Sosial şəbəkələrdə vətəndaşların adına saxta hesablar açılması ilə bağlı müxtəlif iddialar səslənir. Belə hallarda şəxsin xəbəri olmadan onun adına gəlir və vergi borcunun rəsmiləşdirilməsi halları da baş verə bilir.
Belə hallarla üzləşən vətəndaşlar nə etməlidir? Onların adına qanunsuz şəkildə yaradılan hesab və rəsmiləşdirilən vergi borcu necə ləğv oluna bilər?
Hüquqşünas Babək Umudov Demokrat.az-a açıqlamasında deyib ki, sosial şəbəkələrdə vətəndaşların FİN kod və ya şəxsiyyət məlumatlarından istifadə edərək onların adına icazəsiz hesabların açılması, monetizasiya gəlirlərinin göstərilməsi və nəticədə vergi borcunun yaranması hüquqi müstəvidə fırıldaqçılıq və kiberfırıldaqçılıq əməli hesab olunur:

“Bu halla rastlaşdıqda ilk növbədə sənədləşdirmə və sübutların toplanmasına başlanılmalıdır. Dövlət Vergi Xidmətinin şəxsi kabinetindən və ya vergi idarəsindən vətəndaşın adına yaranmış vergi borcu, açılmış VÖEN və fəaliyyət növü barədə rəsmi çıxarış/bildiriş götürmək lazımdır. Eyni zamanda şəxsin adına açılmış sosial şəbəkə hesablarının profillərinin, keçid linklərinin və ekran şəkillərinin götürülməsi və saxlanılması sonrakı sübutetmə prosesi üçün zəruridir”.
O qeyd edib ki, cinayət işinin başlanması və ya fakt üzrə araşdırma materiallarının (təhqiqat/istintaq aktının) formalaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin Kiberdələduzluqla Mübarizə Baş İdarəsinə və ya ərazi polis idarəsinə, eləcə də Baş Prokurorluğa rəsmi ərizə ilə müraciət edilməsi tövsiyə edilir:
“Ərizədə FİN koddan və şəxsi məlumatlardan xəbəri olmadan istifadə edilərək adına saxta hesab və VÖEN açıldığını, fırıldaqçılıq qurbanı olduğu qeyd edilməlidir. Həmçinin Dövlət Vergi Xidmətinə müraciət edərək, VÖEN-in şəxsin iradəsi və xəbəri olmadan, saxtakarlıq yolu ilə açıldığı, faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və gəlir əldə etmədiyi qeyd edilməlidir. Vergi borcunun və saxta VÖEN-in ləğvi iki yolla həyata keçirilir: inzibati qaydada (vergi orqanı tərəfindən) və ya məhkəmə qaydasında. Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma nəticəsində şəxsiyyət məlumatlarını başqa şəxslər tərəfindən qanunsuz istifadə edildiyi və qeydiyyatın saxta olduğu barədə rəsmi cavab və ya qərar əldə edilə bilər. Eyni zamanda toplanmış rəsmi sübutlar və hüquq-mühafizə orqanlarının arayışı əsasında Dövlət Vergi Xidməti şəxsin adına açılmış VÖEN-i ləğv edə və hesablaşma bazası olmadığından hesablanmış vergi borcunu silə bilər. Vergi orqanı borcun silinməsindən imtina edərsə, vergi organının qərarından/fəaliyyətsizliyindən İnzibati Məhkəməyə iddia ərizəsi verilə bilər. Məhkəmə qaydasında VÖEN qeydiyyatı və verilmiş vergi qərarları etibarsız hesab edilə bilər. Bundan əlavə, saxta hesabın yerləşdiyi sosial şəbəkəyə "Identity Theft" (Şəxsiyyətin mənimsənilməsi/təqlid olunması) bölməsindən rəsmi şikayət göndərmək lazımdır ki, həmin saxta hesab bağlansın”.


