Avto Özəl

Dövlət avtomobilləri niyə hərraca çıxarılır? — Açıqlama

Dövlət avtomobilləri niyə hərraca çıxarılır? — Açıqlama

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərracda 28 nəqliyyat vasitəsi özəlləşdirilib. Rəqabətli hərracda “BMW 520I” 12 000 manatlıq start qiymətindən 33 500 manata, "BMW 740LI" 9 000 manatdan 26 000 manata, "Toyota Camry" isə 6 000 manatdan 15 600 manata satılıb.

Dövlətə məxsus nəqliyyat vasitələrinin hərrac yolu ilə özəlləşdirilməsinin əsas iqtisadi üstünlüyü nədir? Bu satışlar büdcəyə ciddi gəlir gətirirmi, yoxsa əsas fayda dövlətin həmin nəqliyyat vasitələrinin saxlanılması ilə bağlı xərclərdən azad olmasıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, təbii ki, belə satışlardan dövlət büdcəsinə ciddi gəlir daxil olması gözlənilmir.

Onun sözlərinə görə, il ərzində bir neçə dəfə bu cür hərraclar keçirilsə və ümumilikdə 1 milyon manat vəsait toplansa belə, bunun dövlət büdcəsi üçün nəzərəçarpacaq iqtisadi təsiri olmayacaq.

Dövlət avtomobilləri niyə hərraca çıxarılır? — Açıqlama

"Burada əsas məsələ büdcəyə böyük gəlir gətirməkdən daha çox, dövlətin üzərindəki əlavə maliyyə yükünün azaldılmasıdır. Çünki dövlətə məxsus nəqliyyat vasitələrinin saxlanılması, texniki xidməti, təmiri, yanacaqla təmin olunması və digər xərcləri il ərzində kifayət qədər böyük vəsait tələb edə bilər. Əgər həmin avtomobillər dövlət qurumunun fəaliyyəti üçün artıq zəruri deyilsə, onların saxlanılmasına büdcədən vəsait ayrılmasının da iqtisadi baxımdan ciddi əsaslandırılması olmur.

Bu baxımdan, belə nəqliyyat vasitələrinin hərrac yolu ilə özəlləşdirilməsi daha çox dövlətin əlavə xərclərdən və idarəetmə yükündən azad olması baxımından müsbət addımdır. Yəni əsas məqsəd böyük məbləğdə gəlir əldə etmək deyil, dövlət üçün artıq zəruri olmayan əmlakın saxlanılması ilə bağlı xərcləri aradan qaldırmaqdır. Əgər hər hansı nəqliyyat vasitəsinə dövlət qurumunun real ehtiyacı yoxdursa, onun hərrac yolu ilə özəlləşdirilməsi daha məqsədəuyğun yanaşmadır", - deyə Natiq Cəfərli fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az