Texnologiya Özəl

Azərbaycanda robotların əvəz edə biləcəyi peşələr açıqlandı

Azərbaycanda robotların əvəz edə biləcəyi peşələr açıqlandı

İnsanabənzər robotların istehsalının sürətlə artması əmək bazarında da yeni suallar yaradıb. 2026-cı ildə qlobal insanabənzər robotların tədarükünün 50–85 min ədədə çata biləcəyi proqnozlaşdırılır.

Robotların xüsusilə istehsal, logistika, anbar və xidmət sahələrində insan əməyini əvəz etməsi fonunda Azərbaycanda hansı peşə və iş yerləri daha çox risk altına düşə bilər?

Texnoloq Elvin Həsənov Demokrat.az-a bildirib ki, humanoid robotların artması Azərbaycanda qısa müddətdə kütləvi işsizliyə səbəb olması gözlənilmir.

Onun sözlərinə görə, bəzi peşələrdə işin mahiyyəti ciddi şəkildə dəyişə bilər:

“Ən çox risk altında olan sahələr isə adətən eyni hərəkətlərin təkrarlandığı, prosesin əvvəlcədən müəyyən olunduğu və insan qərarının az tələb edildiyi işlərdir. Məsələn, anbarlarda məhsul daşıyan əməkdaşlar, istehsalat xəttində sadə əməliyyatları yerinə yetirən işçilər, böyük obyektlərdə bəzi nəzarət və xidmət funksiyaları zamanla robotlarla əvəz oluna bilər.

Məncə, burada məsələni robotun insanın işini əlindən alacağı kimi təqdim etmək bir qədər qorxulu səslənir, amma reallıq daha fərqlidir. Çox vaxt robot bütün peşəni yox, həmin peşənin içindəki müəyyən işi öz üzərinə götürür.

Məsələn, bir anbar işçisi gün ərzində yüzlərlə qutunu daşımaq əvəzinə gələcəkdə robotların işinə nəzarət edə, nasazlıq yarananda müdaxilə edə bilər. Yəni fiziki yük azalır, amma yeni bacarıqlara ehtiyac yaranır. Azərbaycanda logistika, istehsalat, pərakəndə satış, iri anbarlar və bəzi xidmət sahələri bu dəyişiklikləri daha tez hiss edə bilər.

Xüsusilə böyük şirkətlər üçün robotların üstünlüyü odur ki, onlar yorulmur, eyni işi uzun müddət eyni dəqiqliklə yerinə yetirə bilirlər və təhlükəli mühitlərdə işləyə bilirlər. Bu da biznes baxımından maraqlı görünür.

Ancaq insanın üstün olduğu sahələr hələ çoxdur. Müştəri ilə ünsiyyət, situasiyanı hiss etmək, empatiya, məsuliyyətli qərarvermə və s. kimi işlərdə robotların insanı tam əvəz etməsi yaxın perspektivdə real görünmür.

Düşünürəm ki, bu yanaşma əslində yeni peşələrin yaranmasına səbəb olacaq. Robot texniki mütəxəssisi, robot operatoru, avtomatlaşdırma mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi kimi sahələrə tələbat arta bilər. Yəni bəzi işlərin azalması ilə yanaşı, yeni peşələrə tələbat da yarana bilər”, - deyə texnoloq fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az