Qaqik Xaçatryan dünən İstintaq Komitəsi tərəfindən saxlanılıb. Demokrat.az-ın məlumatına görə, Ermənistanın keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Qaqik Xaçatryan həbs olunub.
İstintaq Komitəsinin mətbuat xidməti bu məlumatı təsdiqləyib. İrəvan məhkəməsi keçmiş məmur barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar verib. Qərar onun saxlanılmasından cəmi bir neçə saat sonra qəbul edilib.
Xaçatryan rüşvət alma, çirkli pulların yuyulması və qanunsuz yolla əmlak əldə etməkdə ittiham olunur. Rüşvət alma və külli miqdarda çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində həbs edilib.
Müstəntiqlər Xaçatryanın və onun oğlunun yaşayış evlərində, həmçinin onlarla əlaqəli 20-dən çox şirkətin ofis və filiallarında axtarışlar və digər prosessual hərəkətlər həyata keçiriblər. Daha əvvəl Xaçatryanın vəkilləri onun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən pis rəftara məruz qaldığını iddia edərək, onun səhhətinin vəziyyətinə diqqət çəkmişdilər. Müdafiə tərəfi həmçinin Xaçatryanın yatağından qaldırılaraq xərəkdə məhkəməyə aparılmasını əks etdirən görüntüləri də yayımlamışdı.
Alparslan Demokrat.az


