Kriminal Özəl

Balakəndə hotelin qarşısında qadınlar saçyolduya çıxdılar — Məhkəmə

Balakəndə hotelin qarşısında qadınlar saçyolduya çıxdılar — Məhkəmə

Balakən rayonunda küçədə qadınlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Balakən şəhəri, Səttar Gözəlov küçəsi-13 ünvanında yerləşən “Qubek” hotelin yaxınlığında baş verib.

1980-ci il təvəllüdlü Turanə həmin ünvanda qardaşının keçmiş arvadı Şölə (adlar şərtidir – red.) ilə mübahisə edib. Bu zaman o, Şölənin üz nahiyəsinə bir dəfə şillə və sağ göz nahiyəsinə bir dəfə yumruq vuraraq ona xəsarət yetirib.

Turanənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində izahat verən Turanə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərər və ziyanı tam ödədiyini deyib. Zərərçəkmiş şəxs də ifadəsində təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Balakən Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az