"Məlum olduğu kimi, 31 avqust – 1 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü keçiriləcək. Nəzərə alsaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı müasir beynəlxalq münasibətlər sistemində mövqeyi güclənən təşkilatlardan biridir və bu təşkilatda təmsil olunan dövlətlər təbii resursları, iqtisadi potensialı, insan resursları, hərbi gücü və digər parametrlər üzrə güclü mövqelərə malikdirlər. Eyni zamanda, bu təşkilatın sammitlərində dünyanı narahat edən çox mühüm qlobal məsələlər müzakirə olunur. Qırğızıstan tərəfinin yaydığı məlumata görə, bu tədbirə 17 dövlət lideri qatılacaq".
Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti də səfəri çərçivəsində bu sammitdə iştirak edir:
"İştirakı çərçivəsində cənab Prezidentin Ermənistanın Baş naziri Nikol Paşinyanla, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirəcəyi ilə bağlı məlumatlar yayılıb. Heç şübhəsiz ki, hər iki görüşdə regional məsələlər xüsusi diqqət mərkəzində saxlanılacaq. Xüsusilə Azərbaycan və Ermənistanın siyasi liderlərinin görüşü zamanı sülh müqaviləsinin imzalanması ətrafındakı vəziyyət müzakirə ediləcək. Sülh müqaviləsinin imzalanması üçün əsas məsələlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Paşinyan xüsusilə son çıxışlarında bəyan edib ki, həmin müddəa mütləq aradan qaldırılmalıdır. Eyni zamanda, iqtisadi əməkdaşlıq məsələləri, tranzit layihələrinin reallaşdırılması ətrafında da fikir mübadiləsinin aparılması istisna deyil. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində oynadığı rol nəzərə alınarsa, nəqliyyat və logistika məsələlərinin də regional əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığı aydındır. Rusiya Prezidenti ilə təmasda isə ikitərəfli münasibətlərimizdəki mövcud vəziyyət və problemlərin aradan qaldırılması məsələləri müzakirə oluna bilər. Xüsusilə son zamanlar Rusiya mediasında Azərbaycan əleyhinə reallıqdan uzaq məlumatların və dezinformasiya xarakterli informasiyaların geniş yayılması müşahidə olunur. Bu isə ikitərəfli münasibətlərin xarakterinə uyğun gəlməyən yanaşmadır. Yəqin ki, bu məsələlər və mövcud anlaşılmazlıqların aradan qaldırılması ətrafında da fikir mübadiləsi aparılacaq. Miqrasiya məsələsinin də müzakirə ediləcəyi istisna deyil. Bütövlükdə, regional təhlükəsizlik məsələlərinin diqqətdə saxlanılacağı ilə bağlı indidən proqnoz vermək mümkündür. Çünki Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığı bir dövrdə regionda təhlükəsizliyin və sabitliyin təmin olunması məsələsi daha da aktuallaşıb. Azərbaycan üçün əsas prioritetlərdən biri isə əldə olunmuş siyasi və diplomatik imkanlardan istifadə etməklə regional əməkdaşlığın genişləndirilməsi və yeni iqtisadi imkanların yaradılmasıdır. Azərbaycanın bu təşkilata üzv olması isə, yəqin ki, perspektivdə nəzərdən keçirilə bilər. Azərbaycan yalnız o təşkilatlara üzv olur ki, həmin təşkilatlarla əməkdaşlıq ölkənin milli maraqlarına xidmət edir və Azərbaycan üçün həm iqtisadi, həm də siyasi dividendlər gətirir. Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın təmsilçiliyini qiymətləndirdikdə isə belə qənaətə gəlmək olar ki, gələcəkdə ölkəmizin təşkilata inteqrasiyası keyfiyyətcə yeni mərhələyə daxil ola bilər. Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşdirilməsi ilk növbədə iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik istiqamətlərində yeni imkanlar yarada bilər".
Deputat əlavə edib ki, xüsusilə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin son illərdə sürətlə inkişaf etməsi bu baxımdan mühüm amildir:
"Azərbaycan həm coğrafi mövqeyinə, həm nəqliyyat imkanlarına, həm də enerji və logistika potensialına görə ŞƏT ölkələri üçün maraqlı tərəfdaşdır. Azərbaycanın bu platformada daha fəal iştirak etməsi ölkənin Mərkəzi Asiya və Asiya dövlətləri ilə iqtisadi əlaqələrinin genişlənməsinə, yeni ticarət və investisiya imkanlarının yaranmasına şərait yarada bilər. Digər tərəfdən, Azərbaycanın ŞƏT-ə mümkün inteqrasiyası ölkənin xarici siyasətinin çoxvektorlu xarakterinə də uyğun ola bilər. Azərbaycan müxtəlif beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir və bu əməkdaşlıq formatlarının hər birində əsas meyar ölkənin milli maraqlarıdır. Ona görə də ŞƏT-də iştirak Azərbaycanın digər beynəlxalq tərəfdaşları ilə münasibətlərinə alternativ kimi deyil, əlavə əməkdaşlıq platforması kimi qiymətləndirilə bilər. Eyni zamanda, burada tələsmək də doğru olmaz. Azərbaycanın hər hansı beynəlxalq təşkilata üzvlüyü yalnız üzvlük naminə həyata keçirilə bilməz. Əsas məsələ həmin təşkilatda iştirakın ölkəyə real siyasi və iqtisadi dividendlər gətirməsidir. ŞƏT məsələsində də Azərbaycan öz maraqlarını, regional və qlobal proseslərdəki mövqeyini nəzərə alaraq qərar verəcək. Hesab edirəm ki, Azərbaycanın ŞƏT-lə əməkdaşlığının hazırkı səviyyəsi gələcəkdə daha da inkişaf etdirilə bilər. Bunun hansı formatda və hansı mərhələdə həyata keçiriləcəyi isə qarşıdakı dövrdə həm regional, həm də beynəlxalq proseslərin inkişafından asılı olacaq. Ümumilikdə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin dərinləşdirilməsi ölkənin regional və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından yeni imkanlar yarada bilər. Azərbaycan üçün əsas məsələ isə bu imkanlardan milli maraqlara uyğun şəkildə istifadə etmək və təşkilat çərçivəsində iqtisadi, siyasi və nəqliyyat potensialını daha səmərəli şəkildə reallaşdırmaqdır", - deyə Elman Nəsirov fikrini tamamlayıb.


