrastrukturun, logistikanın, enerji təminatının və işçi qüvvəsinin formalaşdırılması istiqamətində görülən tədbirlərin də paralel şəkildə davam etdirilməsi vacibdir”, - deyə Eyyub Kərimli fikrini tamamlayıb.


