İnfrastruktur Özəl

"Brutto müqavilə" modeli ictimai nəqliyyatda nəyi dəyişəcək? — Ekspertdən açıqlama

Brutto müqavilə modeli ictimai nəqliyyatda nəyi dəyişəcək? — Ekspertdən açıqlama

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən “brutto müqavilə” modelinin tətbiqinə başlanılıb.Yeni modelə əsasən, daşıyıcılara sərnişin sayından deyil, qət edilən məsafə və xidmətin keyfiyyətindən asılı olaraq ödəniş ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı və digər göstəricilər əvvəlcədən müəyyənləşdiriləcək. Bu, sərnişin sayının az olduğu saatlarda, o cümlədən axşam vaxtı avtobusların qrafikə uyğun hərəkətini təmin edəcək.

Modeli sərnişindaşıma xidmətinin keyfiyyətinə və avtobusların qrafikə uyğun hərəkətinə necə təsir göstərəcək?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında bu modelin ictimai nəqliyyatın yeni keyfiyyət mərhələsinə keçdiyinə bir işarə olduğunu bildirib.

Brutto müqavilə modeli ictimai nəqliyyatda nəyi dəyişəcək? — Ekspertdən açıqlama

Onun sözlərinə görə, maliyyə dayanıqlığı təmin olunursa, daha keyfiyyətli xidmət üçün də zəmin yaranır:

"Bu məsələ ilə bağlı illərdir müzakirələr aparılırdı. Sevindirici haldır ki, artıq praktiki icrasına başlanılıb. İlkin olaraq, 130, 205, 211, 500 və 503 nömrəli avtobuslar elan olunub. Mərhələli şəkildə digərləri də bu sistemə keçəcək. İlk olaraq avtobusların yazılan qrafik üzrə fəaliyyətini müşahidə edəcəyik. Növbəti mərhələdə isə günlük, həftəlik, illik bilet paketləri, 90 dəqiqəlik pulsuz keçidlər, yəni uzaq məntəqələrdən gələn vətəndaşların xərclərinin optimallaşdırılmasına zəmin yaradacaq həllər tətbiq oluna bilər".

Ekspert əlavə edib ki, eyni zamanda, tələbə və təqaüdçülər üçün müvafiq güzəştli biletlərin təşkili yönündə qərar vermək üçün institusional bir alət formalaşıb:

"Düşünürəm ki, bu, həm də daşıyıcıların maliyyə dayanıqlığına zəmin yaradacaq bir qərardır. Belə reallıqda qoyulan tələblərə əməl edən daşıyıcılar həm keyfiyyətli xidmət göstərəcək, həm də ümumi marşrut şəbəkəsinin dayanıqlığını təmin edəcək".

Fidan Hacızadə

D
demokrat.az