İqtisadiyyat Özəl

Restoranlara tələb azalır — Ənənəvi obyektlər risk altındadır

Restoranlara tələb azalır — Ənənəvi obyektlər risk altındadır

Son illər ölkədə kifayət qədər kofe-şopların açıldığının şahidi oluruq. Xüsusilə gənclər bu məkanlara üstünlük verir, burada həm kofe içir, həm də vaxt keçirirlər. Kofe-şopların sayının artması isə ictimai iaşə sektorunda rəqabətin dəyişməsi və digər obyektlərə, xüsusilə restoranlara təsiri ilə gündəmə gəlir.

Kofe-şopların sayının artması restoranlara və digər ictimai iaşə obyektlərinə necə təsir edir? Bu məkanların gənclər arasında populyarlaşması restoranlara olan tələbi azalda bilərmi?

Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Emin Qəribli deyib ki, hər il kofe-şopların və digər iaşə obyektlərinin sayının artdığını görürük:

Restoranlara tələb azalır — Ənənəvi obyektlər risk altındadır

“Bunun əsas səbəblərindən biri dünyada gedən trendlərin Azərbaycana da təsir etməsidir. İstər-istəməz gənclər dünyada baş verən yenilikləri izləyir və xüsusilə ölkəmizdə fəaliyyət göstərən tanınmış brendlərin nümunəsində bu istiqamətə maraq göstərirlər. Ənənəvi olaraq bizdə çayxanalar olub və insanlar orada da kifayət qədər vaxt keçiriblər. Lakin yaşayış tərzinin dəyişməsi ilə insanların iaşə obyektlərindən gözləntiləri də dəyişir. Kofe-şoplar artıq yalnız kofe içilən məkan deyil, həm də yeni bir mədəniyyətin formalaşdığı obyektlərdir. Düşünürəm ki, bu tendensiya gələcəkdə də artacaq və sahibkarlar insanların tələblərinə, eləcə də yeni trendlərə uyğun addımlar atmalıdırlar”.

İqtisadçı bildirib ki, kofe-şopların müsbət tərəflərindən biri də insanların burada oturub təhsil almaq, kitab oxumaq və işləmək imkanının olmasıdır:

“Restoran və kafelərdə bu imkan hər zaman olmur. Bu gün insanlar kofe-şoplarda həm istirahət edir, həm də işləyirlər. Dünyada artıq kofe sahəsində ixtisaslaşan böyük şirkətlər fəaliyyət göstərir və bu istiqamətin payı getdikcə artır. Bu da normal haldır. İnanıram ki, gənclərimiz də kofe mədəniyyətinin müsbət tərəflərindən yararlanaraq bu məkanlardan elm, təhsil və iş məqsədilə daha səmərəli istifadə edəcəklər. Restoranlara olan tələbin nisbətən azalması mümkündür və bu tendensiyanın gələcəkdə də davam edəcəyini düşünürəm. Amma bu, restoranların tamamilə aradan çıxacağı anlamına gəlmir. Hər bir iaşə obyektinin öz müştəri təbəqəsi var. Kofe-şoplarda daha çox gənclər üstünlük təşkil edir. Düzdür, artıq yaşlı insanların da bu məkanlara getdiyini görürük, amma əsas auditoriya yenə də gənclərdir”.

Fidan Hacızadə

D
demokrat.az