İqtisadiyyat Özəl

Pulu evdə saxlamağın əsas riski açıqlandı — Açıqlama

Pulu evdə saxlamağın əsas riski açıqlandı — Açıqlama

İnflyasiya şəraitində vəsaiti evdə nağd saxlamaq onun real alıcılıq qabiliyyətini azalda bilər. Bu isə yığımların qorunması və vəsaitin harada saxlanmasının daha məqsədəuyğun olması məsələsini gündəmə gətirir.

Bəs vəsaiti nağd şəkildə saxlamaq inflyasiya fonunda onun real dəyərinə necə təsir edir? Bank əmanətindən əldə olunan faiz gəliri real gəliri qorumaq üçün kifayət edirmi? Vətəndaş gündəlik likvid ehtiyaclarını nəzərə alaraq yığımının hansı hissəsini nağd, hansı hissəsini isə bankda və ya digər maliyyə alətlərində saxlamalı və seçim edərkən hansı əsas meyarlara diqqət yetirməlidir?

Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, məsələn, bu ili götürsək, Mərkəzi Bankın proqnozuna görə, inflyasiyanın təxminən 6 faiz olacağı gözlənilir.

Pulu evdə saxlamağın əsas riski açıqlandı — Açıqlama

Onun sözlərinə görə, banklar milli valyutada əmanətləri təxminən 10–12 faizlə qəbul edirlər. Xarici valyutada əmanət faizləri isə daha aşağıdır:

“Bu baxımdan, formal yanaşsaq, bankda əmanət saxlamaq inflyasiya ilə müqayisədə daha sərfəli görünür. Əgər siz pulu evdə saxlayırsınızsa, həmin vəsait sizə gəlir gətirmir. Bankda saxlayırsınızsa, hətta formal olaraq desək, inflyasiyadan daha yüksək faiz gəliri əldə edirsiniz. Yəni təkcə nominal deyil, real gəliriniz də arta bilər.

Amma düzdür, Mərkəzi Bankın açıqladığı inflyasiya göstəricisi həmişə tənqid olunur. Ona görə ki, məlumdur, müəyyən sayda, məsələn, 300–400 adda mal və xidmətin qiyməti nəzərə alınır və bunun əsasında inflyasiya hesablanır. Əvvəllər 4–5 faiz, indi isə təxminən 6 faiz kimi göstəricilər açıqlanır. Bu yanaşma ekspertlər, o cümlədən mənim tərəfimdən də tənqid olunur. Çünki adi vətəndaş bu qədər çeşiddə məhsul istehlak etmir.

Bu baxımdan, insanların daha çox istifadə etdiyi və ilkin tələbat məhsullarının qiymətlərinə xüsusi diqqət yetirilməlidir. Məsələn, vətəndaşın faktiki olaraq istehlak etmədiyi məhsulların qiymət dəyişiklikləri onun şəxsi inflyasiyasını tam əks etdirməyə bilər. Halbuki vətəndaşın gündəlik aldığı məhsulların qiyməti daha sürətlə artır.

Amma hətta inflyasiyanı 8–10 faiz səviyyəsində götürsək belə, bu göstərici əmanət faizlərinə yaxın olur. Belə halda ən azı vətəndaş pulunu əmanətdə saxladıqda inflyasiyanın vəsaitinin real dəyərinə təsirini qismən kompensasiya edə bilər. Evdə saxladıqda isə pul gəlir gətirmir və onun real dəyəri zaman keçdikcə azalır.

Sadəcə, hər bir vətəndaşın bankda əmanət yerləşdirmək imkanı olmur. Çünki vətəndaşlarımızın əksəriyyətinin aylıq gəliri yalnız özünün və ailəsinin gündəlik ehtiyaclarını qarşılamağa çatır. Buna görə də yığım etməyə əlavə imkanları qalmır.

İnkişaf etmiş ölkələrdə, təbii ki, evdə böyük məbləğdə nağd pul saxlayan insanların sayı daha azdır. Çünki pul evdə saxlanıldıqda bir tərəfdən gəlir gətirmir, digər tərəfdən isə oğurluq kimi risklər yaranır. Bununla belə, son vaxtlar evlərdən oğurluq hallarının azalmasında müşahidə kameralarının geniş yayılmasının da rolu var. Bu baxımdan, evdə pul saxlamaq bəzi hallarda daha təhlükəsiz görünə bilər. Amma yenə də həmin pul gəlir gətirmir”.

Əkrəm Həsənov əlavə edib ki, müasir maliyyə sistemi inflyasiya şəraitində fəaliyyət göstərir:

“Qədim dövrlərdə pul sistemi daha çox qızıl və digər qiymətli metallara əsaslanırdı və pulun dəyəri indiki kimi davamlı pul emissiyasından təsirlənmirdi. İndi isə mərkəzi bankların pul kütləsini artırması inflyasiya təzyiqi yarada bilər.

Bu baxımdan, əgər vətəndaşın yığım etmək imkanı varsa və bankın təklif etdiyi əmanət faizi inflyasiya səviyyəsini üstələyirsə, vəsaiti bank əmanətində saxlamaq evdə nağd saxlamaqla müqayisədə daha sərfəli ola bilər”, – deyə hüquqşünas fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az