Yeni tədris ilinin başlaması ilə Bakıda nəqliyyat yükünün artacağı gözlənilir. Sentyabrın 15-dən etibarən şagird və tələbələrin məktəb və universitetlərə gediş-gəlişi, eləcə də valideynlərin avtomobillərdən istifadəsi səhər və axşam saatlarında paytaxt yollarında hərəkətin intensivliyini daha da artıra bilər. Əvvəlki illərdə də yeni tədris ilinin başlanması ilə nəqliyyat sıxlığının artacağı ilə bağlı xəbərdarlıqlar edilib.
Bəs Bakıdakı mövcud yol infrastrukturu və ictimai nəqliyyat artan sərnişin və avtomobil yükünə nə dərəcədə hazırdır? Sentyabrın 15-dən sonra tıxacların qarşısını almaq və əvvəlki illərdə yaşanan problemlərin təkrarlanmaması üçün hansı tədbirlər görülməlidir? Paytaxtın nəqliyyat sistemində qısamüddətli tədbirlərlə yanaşı, hansı sistemli həllərə ehtiyac var?
Nəqliyyat eksperti Yasin Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, bu vəziyyət getdikcə ağırlaşacaq.

Onun sözlərinə görə, hazırda metropolitendə aparılan işlər, xüsusilə "28 May"–"Gənclik" istiqamətində hərəkətin məhdudlaşdırılması artıq öz təsirini göstərməyə başlayıb.
"Sentyabrın 15-də məktəblər açıldıqdan sonra isə vəziyyətin daha da mürəkkəbləşəcəyi gözlənilir. Çünki həmin tarixdən etibarən şəhərdə sərnişin axını əhəmiyyətli dərəcədə artacaq. Düzdür, bu, müvəqqəti xarakter daşıyan çətinlikdir və təxminən 10–11 ay davam edəcək. Lakin həmin müddət ərzində şəhər nəqliyyatında kifayət qədər ciddi problemlərlə üzləşə bilərik. Burada məsələ yalnız metronun "28 May"–"Gənclik" hissəsinin bağlanması ilə məhdudlaşmır. Bu proses bütövlükdə şəhərin nəqliyyat sisteminə təsir göstərəcək. Həzi Aslanov istiqamətindən Dərnəgülə doğru hərəkət edən sərnişinlərin bir hissəsi artıq əvvəlki marşrutundan istifadə edə bilməyəcək və alternativ nəqliyyat vasitələrinə yönəlməli olacaq. İnsanların hamısının "28 May" stansiyasına gəlib oradan çıxaraq Gənclik və Nizami istiqamətinə keçməsi də mümkün deyil. Sərnişinlərin bir qismi daha əvvəlki stansiyalarda marşrutunu dəyişəcək, bir qismi avtobuslardan, bir qismi taksidən, digərləri isə fərdi avtomobillərdən istifadə etməyə başlayacaq. Bu isə digər nəqliyyat istiqamətlərində əlavə yüklənmə yaradacaq. Yəni metrodakı yükün müəyyən hissəsi avtomatik olaraq yerüstü nəqliyyatın üzərinə keçəcək. Bunun nəticəsini həm taksi xidmətlərində, həm fərdi nəqliyyat vasitələrinin sayında, həm də avtobuslarda görə bilərik. Nəticədə yollarda sıxlığın artması, avtobusların hərəkət intervalının uzanması və sərnişinlərin təyinat yerinə daha gec çatması kimi problemlərlə qarşılaşmaq mümkündür", - deyə ekspert bildirib.
Yasin Mustafa əlavə edib ki, baxmayaraq ki, bu vəziyyətlə əlaqədar əlavə avtobuslar, o cümlədən ekspress tipli avtobuslar ayrılıb, onların da mövcud sərnişin yükünü tam şəkildə kompensasiya etmək imkanları məhduddur.
"Çünki bir metro qatarının daşıdığı sərnişin sayını avtobuslarla əvəz etmək üçün çoxlu sayda avtobus tələb olunur. Bir qatarın daşıdığı sərnişin yükünü təxminən 15–20 avtobusla kompensasiya etmək lazım gələ bilər. Üstəlik, metro qatarlarının hər 2–3 dəqiqədən bir hərəkət etdiyini nəzərə alsaq, belə bir sərnişin axınını avtobuslarla tam şəkildə əvəz etmək praktik baxımdan olduqca çətindir. Burada təkcə avtobusların sayının artırılması da problemin tam həlli deyil. Çünki həmin avtobusların hərəkət edəcəyi yol infrastrukturu da mövcud vəziyyətə uyğunlaşdırılmalıdır. Əgər yollarda onsuz da sıxlıq varsa, əlavə avtobusların cəlb olunması müəyyən hallarda onların da həmin tıxacın içində qalmasına gətirib çıxara bilər. Yəni söhbət yalnız nəqliyyat vasitələrinin sayından deyil, bütövlükdə nəqliyyat infrastrukturunun daşıma qabiliyyətindən gedir. Ona görə də düşünürəm ki, növbəti təxminən bir il ərzində şəhər sakinlərini kifayət qədər ciddi nəqliyyat çətinlikləri gözləyə bilər. Bu dövr ərzində insanların gündəlik həyatında nəqliyyat məsələsi daha böyük əhəmiyyət kəsb edəcək. Bu vəziyyətdə çıxış yollarından biri insanların öz gündəlik həyatlarında nəqliyyat amilini daha ciddi nəzərə almalarıdır. Məsələn, valideynlər uşaqları üçün məktəb seçərkən məktəbin evdən nə qədər uzaqda olduğunu və ora hansı nəqliyyat vasitəsi ilə getməyin mümkün olduğunu nəzərə almalıdırlar. Tələbələr kirayə mənzil seçərkən universitetə və ya təhsil aldıqları əraziyə yaxın yerlərə üstünlük verməlidirlər. İnsanlar iş yeri seçərkən də həmin əraziyə ictimai nəqliyyatla rahat çatma imkanlarını nəzərə almalıdırlar. Eyni məsələ ev alarkən də keçərlidir. Əvvəllər insanlar ev seçərkən əsasən qiymətə, mənzilə və ərazinin ümumi vəziyyətinə diqqət yetirirdilərsə, bundan sonra nəqliyyat əlçatanlığı da əsas meyarlardan birinə çevrilməlidir. Evdən işə, məktəbə və ya universitetə nə qədər vaxt sərf edəcəyimiz gündəlik həyatımızın keyfiyyətinə birbaşa təsir edir. Ümumiyyətlə, biz böyük şəhərdə, meqapolis şəraitində yaşayırıqsa, nəqliyyat məsələsini fərdi həyatımızın planlaşdırılmasında da nəzərə almağa məcburuq. Şəhərin bir nöqtəsindən digərinə hərəkət imkanları məhdudlaşdıqca yaşayış, iş və təhsil yerlərinin bir-birindən uzaq olması insanların vaxt itkisini daha da artıracaq. Ona görə də qarşıdakı dövrdə hər birimiz gündəlik hərəkət marşrutlarımızı əvvəlcədən planlaşdırmalı, alternativ nəqliyyat vasitələrini bilməli və mümkün qədər vaxt itkisini azaltmağa çalışmalıyıq. Bu, yalnız indiki müvəqqəti məhdudiyyətlər dövrü üçün deyil, ümumilikdə böyük şəhərdə həyatın planlaşdırılması baxımından nəzərə alınmalı vacib amildir", - deyə o, fikrini tamamlayıb.


