Cəmiyyət Özəl

Kirayə evdə əşyanı sındıran qonaqdan pul tələb etmək olar? — Açıqlama

Kirayə evdə əşyanı sındıran qonaqdan pul tələb etmək olar? — Açıqlama

İstirahət məqsədilə kirayə verilən evlərdə qonaqların əmlaka zərər vurması ev sahibləri üçün ciddi problem yarada bilər. Bəzi hallarda evdəki mebel, məişət texnikası və digər əşyalar yararsız vəziyyətə salınır və nəticədə ev sahibi əlavə xərc çəkməli olur.

İstirahət üçün kirayə götürülən evdə qalan şəxslər hər hansı əşyaya zərər vurarsa, ev sahibinin hansı hüquqları var və dəymiş zərərin ödənilməsini necə tələb edə bilər?

Vəkil Vüsalə Muradxanlı Demokrat.az-a açıqlamasında söyləyib ki, istirahət məqsədilə kirayə verilən evlərdə qonaqlar tərəfindən əmlaka zərər vurulması hallarında ev sahibinin dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var:

Kirayə evdə əşyanı sındıran qonaqdan pul tələb etmək olar? — Açıqlama

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ümumi prinsiplərinə əsasən, başqa şəxsin əmlakına zərər vuran şəxs həmin zərərin əvəzini ödəməlidir. Burada söhbət yalnız əşyanın tamamilə yararsız hala düşməsindən getmir. Mebelə, məişət texnikasına, qapı-pəncərəyə, santexnika avadanlığına və digər əşyalara vurulan zərər, onların təmiri və ya yenisi ilə əvəz olunması üçün çəkilən əsaslandırılmış xərclər də real zərər hesab edilə bilər. Lakin praktikada əsas məsələ zərərin mövcudluğunu və məhz həmin kirayəçi və ya qonaqlar tərəfindən vurulduğunu sübut etməkdir. Bu səbəbdən ev sahiblərinə tövsiyə edərdim ki, evi qısamüddətli kirayəyə verərkən münasibətləri mümkün qədər yazılı şəkildə rəsmiləşdirsinlər. Müqavilədə evdə olan əşyaların siyahısı, onların vəziyyəti, kirayə müddəti, zərərə görə məsuliyyət və zərərin ödənilməsi qaydası ayrıca göstərilə bilər. Evin təhvil verilməsindən əvvəl foto və video çəkilişin aparılması, bahalı əşyaların siyahısının tərtib edilməsi də sonradan mübahisə yaranarsa mühüm sübut rolunu oynaya bilər. Əgər qonaq əmlaka zərər vurubsa, ilk növbədə həmin zərər foto və video vasitəsilə qeydə alınmalı, mümkün olduqda şahidlər cəlb edilməli və zərərin məbləği müəyyənləşdirilməlidir. Məsələn, əşyanın təmirinə dair servis rəyi, hesab-faktura, qəbz və ya müstəqil qiymətləndirmə sənədi əldə edilə bilər. Bundan sonra ev sahibi zərər vuran şəxsə yazılı tələb göndərərək dəymiş zərərin könüllü şəkildə ödənilməsini tələb edə bilər”.

Vəkil tərəflərin razılığa gələ bilmədiyi halda ev sahibi məhkəməyə müraciət edərək zərərin əvəzinin tutulmasını tələb etmək hüququna malik olduğunu bildirib:

“Burada bir mühüm nüansı da qeyd etmək lazımdır. Ev sahibi istənilən məbləği tələb edə bilməz. Tələb olunan məbləğ faktiki zərərə uyğun olmalı və sənədlərlə əsaslandırılmalıdır. Məsələn, əvvəlcədən köhnə və istifadə olunmuş televizor sıradan çıxıbsa, onun əvəzinə əsassız olaraq ən bahalı yeni televizorun qiymətini tələb etmək hüquqi baxımdan mübahisəli ola bilər. Məhkəmə zərərin real məbləğini və səbəb-nəticə əlaqəsini qiymətləndirəcək.

Əgər əmlak qəsdən dağıdılıbsa və hadisənin xarakterindən asılı olaraq başqa hüquq pozuntusunun və ya cinayət əlamətlərinin mövcudluğu ehtimal edilirsə, ev sahibi yalnız mülki qaydada zərərin ödənilməsini tələb etməklə kifayətlənməyib, hüquq-mühafizə orqanlarına da müraciət edə bilər. Bunun hüquqi qiymətləndirilməsi isə hər bir konkret hadisənin hallarından asılıdır.

Qısamüddətli kirayələrdə depozit mexanizminin tətbiqi də praktik baxımdan məqsədəuyğundur. Lakin depozitin məbləği, hansı hallarda tutulacağı və geri qaytarılma qaydası əvvəlcədən müqavilədə aydın şəkildə göstərilməlidir. Ev sahibinin sadəcə öz mülahizəsinə əsasən depoziti saxlaması düzgün deyil; tutulma real və sübut olunmuş zərərə əsaslanmalıdır. Ümumiyyətlə, belə mübahisələrdə ən böyük problem hüququn olmaması deyil, sübutların kifayət qədər toplanmamasıdır. Ona görə də mənzil sahibləri evi təhvil verərkən və geri qəbul edərkən əmlakın vəziyyətini sənədləşdirməli, ödəniş və yazışmaları saxlamalı, mümkün qədər yazılı müqavilədən istifadə etməlidirlər. Bu, sonradan dəymiş zərərin məhkəmə qaydasında tələb olunmasını xeyli asanlaşdırır”.

Fidan Hacızadə

D
demokrat.az