İqtisadiyyat Özəl

Problemli kreditlər artır: bunun bank sektoru üçün hansı təhlükələri var?

Problemli kreditlər artır: bunun bank sektoru üçün hansı təhlükələri var?

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcminin son bir ildə əhəmiyyətli dərəcədə artması bank sektorunda kredit riskləri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Son məlumatlara görə, avqustun 1-nə ölkədə problemli kreditlərin həcmi 723 milyon manata çatıb və bu göstərici illik müqayisədə 36,6 faiz artıb. Bununla belə, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 2,1 faiz təşkil edir. Bəs bu tendensiya davam edərsə, kredit böhranı və ya bank sektorunda daha ciddi problemlər yarana bilərmi, yoxsa mövcud vəziyyət hələ də idarəolunan səviyyədədir? Problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, problemli kreditlərin aylıq dinamikasında müşahidə edilən artımlar artıq xroniki xarakter alıb və bu, təbii olaraq, ciddi narahatlıq doğurur.

Onun sözlərinə görə, problemli kreditlərin həcminin ardıcıl olaraq artması həm bank sektoru, həm də ümumilikdə maliyyə sistemi baxımından diqqətdə saxlanılmalı məsələlərdəndir.

"Çünki problemli kreditlərin artması ilk növbədə borcalanların kredit öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməkdə çətinlik çəkdiyini göstərir. Bununla belə, indiki şərtlər daxilində hələlik bu göstərici bank sektoru üçün ciddi xəbərdarlıq siqnalı hesab ediləcək səviyyədə deyil. Yəni prudensial meyarlarla müəyyən edilən 3 faizlik həddi keçməyib. Bu baxımdan hazırkı vəziyyəti bank sektorunda böhran yaradacaq və ya sistemin dayanıqlığını ciddi şəkildə təhdid edəcək səviyyədə qiymətləndirmək düzgün olmazdı. Amma buna baxmayaraq, qeyd etdiyimiz kimi, bu toksik aktivlərin həcminin artımının xroniki xarakter alması və ardıcıl şəkildə davam etməsi artıq müvafiq tərəflərin bu istiqamətdə müəyyən addımlar atmasını zəruri edir. Burada əsas məsələ yalnız mövcud vəziyyəti qiymətləndirmək deyil, eyni zamanda problemin daha da dərinləşməsinin qarşısını əvvəlcədən almaqdır. Çünki problemli kreditlərin artım tempi uzun müddət davam edərsə, sonrakı mərhələdə bunun bankların kredit portfelinə və maliyyə dayanıqlığına təsirləri daha ciddi ola bilər. Deməzdim ki, bugünkü şəraitdə mövcud göstəricilər bank sektorunu böhrana aparacaq səviyyədədir. Amma bu proses davam edərsə, növbəti bir il-bir il yarım ərzində təhlükəli 3 faizlik həddin aşılması müşahidə edilə bilər. Ona görə də indidən qabaqlayıcı tədbirlərin görülməsi daha məqsədəuyğundur. Problemli kreditlərin kritik həddə çatmasını gözləməkdənsə, onların artım dinamikasının indidən nəzarətdə saxlanılması lazımdır", - deyə ekspert bildirib.

İqtisadçı əlavə edib ki, buna görə də bank sektoru bu istiqamətdə mümkün qədər fəal çalışmalı, həm tənzimləyici qurumlar, həm də maliyyə sektorunun özü mövcud riskləri azaltmağa və idarə etməyə çalışmalıdır.

"Bunun üçün ilk növbədə kredit siyasətinin təkmilləşdirilməsinə ehtiyac var. Banklar kreditlərin verilməsi zamanı yalnız müştərinin hazırkı gəlirlərini deyil, onun gələcəkdə borc öhdəliyini yerinə yetirmək imkanlarını da daha diqqətlə qiymətləndirməlidirlər. Eyni zamanda, məsuliyyətsiz kreditləşmənin və yüksək faizli kreditlərin qarşısının alınması ilə bağlı prudensial çərçivənin daha da sərtləşdirilməsinə ehtiyac olduğunu düşünürəm. Xüsusilə yüksək faizlə verilən kreditlərin və borcalanın gəlirlərinə nisbətdə həddindən artıq kredit yükünün formalaşmasının qarşısının alınması vacibdir. Çünki vətəndaşın ödəmə qabiliyyətini nəzərə almadan kreditləşmənin genişləndirilməsi son nəticədə həm borcalan, həm də bank üçün əlavə risk yaradır. Eyni zamanda, kreditlərin verilməsi zamanı da banklar daha diqqətli mövqe ortaya qoymalıdır. Müştərinin əvvəlki kredit tarixçəsi, ödəniş intizamı və mövcud borc yükü kredit qərarlarında daha ciddi nəzərə alınmalıdır. Bu yanaşma həm bankların risklərini azaltmağa, həm də vətəndaşların həddindən artıq borclanmasının qarşısını almağa imkan verə bilər. Paralel olaraq, kredit kartları vasitəsilə həyata keçirilən istehlak kreditləşməsi prosesinə nəzarətin daha da sərtləşdirilməsi istiqamətində də tədbirlərin görülməsinə zərurət yarana bilər. Kredit kartlarının və digər istehlak kreditlərinin əlçatanlığının artması əhalinin müəyyən hissəsində əlavə borclanmanı stimullaşdıra bilər. Bu baxımdan kredit limitlərinin müəyyənləşdirilməsi zamanı şəxsin real gəlirlərinin və mövcud öhdəliklərinin daha ciddi qiymətləndirilməsi məqsədəuyğundur. Təbii ki, bunlar təklif xarakterli tədbirlərdir. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, yaranmış vəziyyət mövcud iqtisadi şəraitin nəticəsi kimi də ortaya çıxır. Yəni problemli kreditlərin artımını yalnız bankların kredit siyasəti ilə izah etmək düzgün olmazdı. Burada əhalinin gəlirləri, inflyasiya, gündəlik xərclərin artması, alıcılıq qabiliyyətinin zəifləməsi və ümumi iqtisadi aktivlik kimi amillərin də təsiri var. Ona görə də digər tərəfdən iqtisadi siyasət bloku inkişaf dinamikasının sürətləndirilməsi, əhalinin gəlirlərinin artım tempinin yüksəldilməsi, alıcılıq qabiliyyətini zəiflədən amillərin azaldılması, o cümlədən inflyasiya ilə mübarizə tədbirlərinin effektivliyinin artırılması istiqamətində də addımlar atmalıdır. Çünki əhalinin real gəlirləri artmadığı, xərclər və qiymətlər yüksəlməyə davam etdiyi halda insanların kredit öhdəliklərini yerinə yetirmək imkanları da müəyyən qədər zəifləyə bilər. Bu isə nəticə etibarilə problemli kreditlərin artmasına səbəb olan amillərdən birinə çevrilə bilər. Ona görə də məsələyə yalnız bank sektoru çərçivəsində yanaşmaq doğru deyil. Bankların risklərin idarə olunması istiqamətində gördüyü tədbirlərlə yanaşı, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin artırılması da paralel şəkildə təmin olunmalıdır. Bu da özlüyündə müştərilərin kreditləri qaytarmaq qabiliyyətinin gücləndirilməsi istiqamətində daha əlverişli iqtisadi mühit formalaşdıra bilər. Yəni əsas məqsəd yalnız problemli kreditlərin mövcud həcmini azaltmaq deyil, həm də gələcəkdə bu kreditlərin artmasına səbəb ola biləcək iqtisadi və maliyyə amillərini vaxtında müəyyənləşdirərək onların qarşısını almaq olmalıdır", - deyə Rəşad Həsənov fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az