İqtisadiyyat Özəl

Neft Fondu əlavə gəlirlər üçün valyuta rezervlərini hansı sahələrə yatırmalıdır? — Açıqlama

Neft Fondu əlavə gəlirlər üçün valyuta rezervlərini hansı sahələrə yatırmalıdır? — Açıqlama

Dövlət Neft Fondunun səhm investisiyalarından əldə etdiyi gəlir 10,9 milyard dollara yaxınlaşıb. Fondun inkişaf etmiş ölkələrin səhmlərinə yatırdığı vəsaitlərdən əldə olunan gəlir investisiya portfelinin əhəmiyyətini bir daha gündəmə gətirir. Hazırda qlobal iqtisadiyyatda baş verən dəyişikliklər fonunda isə Fondun investisiya strategiyasının gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyi maraq doğurur.

Qiymətli kağızlar bazarından başqa, qlobal riskləri nəzərə alaraq Fond üçün başqa hansı investisiya istiqamətləri daha perspektivli hesab oluna bilər? Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Elçin Məmmədov bildirib ki, Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi üzrə müvafiq qaydalar mövcuddur.

Neft Fondu əlavə gəlirlər üçün valyuta rezervlərini hansı sahələrə yatırmalıdır? — Açıqlama

Onun sözlərinə görə, bu qaydalara əsasən Fondun vəsaitləri müxtəlif aktivlərə, o cümlədən qiymətli kağızlara, daşınmaz əmlaka, infrastruktura və qiymətli metallara investisiya edilə bilər.

"Fondun investisiya siyasətində əsas məqsədlərdən biri kapitalın itirilməsi riskini mümkün qədər aşağı saxlamaqla gəlirliliyin artırılmasıdır. İstənilən investisiya üzrə gəlirlilik gözləntiləri investisiya qoyulan aktivin risk dərəcəsindən asılıdır. Yəni daha yüksək gəlir əldə etmək üçün daha yüksək risk səviyyəsinə malik aktivlərə üstünlük vermək lazım gələ bilər. Bu isə öz növbəsində Fondun risk iştahasının artırılmasını tələb edir. Lakin burada əsas məsələ yalnız daha çox gəlir əldə etmək deyil, eyni zamanda milli sərvətin qorunması və investisiyaların uzunmüddətli dayanıqlığının təmin edilməsidir. Bir çox suveren investisiya fondlarında olduğu kimi, Dövlət Neft Fondu da riskləri məhdudlaşdırmaq üçün əsasən konservativ investisiya siyasəti tətbiq edir. Bu siyasət çərçivəsində vəsaitlərin mühüm hissəsi nisbətən aşağı riskli və yüksək likvidliyə malik aktivlərdə yerləşdirilir.

Bununla yanaşı, Fondun portfelində səhmlər, daşınmaz əmlak, infrastruktur, qızıl və digər aktivlərin olması investisiyaların diversifikasiyasına və ayrı-ayrı bazarlarda baş verə biləcək mənfi dəyişikliklərin ümumi portfelə təsirinin azaldılmasına xidmət edir. Bu baxımdan investisiya portfelinin diversifikasiyası xüsusi əhəmiyyət daşıyır. Yalnız bir aktiv növünə və ya bir bazara bağlı qalmaq gələcəkdə həmin bazarda yaranacaq kəskin dəyişikliklərin Fondun gəlirlərinə daha ciddi təsir göstərməsinə səbəb ola bilər. Müxtəlif aktiv sinifləri arasında düzgün bölgü isə risklərin balanslaşdırılmasına imkan verir. Hazırkı qlobal iqtisadi və geosiyasi proseslər də investisiya qərarlarının daha ehtiyatlı şəkildə qəbul edilməsini tələb edir. Faiz dərəcələrinin dəyişməsi, inflyasiya, valyuta riskləri, maliyyə bazarlarında volatilliyin artması və geosiyasi gərginliklər müxtəlif aktivlərin gəlirliliyinə fərqli təsir göstərə bilər. Fondun mövcud qaydalarında da kredit, likvidlik və bazar risklərinin idarə edilməsi üçün müəyyən hədlər nəzərdə tutulub".

Ekspertin sözlərinə görə, gəlirliliyin artırılması ilə risklərin idarə edilməsi arasında optimal tarazlığın qorunması əsas məsələdir.

"Fond üçün daha yüksək gəlir potensialı olan yeni investisiya istiqamətləri nəzərdən keçirilə bilər, lakin bu zaman onların uzunmüddətli perspektivdə sabitliyi, likvidliyi, risk səviyyəsi və Fondun əsas missiyasına uyğunluğu qiymətləndirilməlidir. Nəticə etibarilə, Dövlət Neft Fondunun investisiya strategiyasında əsas yanaşma yalnız yüksək gəlir əldə etmək deyil, həm də neft gəlirlərinin gələcək nəsillər üçün qorunmasıdır. Bu baxımdan daha yüksək gəlirli aktivlərə keçid məsələsi risklərin düzgün qiymətləndirilməsi və diversifikasiya prinsiplərinin qorunması ilə paralel şəkildə həyata keçirilməlidir", – deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az