Əməkhaqqının artması vətəndaşın gəlirinin nominal olaraq yüksəlməsi deməkdir, lakin bu artım hər zaman real gəlirin və alıcılıq qabiliyyətinin də yüksəlməsi ilə nəticələnmir. Çünki maaş artımı ilə yanaşı ərzaq, xidmət və digər gündəlik xərclərin də dəyişməsi insanların real gəlirlərinə birbaşa təsir göstərir.
Bəs maaş artımının vətəndaşın real gəlirinə təsiri necə müəyyən olunur? Nominal və real gəlir arasında hansı fərq var və inflyasiya maaş artımının təsirini hansı hallarda azalda və ya tamamilə aradan qaldıra bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, nominal maaş və gəlir artımı, sadə şəkildə desək, insanın aldığı pulun rəqəmsal olaraq artması deməkdir.

Onun sözlərinə görə, məsələn, bir şəxs əvvəl 500 manat əməkhaqqı alırdısa, maaşı 550 manata yüksəlibsə, burada 50 manatlıq nominal artımdan söhbət gedir:
“Yəni şəxsin gəliri əvvəlki dövrlə müqayisədə rəqəmsal ifadədə artıb. Lakin bu artım avtomatik olaraq həmin şəxsin alıcılıq qabiliyyətinin yüksəlməsi demək deyil. Real gəlir artımı müəyyən edilərkən inflyasiyanın təsiri də nəzərə alınmalıdır. Başqa sözlə, maaş artımından qiymətlərin yüksəlməsinin təsiri çıxıldıqdan sonra vətəndaşın real olaraq nə qədər əlavə gəlir əldə etdiyi ortaya çıxır.
Məsələn, maaş 10 faiz artdığı halda gündəlik istehlak etdiyi məhsul və xidmətlərin qiymətləri də eyni və ya daha yüksək templə artırsa, həmin şəxsin real gəlirində ciddi dəyişiklik olmaya bilər. Hətta bəzi hallarda nominal maaşın artmasına baxmayaraq, insan əvvəlki qədər məhsul və xidmət ala bilmirsə, onun real alıcılıq qabiliyyəti aşağı düşə bilər.
Xüsusilə aşağı və orta gəlirli əhali qruplarında bu məsələ daha ciddi hiss olunur. Çünki gəliri nisbətən az olan şəxslərin büdcəsində ərzaq və digər gündəlik tələbat məhsullarının payı daha yüksəkdir. Bu məhsulların qiymətlərində sürətli artım baş verdikdə maaş artımının vətəndaşın gündəlik həyatına təsiri azalır”.
İqtisadçı əlavə edib ki, gündəlik istehlak olunan ərzaq və digər zəruri məhsulların bahalaşması əhalinin büdcəsinə birbaşa təsir göstərir:
“İnsanların gəlirlərinin böyük hissəsi məhz bu məhsulların alınmasına yönəldiyi üçün həmin məhsullardakı bahalaşma digər xərclər üçün ayrılan vəsaiti də azaldır.
Bu baxımdan maaşların 3, 5, 6, 8 və ya hətta 10 faiz artırılması təkbaşına vətəndaşların rifahının yüksəldiyini göstərmir. Əsas məsələ həmin artımın qiymətlərin yüksəlmə tempini nə dərəcədə üstələməsidir. Əgər maaş artımı inflyasiyadan aşağıdırsa, nominal gəlir yüksəlsə də, real gəlir və alıcılıq qabiliyyəti arta bilməz.
Ona görə də əhalinin gəlirlərinin artıb-artmadığını qiymətləndirərkən yalnız maaşların nominal artımına deyil, inflyasiya göstəricilərinə, xüsusilə də ərzaq və gündəlik tələbat məhsullarının qiymətlərindəki dəyişikliklərə baxmaq lazımdır. Vətəndaş üçün əsas göstərici maaşının neçə manat artmasından çox, həmin maaşla əvvəlkindən daha çox, yoxsa daha az məhsul və xidmət ala bilməsidir”, – deyə Natiq Cəfərli fikrini tamamlayıb.


