İqtisadiyyat Özəl

Kartla ödəniş edənlər daha çox pul xərcləyir? — İqtisadçı açıqladı

Kartla ödəniş edənlər daha çox pul xərcləyir? — İqtisadçı açıqladı

Azərbaycanda nağdsız ödənişlərin geniş yayılması insanların gündəlik alış-veriş və maliyyə davranışlarına da təsir göstərir. Kart və mobil tətbiqlər vasitəsilə ödənişlərin daha rahat və sürətli həyata keçirilməsi maliyyə əməliyyatlarını asanlaşdırsa da, bu rahatlığın insanların xərclərinə nəzarətinə necə təsir etdiyi sual doğurur.

Bəs nağdsız ödənişlərin artması insanların xərclərini daha yaxşı idarə etməsinə kömək edir, yoxsa pulun fiziki şəkildə əldə olmaması xərcləməyə nəzarəti zəiflədə bilər?

Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, nağdsız ödənişlərin dövriyyəsinin artması insanların gündəlik ödənişlərini və alış-verişlərini daha rahat, sürətli və təhlükəsiz şəkildə həyata keçirməsinə ciddi imkanlar yaradır.

Kartla ödəniş edənlər daha çox pul xərcləyir? — İqtisadçı açıqladı

Onun sözlərinə görə, xüsusilə son illərdə elektron ödənişlərin geniş yayılması insanların üzərlərində böyük məbləğdə nağd pul gəzdirməsinə ehtiyacı azaldıb:

“Bu baxımdan, nağdsız ödənişlər həm rahatlıq, həm də təhlükəsizlik baxımından müəyyən üstünlüklər təqdim edir.

İnsanlar artıq mağazalarda, restoranlarda, ictimai iaşə obyektlərində və digər xidmət sahələrində ödənişlərini bank kartları, mobil tətbiqlər və digər rəqəmsal ödəniş vasitələri ilə saniyələr ərzində həyata keçirə bilirlər. Bu isə həm vaxt itkisini minimuma endirir, həm də ödəniş prosesini daha operativ edir.

Eyni zamanda, onlayn alış-verişin inkişafı da nağdsız ödənişlərin əhəmiyyətini daha da artırır. İnsan evdən çıxmadan məhsul və ya xidmət əldə edə, ödənişini elektron şəkildə həyata keçirə bilir.

Bəzən belə bir yanaşma səsləndirilir ki, nağdsız ödənişlərin geniş yayılması insanların daha çox xərcləməsinə səbəb olur. Hesab edirəm ki, bu yanaşmanın reallığı əks etdirmə səviyyəsi kifayət qədər aşağıdır. Çünki insanın xərclərinin artıb-artmaması ilk növbədə onun öz büdcəsini necə idarə etməsindən asılıdır.

Əgər şəxs gəlir və xərclərini düzgün planlaşdırmırsa, onun əlində nağd pulun və ya rəqəmsal vəsaitin olması prinsip etibarilə əsas məsələ deyil. Büdcəni düzgün idarə etməyən şəxs həm nağd, həm də kart vasitəsilə xərclərini artıra bilər.

Əksinə, rəqəmsal ödənişlərin müəyyən üstünlüklərindən biri də xərclərə nəzarəti və onların uçotunu daha asan həyata keçirməyə imkan verməsidir. İnsan istənilən vaxt bank tətbiqinə daxil olaraq nə qədər vəsait xərclədiyini, hansı istiqamətlər üzrə ödəniş etdiyini görə bilir. Bu baxımdan, rəqəmsal ödənişlər şəxsin öz büdcəsinə nəzarət etməsi üçün kifayət qədər effektiv alət hesab oluna bilər.

Əvvəllər insanlar gündəlik xərclərini yadda saxlamaq, qeyd dəftərinə yazmaq və ya müxtəlif üsullarla hesablamaq məcburiyyətində qalırdılarsa, hazırda bu məlumatların böyük hissəsi elektron sistemlərdə avtomatik şəkildə əks olunur.

Bu da ay ərzində hansı sahələrə daha çox vəsait xərcləndiyini müəyyən etməyə, lazımsız xərcləri üzə çıxarmağa və gələcək büdcəni daha düzgün planlaşdırmağa imkan verir.

Hesab edirəm ki, burada əsas məsələ ödəniş formasından daha çox maliyyə savadlılığı və şəxsin öz xərclərinə münasibətidir. Nağdsız ödəniş vasitələri insanı avtomatik olaraq daha çox xərcləməyə məcbur etmir. Əksinə, düzgün istifadə edildikdə bu vasitələr gəlir və xərclərin daha şəffaf şəkildə izlənilməsinə, büdcənin planlaşdırılmasına və maliyyə intizamının gücləndirilməsinə kömək edə bilər.

Ona görə də nağdsız ödənişlərin genişlənməsini yalnız insanların daha çox pul xərcləməsi ilə əlaqələndirmək düzgün yanaşma deyil. Burada əsas üstünlüklər sürət, rahatlıq, təhlükəsizlik və maliyyə əməliyyatlarının daha asan izlənilə bilməsidir.

Düşünürəm ki, insanlar rəqəmsal ödəniş imkanlarından düzgün istifadə etdikdə bu sistem onların xərclərini artırmaqdan daha çox, əksinə, şəxsi büdcələrini daha səmərəli idarə etmələrinə şərait yarada bilər”, – deyə iqtisadçı fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az