Dünya

Polşa Almaniyadan təzminat istəyir

Polşa Almaniyadan təzminat istəyir

Polşa İkinci Dünya müharibəsi dövründə nasist Almaniyasının törətdiyi cinayətlərə görə Almaniyadan təzminat alınması məsələsini yenidən gündəmə gətirib.

Polşa Prezidenti Karol Navrotski bu barədə Polşaya Almaniyanın hücumunun 87-ci ildönümü ilə bağlı çıxışında danışıb.

Navrotski bildirib ki, məsələ ilə bağlı yalnız siyasi bəyanatlar kifayət deyil və konkret addımlar atılmalıdır.

Onun sözlərinə görə, Almaniya Polşaya təzminat ödəməlidir.

Polşa Prezidenti mümkün təzminat vəsaitinin ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə və müdafiə sənayesinin inkişafına yönəldilə biləcəyini qeyd edib. O hesab edir ki, bu, Varşavanın xarici kreditlərdən asılılığının azalmasına da imkan yarada bilər.

Navrotski təzminatların ödənilməsinin yalnız Polşanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyinə töhfə verə biləcəyini vurğulayıb. O, Rusiya-Ukrayna müharibəsi fonunda Polşa ilə Almaniyanın ortaq təhlükəsizlik çağırışları ilə üzləşdiyini bildirib.

Polşa Prezidenti çıxışında İkinci Dünya müharibəsi zamanı təxminən 6 milyon Polşa vətəndaşının öldürüldüyünü də xatırladıb. Bu rəqəm həmin dövrdə ölkə əhalisinin təxminən 17 faizinə bərabər olub. Həlak olanların böyük əksəriyyətinin, təxminən 90 faizinin mülki şəxslər olduğu qeyd edilib.

Qeyd edək ki, Almaniya Polşanın İkinci Dünya müharibəsinə görə təzminat tələblərini indiyədək qəbul etməyib.

Demokrat.az

D
demokrat.az