Cəmiyyət Özəl

Uzun yay tətilindən sonra uşaqları məktəb rejiminə necə hazırlamaq lazımdır? — Psixoloq açıqladı

Uzun yay tətilindən sonra uşaqları məktəb rejiminə necə hazırlamaq lazımdır? — Psixoloq açıqladı

Yay tətilinin başa çatması ilə şagirdlərin məktəb rejiminə qayıtmasına sayılı günlər qalır. Tətil müddətində dəyişən yuxu və gündəlik rejimin qısa müddətdə əvvəlki qaydaya salınması uşaqlar üçün müəyyən çətinliklər yarada bilər. Bu baxımdan valideynlərin məktəb başlamazdan əvvəl uşaqları yeni rejimə hazırlaması vacibdir.

Bəs yay tətilindən sonra uşaqların məktəb rejiminə keçidini asanlaşdırmaq üçün valideynlər hansı addımları atmalıdır? Uşaqların yuxu rejiminin tənzimlənməsi, qidalanması və dərsə psixoloji hazırlığı zamanı nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında psixoloq Aynur Əliyeva bildirib ki, yay tətilindən sonra uşaqların məktəb rejiminə keçidi valideynlər üçün də müəyyən məsuliyyət yaradır.

Uzun yay tətilindən sonra uşaqları məktəb rejiminə necə hazırlamaq lazımdır? — Psixoloq açıqladı

Onun sözlərinə görə, tətil müddətində dəyişən yuxu və gündəlik rejimin məktəb başlaması ilə birdən-birə əvvəlki qaydaya salınması uşağın uyğunlaşmasını çətinləşdirə bilər.

"Bu səbəbdən keçidin tədricən və sakit şəkildə həyata keçirilməsi tövsiyə olunur. İlk növbədə uşağın yuxu rejimi tədricən dəyişdirilməlidir. Tətil zamanı gec yatıb gec oyanan uşaqların yatma və oyanma saatlarını hər gün bir qədər erkənləşdirmək daha məqsədəuyğundur. Yatmazdan əvvəl telefon, planşet və digər elektron cihazlardan istifadənin məhdudlaşdırılması da yuxu keyfiyyətinə müsbət təsir göstərə bilər. Bununla yanaşı, məktəb başlamazdan əvvəl gündəlik rejimin formalaşdırılması vacibdir. Oyanmaq, səhər yeməyi, oyun, oxu, istirahət və yatmaq üçün təxmini saatların müəyyənləşdirilməsi uşağın yeni rejimə daha asan uyğunlaşmasına kömək edə bilər. Uşağın gün ərzində nələrin baş verəcəyini əvvəlcədən bilməsi onun özünü daha rahat və təhlükəsiz hiss etməsinə şərait yaradır. Məktəbə hazırlıq zamanı uşağı dərslərlə də həddindən artıq yükləmək məsləhət görülmür. Yay ərzində keçilən bütün mövzuları qısa müddətdə təkrar etdirmək və uzun saatlarla dərs oxutdurmaq əvəzinə, gündə 20-30 dəqiqəlik oxu, yazı və ya məntiqi fəaliyyətlərə üstünlük vermək olar. Burada əsas məqsəd uşağı yavaş-yavaş öyrənmə rejiminə qaytarmaqdır. Valideynlərin məktəblə bağlı istifadə etdiyi ifadələr də uşağın psixoloji hazırlığında mühüm rol oynayır. “Yenə dərslər başladı, oyun bitdi” kimi ifadələr uşağın məktəbə münasibətini mənfi istiqamətdə formalaşdıra bilər. Bunun əvəzinə uşağa dostlarını görəcəyi, yeni biliklər əldə edəcəyi və maraqlı fəaliyyətlərdə iştirak edəcəyi xatırladıla bilər. Uşağın məktəblə bağlı qorxusu varsa, valideyn həmin narahatlığı dinləməli və problemin həlli yollarını onunla birlikdə müzakirə etməlidir", - deyə psixoloq bildirib.

Əliyeva daha sonra vurğulayıb ki, uşağın məktəblə bağlı qorxusu varsa, valideyn həmin narahatlığı dinləməli və problemin həlli yollarını onunla birlikdə müzakirə etməlidir.

"Uşağın hazırlıq prosesinə cəlb edilməsi də keçidi asanlaşdıra bilər. Məktəb çantasının yığılması, dəftər-qələm seçilməsi və məktəb formasının hazırlanması kimi işlərdə uşağa müəyyən seçim imkanının verilməsi onun məktəbə qayıdışını daha müsbət qəbul etməsinə kömək edə bilər. Digər tərəfdən, səhər saatlarında yaranacaq tələskənliyin qarşısını almaq üçün bir sıra hazırlıqların axşamdan görülməsi mümkündür. Məktəb forması, çanta və məktəb ləvazimatlarının əvvəlcədən hazırlanması, imkan daxilində səhər yeməyi üçün bəzi işlərin axşamdan görülməsi səhər gərginliyini azalda bilər. Məktəbin ilk həftələrində isə uşağın emosional vəziyyətinə xüsusi diqqət yetirilməlidir. Uşaq məktəbə getmək istəmir, tez-tez ağlayır, əsəbiləşir, baş və ya qarın ağrısından şikayət edir, yaxud özünə qapanırsa, bu hallar yalnız “tənbəllik” kimi qiymətləndirilməməlidir. Belə vəziyyətlərdə məktəb qorxusu, sosial çətinliklər, müəllimlə bağlı narahatlıq və ya bullinq kimi mümkün səbəblər araşdırılmalıdır. Bu prosesdə valideynin əsas mesajı “Məktəb başlayır, artıq istədiyin kimi yaşaya bilməzsən” deyil, “Yeni rejimə birlikdə uyğunlaşacağıq” olmalıdır. Uşağa dəstək göstərilməsi və keçidin mərhələli şəkildə həyata keçirilməsi onun məktəb rejiminə daha rahat uyğunlaşmasına imkan verə bilər", - deyə psixoloq fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az