Cəmiyyət Özəl

Yeni tətbiq ediləcək ödənişlər ölkənin su təsərrüfatına necə təsir edəcək? — Ekoloqdan açıqlama

Yeni tətbiq ediləcək ödənişlər ölkənin su təsərrüfatına necə təsir edəcək? — Ekoloqdan açıqlama

Sabahdan su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq. Sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.

Demokrat.az-a bu barədə açıqlama verən ekoloq Qorxmaz İbrahimli söyləyib ki, bu qərarın məqsədinin Azərbaycanda su ehtiyatlarının qorunması, təbiətin, ətraf mühitin, o cümlədən su mənbələrinin çirklənməsinin qarşısının alınması olduğuna mən də inanıram:

Yeni tətbiq ediləcək ödənişlər ölkənin su təsərrüfatına necə təsir edəcək? — Ekoloqdan açıqlama

"Bunun müəyyən təsiri olacaq. O biri tərəfdən isə bunun bizim qənaətcilliyimizə və ətraf mühiti qorumağımıza, çirkab sularının hansısa formada su mənbələrimizə axıdılmasının qarşısının alınmasına təsiri olacaqmı deyə bir qədər şübhəli yanaşıram. Əsas məsələ bizim beynimizdə dəyişiklik olmalıdır, yanaşmamız dəyişməlidir. Misal üçün, evimizin içinə çirkli su atmırıq, amma küçəyə atırıq, necə deyərlər, su mənbələrinə, çaylarımıza axıdırıq. Yəni biz ümumiyə, el malına, dövlət malına öz malımız kimi nə qədər baxmayacağıqsa, bu belə də davam edəcək".

Ekoloq əlavə edib ki, bunun düzəlməsi üçün birinci növbədə maarifləndirmə lazımdır:

"Zehnimizdə dəyişiklik olmalıdır, mədəniyyətimizdə dəyişiklik olmalıdır. Bunların hamısı mədəniyyət problemidir. Ona görə də Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi mütləq bununla bağlı addımlar atmalıdır. Atacaqlarmı, atmayacaqlarmı, bu, bir qədər mənə görə şübhəlidir. Amma hökumət, istərsə də Milli Məclis, belə məsələləri ciddi şəkildə müzakirə edib qərarlar qəbul etməlidir. Yəni müəyyən məcburi tədbirlər tətbiq olunmalıdır. İnsanlar məktəblərdə, uşaq bağçalarında bunları öyrənməyəcəklərsə, çox çətin olacaq. Bunun üçün də maarifləndirmə məsələsinə üstünlük verilməlidir. Ümid edirəm ki, o zaman çirklənmənin qarşısı alınar".

Fidan Hacızadə

D
demokrat.az