Sağlamlıq Özəl

Alimlər ən populyar üç pəhrizi müqayisə etdi: Hansı yaxşıdır?

Alimlər ən populyar üç pəhrizi müqayisə etdi: Hansı yaxşıdır?

Artıq çəki və ya piylənmədən əziyyət çəkən insanların arıqlamasına kömək edə biləcək çoxsaylı pəhriz növləri mövcuddur. Bəzi pəhrizlər isə sadəcə çəki itirməklə yanaşı, sağlamlıq baxımından da mühüm üstünlüklərə malikdir.

Demokrat.az xəbər verir ki, "Cell Metabolism" jurnalında dərc olunan yeni araşdırmada alimlər piylənmənin müalicəsində adətən tövsiyə edilən üç məşhur pəhrizdən — Aralıq dənizi, ketogenik və azyağlı pəhrizlərdən — hansının ümumi metabolik sağlamlığın yaxşılaşdırılmasına daha güclü təsir göstərdiyini araşdırıblar.

Alimlər piylənmə, prediabet və qaraciyərdə artıq piy yığılması olan 42 yetkin insanın iştirakı ilə klinik tədqiqat aparıblar. İştirakçılar təsadüfi şəkildə üç pəhriz qrupundan birinə bölünüblər. Onlar ya karbohidratların çox aşağı olduğu ketogenik pəhrizə, ya Aralıq dənizi pəhrizinə, ya da əsasən bitki mənşəli məhsullardan ibarət, yağ tərkibi çox aşağı olan pəhrizə riayət ediblər.

Ketogenik pəhriz qrupunun iştirakçıları yumurtalı salat, bişmiş donuz əti və qulançarla toyuq yeyiblər. Aralıq dənizi pəhrizinə riayət edənlər badam və qaragilə ilə yulaf sıyığı, qara lobya və qarğıdalı ilə kinoa, həmçinin toyuq və pesto souslu makaron qəbul ediblər. Azyağlı bitki əsaslı pəhriz qrupunun menyusuna isə meyvə smuziləri, tərəvəzli tortillalar və qızılbalıqla taxıl qarışığı daxil olub.

İştirakçılar orta hesabla təxminən beş ay pəhrizlərə riayət ediblər və bu müddətdə ilkin çəkilərinin təxminən 10%-ni itiriblər. Bu göstəriciyə görə hər üç pəhriz effektiv olub.

Bir pəhriz daha üstün nəticə göstərib

Metabolik sağlamlığın yaxşılaşdırılması baxımından qan analizləri və digər müayinələr ketogenik pəhrizin daha effektiv olduğunu göstərib. Bu üstünlük xüsusilə qaraciyərin sağlamlığı ilə bağlı göstəricilərdə özünü göstərib.

Qaraciyərin insulinə həssaslığı bütün qruplarda yaxşılaşıb. Lakin ketogenik pəhrizə riayət edənlərdə bu yaxşılaşma digər qruplarla müqayisədə iki-üç dəfə çox olub. Həmin iştirakçılarda qaraciyərdə yağ miqdarının ən böyük azalması da qeydə alınıb — 67%. Aralıq dənizi və azyağlı pəhriz qruplarında bu göstərici 45% təşkil edib.

Ketogenik pəhrizin prediabetə təsiri daha da nəzərəçarpan olub. Ketogenik pəhriz qrupundakı iştirakçıların yarısında sonda prediabet remissiya mərhələsinə keçib. Aralıq dənizi pəhrizi qrupunda bu göstərici 29%, azyağlı pəhriz qrupunda isə cəmi 7% olub.

Tədqiqatın müəllifi Maks Petersen qeyd edib ki, ketogenik pəhriz qanda xolesterinin profilinə mənfi təsir göstərməyib. Əksinə, ürək-damar xəstəlikləri üçün risk faktorları, bir qayda olaraq, yaxşılaşıb.

Tədqiqatçılar hesab edirlər ki, ketogenik pəhriz zamanı karbohidratların çox aşağı səviyyədə — araşdırma qrupunda qəbul edilən bütün kalorilərin cəmi 4%-i qədər — olması qanda qlükoza və insulin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu isə qaraciyərdə yeni piylərin əmələ gəlməsini azalda və artıq mövcud olan piylərin parçalanmasını sürətləndirə bilər.

Bununla belə, alimlər araşdırmanın kiçikmiqyaslı olduğunu vurğulayırlar. Nümunənin az olması səbəbindən pəhriz qrupları arasındakı bəzi fərqlər müəyyən edilməmiş ola bilər. Tədqiqatçılar hesab edirlər ki, daha genişmiqyaslı gələcək araşdırmalar bu fərqləri üzə çıxara bilər.

Jalə Demokrat.az

D
demokrat.az