Son illərdə tək yaşamağa meylin artması ailə və sosial münasibətlərdə də müəyyən dəyişikliklərin baş verdiyini göstərir. Gənclərin təhsil və karyeraya daha çox üstünlük verməsi, iqtisadi çətinliklər və şəxsi azadlıq istəyinin güclənməsi ailə qurmaq qərarına təsir edən əsas amillər sırasında göstərilir.
Bəs insanların tək yaşamağa üstünlük verməsinin əsas səbəbləri nələrdir? Ailə qurmağa marağın azalması cəmiyyətdə hansı sosial və demoqrafik dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sosial məsələlər üzrə ekspert, sosioloq Üzeyir Şəfiyev bildirib ki, bazar münasibətləri şəraitində, kapitalist cəmiyyətində təklik, tənhalıq, özgələşmə, yadlaşma, guşənişinlik cəmiyyətdə əsas həyat tərzinə çevrilir.
Onun sözlərinə görə, sosial xarakterdə də bu çalarlar üstünlük təşkil edir, xüsusilə indiki halda insanlararası kolliziyalar və münaqişələr, ailə institutunda baş verən təbəddülatlar, boşanmaların artması, münaqişəli ailələrin çoxalması və bu məsələlərin sosial şəbəkələrdə, mediada gündəmə gətirilməsi insanları diksindirir, qorxudur və çəkindirir:
“İnsanlar bu halları yaşamaq istəmirlər. Yəni bu halları yaşayanlar bir daha belə vəziyyətlə qarşılaşmaq istəmirlər.
Qədim yunan filosoflarından birindən soruşurlar ki, ailə qurmaq, evlənmək yaxşıdır, yoxsa evlənməmək? O bildirir ki, hər iki halda insanı peşmançılıq gözləyir. Yəni bu, təkcə bu günün mövzusu deyil. Bəşərin mövcud olduğu dövrdən etibarən bu məsələ həmişə müzakirə obyektinə çevrilib.
İndiki halda da münaqişəli ailələrin sayının çoxalması, boşanmaların artması və ailədaxili kolliziyalar, bu münaqişələr şəraitində böyüyən uşaqların və travmalı uşaqların reallığı insanları tək yaşamağa, tənha yaşamağa təşviq edir. Çünki insanlar qorxurlar, düşünürlər ki, onlar da belə halları yaşaya bilərlər.
Əlbəttə ki, bu, çox pis bir tendensiyadır və cəmiyyətin əsas sosial problemlərindən birinə çevrilə bilər. Ona görə də maksimum çalışmaq lazımdır ki, cəmiyyətdə ailə dəyərləri təbliğ olunsun, birgə yaşayış təşviq edilsin, sosial münasibətlər və sosiallıq gücləndirilsin.
Yaxşı ki, bəzi televiziya kanallarında ailə dəyərlərini, ailə institutunu təbliğ edən və təşviq edən sosial reklam çarxları var. Bu, davamlı olmalı və artırılmalıdır. Mediada buna xüsusi yer verilməlidir. Hansısa sosial şəbəkə fenomeninin və ya bəzi bloggerlərin ailə dəyərlərini dağıdan, təkliyi, tənhalığı, eqoist və hedonist həyat tərzini təbliğ edən çağırışlarına önəm verilməməlidir. Bunların qarşısını almaq lazımdır. Məncə, bunların qarşısı alınarsa, cəmiyyətdə ailə dəyərləri təbliğ olunarsa, bu, təkliyə olan meyli azaldacaq, insanlar daha sosial olacaq, qeyri-sosial və guşənişin bir həyat sürməyəcəklər”, – deyə sosioloq fikrini tamamlayıb.


