"iPhone 18” Pro” və “Pro Max” üçün yeni rəng seçimləri ilə bağlı iddialar yayılıb. “Apple”ın gümüşü rəngdən imtina edərək qara rəngi geri qaytaracağı bildirilir.
Demokrat.az xəbər verir ki, "Apple”ın sentyabrın 9-da keçirəcəyi tədbirdə “iPhone 18” Pro” və “iPhone 18” “Pro Max”” modellərini təqdim etməsi gözlənilir. Tədbirə günlər qalmış yayılan yeni sızıntı Pro modellərinin hansı rənglərdə satışa çıxarıla biləcəyinə dair yeni detallar ortaya qoyub.
“Weibo”da Fixed Focus Digital adı ilə paylaşım edən mənbə “iPhone 18” Pro” seriyasının kütləvi istehsala keçdiyini və “Apple”ın üç rəng seçimi hazırladığını iddia edib. İddiaya görə, yeni Pro modelləri göy, qara və bordo rənglərdə olacaq.
Bu üç rəng daha əvvəl “iPhone 18” ilə bağlı yayılan sızıntılarda da gündəmə gəlmişdi. Lakin mənbələr rənglərin adlandırılması ilə bağlı fərqli ifadələr işlədiblər. Məsələn, bəzi iddialarda bordo rəng əvəzinə “tünd albalı” adı qeyd olunub.
Yeni iddianın ən diqqətçəkən məqamı “Apple”ın rəng seçimində dəyişiklik etməsidir. Şirkətin “iPhone 18” Pro” və “Pro Max” üçün gümüşü və ya boz tonlarında seçim təqdim etməyəcəyi irəli sürülür.
Bunun əvəzinə qara rəngin Pro seriyasına geri qayıtması gözlənilir. “Apple” “iPhone 17 Pro” seriyasında qara rəng seçiminə yer verməmişdi. Bununla belə, şirkət ötən il "iPhone Air", standart "iPhone 17" və "iPhone 17E" kimi digər modellərdə qara rəng seçimini qoruyub.
Sızıntı doğru çıxarsa, “Apple” uzun müddətdir Pro modelləri ilə əlaqələndirilən daha sadə metalik rənglərdən birindən imtina edərək üç fərqli rəngdən ibarət seriya hazırlayacaq.
Təqdimat yaxınlaşdıqca “iPhone 18” Pro” ilə bağlı yeganə sual rəng seçimləri deyil. Yeni modellərin qiyməti də maraq doğurur.
“Apple” son dövrdə yaddaş komponentlərinin qiymətinin artmasının təsiri ilə bəzi məhsullarının qiymətini yüksəldib. Məsələn, M6 prosessorlu yeni “Mac Mini”nin başlanğıc qiyməti 899 dollara çatıb. M4 prosessorlu əvvəlki model isə 599 dollardan satışa çıxarılmışdı.
Bu səbəbdən oxşar qiymət artımının “iPhone 18” Pro” seriyasına da tətbiq oluna biləcəyi bildirilir. “iPhone 17 Pro” 1 099 dollarlıq başlanğıc qiyməti ilə satışa çıxmışdı. “Apple” telefonlar üçün də eyni qiymət siyasətini tətbiq edərsə, “iPhone 18” Pro” daha yüksək başlanğıc qiyməti ilə təqdim oluna bilər.
“Apple”ın yeni "iPhone" modellərinin rəng, qiymət və digər xüsusiyyətləri ilə bağlı detalları sentyabrın 9-da keçiriləcək tədbirdə açıqlaması gözlənilir.
Jalə Demokrat.az


