Dünya bazarında qızılın bir unsiyasının qiyməti 4 400 dollar səviyyəsinə yaxınlaşıb.
Qızılın bahalaşmasında geosiyasi gərginliklər, inflyasiya ilə bağlı gözləntilər, faiz siyasəti və investorların təhlükəsiz aktivlərə tələbi kimi amillər ön plana çıxır. Sentyabrın 1-də isə qızılın spot qiyməti 4 393 dollar ətrafında olub. Bəs qızılın sürətlə bahalaşmasının əsas səbəbi nədir və bu tendensiyanın davam etməsi Azərbaycanda qızıl bazarına və əhalinin investisiya davranışına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, qızılın qiymətində son dövrlərdə müşahidə olunan kəskin dalğalanmalar investorların diqqətini yenidən bu qiymətli metala yönəldib. Onun sözlərinə görə, hazırda qızılın qiyməti 4 400 dollar ətrafında dəyişir.
"Halbuki ötən həftə bu göstərici 4 600 dollar səviyyəsində olub. Bu isə qısa müddət ərzində qiymətdə ciddi enişin baş verdiyini göstərir. Qızılın qiymətinə təsir edən əsas amillərdən biri geosiyasi vəziyyət və dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənlikdir. Ənənəvi olaraq müharibələr, siyasi qarşıdurmalar və iqtisadi böhranlar zamanı investorlar qızılı “təhlükəsiz liman” hesab edərək vəsaitlərini bu aktivə yönəldirdilər. Nəticədə qızıla tələbat artır, bu da onun qiymətinin yüksəlməsinə səbəb olurdu. Lakin hazırkı vəziyyətdə fərqli tendensiya müşahidə olunur. Geosiyasi gərginliklərlə yanaşı, ölkələr arasında tətbiq edilən sanksiyalar və iqtisadi müharibələr də qlobal maliyyə bazarlarına təsir göstərir. Belə bir şəraitdə bəzi investorların qızıldan daha likvid aktivlərə, xüsusilə də nağd pula keçid etməsi qiymətli metala olan tələbatı zəiflədə və qiymətlərdə dalğalanmanı artıra bilər. Bu səbəbdən qızılın qiymətində qısa müddət ərzində həm ciddi artım, həm də ciddi enişlər müşahidə edilə bilər. Yəni qızılı yalnız “qiyməti həmişə artan aktiv” kimi qiymətləndirmək düzgün deyil. Qızıl da digər investisiya alətləri kimi bazardakı tələb-təklifdən, investor davranışından və qlobal iqtisadi proseslərdən asılı olaraq dəyər itirə bilər", - deyə iqtisadçı qeyd edib.
İqtisadçı əlavə edib ki, xüsusilə kiçik məbləğlərlə qızıl almaq istəyən şəxslər üçün əlavə risk alış və geri alış qiymətləri arasındakı fərqlə bağlıdır.
"Məsələn, şəxs 1000 manatlıq qızıl alıb onu müəyyən müddət saxladıqdan sonra satmaq istədikdə, qızılın bazar qiyməti dəyişməsə belə, onu aldığı qiymətə sata bilməyə bilər. Çünki zərgərlik məmulatlarında və digər fiziki qızıl məhsullarında alış və geri alış qiymətləri arasında fərq olur. Bu baxımdan qızılı investisiya vasitəsi kimi nəzərdən keçirən şəxslər yalnız qızılın dünya bazarındakı qiymətinə deyil, həm də fiziki qızılın hansı formada alınmasına, alış-satış marjasına və investisiya müddətinə diqqət etməlidirlər. Qısamüddətli dövrdə qiymətlərin kəskin dəyişməsi ehtimalı yüksək olduğundan, xüsusilə kiçik investorlar qızıl alarkən yalnız “qiymət artacaq” gözləntisi ilə hərəkət etməməlidirlər. Qızıl daha çox uzunmüddətli qorunma və diversifikasiya aləti kimi qiymətləndirilə bilər", - deyə Natiq Cəfərli fikrini tamamlayıb.


