Şuşaya səfər edən bəzi turistlərin qaya daşlarının üzərinə müxtəlif yazılar yazması şəhərin tarixi və mədəni irsinin qorunması məsələsini yenidən gündəmə gətirib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib ki, bu cür hallar ilk dəfə deyil. Aparılan maarifləndirmə işlərinə və cərimələrin tətbiqinə baxmayaraq, analoji halların davam etməsi narahatlıq doğurur.
Şuşa kimi tarixi əhəmiyyət daşıyan şəhərdə qaya və daşların üzərinə yazı yazılması həm şəhərin ümumi görünüşü, həm də mədəni irsin qorunması baxımından narahatlıq doğurur. Qoruq İdarəsi vətəndaşları belə halların qarşısının alınmasında daha məsuliyyətli olmağa çağırıb.
Belə hərəkətlər şəhidlərin xatirəsinə və Şuşanın tarixi simasına hörmətsizlik deyilmi? Ölkədə onların adını əbədiləşdirmək üçün kifayət qədər layiqli məkanlar olduğu halda, bu üsul nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında qazi Anar Əsədov bildirib ki, Şuşada qaya və daşların üzərinə yazı yazılması düzgün yanaşma deyil.

Onun sözlərinə görə, ölkədə şəhidlərin adlarının əbədiləşdirilməsi üçün kifayət qədər layiqli və rəsmi məkanlar mövcuddur:
“Məncə, bu, düzgün deyil. Çünki şəhidlərimizin adları məktəblərə, siniflərə, küçələrə, parklara, xiyabanlara və digər ictimai məkanlara verilib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ölkəmizdə müxtəlif abidələr, memorial komplekslər və xatirə məkanları yaradılıb. Yəni şəhidlərimizin adını yaşatmaq üçün kifayət qədər düzgün və layiqli üsullar var. Şəhidin adını qayaya, daşa və ya digər səthə yazmaqla onun xatirəsinə hörmət göstərmək olmaz. Əksinə, bu cür hərəkətlər həm şəhidlərimizin müqəddəs xatirəsinə, həm də Şuşanın tarixi və mədəni simasına xələl gətirir. Şuşa bizim üçün adi bir şəhər deyil. Burada hər bir daşın, hər bir divarın öz tarixi var. Bu məkanlara münasibətdə xüsusi məsuliyyət və həssaslıq olmalıdır.
Əgər məqsəd şəhidlərin adını yaşatmaqdırsa, bunun üçün dövlət tərəfindən yaradılmış abidələr, parklar, xiyabanlar, məktəblər və digər rəsmi məkanlar var. Bu məkanlarda şəhidlərin adları daha ləyaqətli və uzunmüddətli şəkildə əbədiləşdirilir”, – deyə qazi Anar Əsədov fikrini tamamlayıb.
Məsələ ilə bağlı saytımıza danışan qazi İlkin Tağıyev bildirib ki, şəhidlərin xatirəsinin yaşadılması üçün qaya və daşların, hətta yol kənarlarının üzərinə yazılar yazılmasına və şəkillərin asılmasına ehtiyac yoxdur.
Onun sözlərinə görə, şəhidlərin xatirəsinin qorunması üçün xüsusi məkanlar mövcuddur və bu məsələyə daha düzgün yanaşmaq lazımdır:
“Mən qətiyyən belə hərəkətlərin tərəfdarı deyiləm. Düşünürəm ki, nə qayaların, nə də yol kənarlarının üzərinə yazı yazmağa, şəkillər asmağa ehtiyac var. Çünki təmizliyinə və abadlığına daim nəzarət olunan Şəhidlər xiyabanı var. Ən azı şəhidlərimizin ildönümündə, Zəfər Günündə dövlət səviyyəsində müxtəlif tədbirlər keçirilir və onların xatirəsi bir daha ictimaiyyətə çatdırılır.
Şəhidlərin adlarını yaşatmaq üçün müxtəlif məktəblərə, küçələrə, parklara və digər məkanlara onların adları verilib. Bununla yanaşı, şəhidlərin xatirəsinə abidələr, memoriallar və digər xatirə məkanları yaradılıb. Ona görə də insanların özbaşına qayaların, daşların və ya yol kənarındakı digər səthlərin üzərinə yazılar yazması düzgün deyil.
Mən şəhid olsaydım və bilsəydim ki, anam, atam, həyat yoldaşım və ya digər yaxınlarım belə bir addım atıblar, şəxsən mənim üçün bu, xoş olmazdı. Çünki şəhidin ruhuna hörmət onun adının haradasa yazılması ilə deyil, xatirəsinin layiqli şəkildə qorunması ilə göstərilməlidir.
Təsəvvür edin ki, mənim şəklimin, adımın və ya xatirəmin üzərinə hər hansı bir şəxs hörmətsiz şəkildə yazı yazır və ya onu uyğun olmayan formada yerləşdirir. Bu halda bunun mənim ruhuma hörmət olduğunu düşünmək çətindir. Əksinə, bu, şəhidlərin adına və xatirəsinə hörmət olmaz. Onların uğrunda canlarından keçdikləri dəyərlərə hörmət etməliyik. Şəhidlərin xatirəsini yaşatmaq istəyiriksə, bunun üçün cəmiyyət olaraq daha düzgün və məsuliyyətli yollar seçməliyik. Tarixi, ictimai və mədəni məkanları qorumaq, onların görünüşünə xələl gətirməmək də şəhidlərin ruhuna ehtiramın bir formasıdır. Şəhidlərin xatirəsi müqəddəsdir və bu xatirə hər hansı qeyri-peşəkar və ya düşünülməmiş müdaxilə ilə deyil, layiqli şəkildə yaşadılmalıdır”, – deyə qazi İlkin Tağıyev bildirib.


