Sağlamlıq Özəl

Arıqlama dərmanları saç tökülməsi riskini artıra bilər

Arıqlama dərmanları saç tökülməsi riskini artıra bilər

GLP-1 preparatlarının mümkün yan təsirləri ilə bağlı aparılan yeni araşdırmada bu dərmanların, xüsusilə genetik olaraq kişi tipli keçəlliyə meyilli şəxslərdə saç tökülməsi riskini artıra biləcəyi müəyyənləşdirilib.

Demokrat.az xəbər verir ki, “Newsweek”in məlumatına görə, Nyu-York Universitetinin Langone Health mərkəzinin alimləri “Ozempic”, “Wegovy” və “Zepbound” kimi GLP-1 preparatları ilə androgenetik alopesiya arasında mümkün əlaqəni araşdırıblar.

Tədqiqatçılar GLP-1 reseptorlarının fəaliyyətinin artması ilə bağlı genetik göstəriciləri kişi tipli keçəlliklə əlaqəli markerlərlə müqayisə ediblər. Nəticədə saç tökülməsi riskinin təxminən 7 faiz artdığı müəyyənləşdirilib.

Araşdırmanın baş müəllifi, Nyu-York Universitetinin dermatologiya üzrə dosenti Linn Petuxova bildirib ki, nəticələr GLP-1 preparatlarından istifadə ilə kişi tipli saç tökülməsi arasında mümkün əlaqəyə dair ilk genetik sübutlardan biridir.

GLP-1 preparatlarından istifadə edən bəzi şəxslər saçlarının seyrəldiyini bildirirlər. İndiyədək bu hal əsasən sürətli çəki itkisi ilə əlaqələndirilib.

Mütəxəssislərin fikrincə, qısa müddətdə əhəmiyyətli çəki itirmək, qəbul edilən kalori və zülalın azalması, həmçinin dəmir kimi bəzi qida maddələrinin çatışmazlığı saç tökülməsinə səbəb ola bilər. Bu proses adətən müvəqqəti xarakter daşıyır və çəki sabitləşdikdən sonra saçların böyüməsi bərpa oluna bilər.

Lakin yeni araşdırma GLP-1 mexanizminin özünün də saç follikullarına təsir göstərə biləcəyini ehtimal etməyə əsas verir.

Alimlər yüksək qan təzyiqi, insulin müqaviməti və testosteron səviyyəsinin aşağı olması kimi digər amilləri də nəzərə alıblar. Buna baxmayaraq, saç tökülməsi riskindəki artım 7 faiz olaraq qalıb.

Araşdırmada 31 mindən çox kişi və qadının genetik məlumatlarından, həmçinin ayrıca məlumat bazasından 205 mindən çox kişinin göstəricilərindən istifadə olunub.

Mütəxəssislər yeni nəticələrin GLP-1 preparatlarının saç tökülməsinə birbaşa səbəb olduğunu sübut etmədiyini vurğulayırlar.

Həkim Əhməd Əl-Muntasar bildirib ki, müəyyən edilən 7 faizlik artım nisbətən kiçik göstəricidir. Bundan əlavə, tədqiqat çərçivəsində uzun müddət semaqlutid və ya tirzepatid qəbul edən xəstələr birbaşa müşahidə edilməyib. Alimlər mümkün səbəb-nəticə əlaqəsini genetik məlumatlar və Mendel randomizasiyası vasitəsilə araşdırıblar.

Bu səbəbdən mütəxəssis insanların araşdırmanın nəticələrinə görə panikaya düşərək müalicəni dayandırmamalı olduğunu bildirib.

Petuxovanın sözlərinə görə, gələcək tədqiqatlar nəticələri təsdiqləyərsə, həkimlər GLP-1 preparatları təyin edilməzdən əvvəl bəzi pasiyentlərdə saç tökülməsi riskini qiymətləndirə bilərlər.

Alimlər GLP-1 preparatlarının saç follikullarına hansı mexanizmlə təsir göstərə biləcəyini dəqiqləşdirmək və eyni əlaqənin qadınlarda mövcud olub-olmadığını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.

Jalə Demokrat.az

D
demokrat.az