Cəmiyyət Özəl

Bu ixtisasları bitirənlərin iş tapması çətin olacaq — Açıqlama

Bu ixtisasları bitirənlərin iş tapması çətin olacaq — Açıqlama

Bu il 58 947 nəfər ali məktəblərə qəbul olub. Ali təhsil müəssisələrinə 58 947 nəfərin qəbul olunması ali təhsilə çıxış imkanlarını genişləndirsə də, əmək bazarının tələbləri ilə müəyyən uyğunsuzluqlar yaradır.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Afərim Seyidova bildirib ki, imtahan nəticələri və ümumiyyətlə ixtisas seçimində xüsusən pedaqoji, müəllimlik ixtisasları üzrə plan yerlərinin sayı azaldılıb.

Onun sözlərinə görə, qeyri-pedaqoji ixtisaslarda da, məsələn, Bakı Dövlət Universitetinin tarix fakültəsində plan yerlərinin sayı azaldılıb:

“Əslində, bu, müsbət addımdır. Çünki Bakı Dövlət Universitetini, Pedaqoji Universiteti, Slavyan Universitetini, bölgələrdəki universitetləri, həmçinin Dillər Universitetini bitirən məzunlar MİQ imtahanlarında əziyyət çəkirdilər. Onlar öz müvafiq ixtisasları üzrə əmək bazarında uyğun iş tapa bilmirdilər.

58 mindən çox şəxsin ali təhsil müəssisələrinə qəbul olunması onu göstərir ki, ölkədə ali təhsilə çıxış imkanları genişlənib. Amma bu, əmək bazarının tələbləri ilə müəyyən uyğunsuzluq da yaradır.

Belə ki, burada əsas məsələ dövlətin əmək bazarında tələb olunan bacarıqlara nə dərəcədə yiyələniləcəyini nəzərə almasıdır. Ali təhsil almaq, ali məktəbə qəbul olmaq o demək deyil ki, həmin şəxs mütləq öz sahəsi üzrə ixtisaslaşmış və müvafiq kompetensiyalara yiyələnmiş bir mütəxəssis kimi məzun olacaq.

Bunun üçün müasir əmək bazarında tələb olunan bacarıqlara yiyələnmə dərəcəsi yoxlanılacaq. Universiteti bitirdikdən sonra müxtəlif müvafiq imtahanlar veriləcək və işə qəbul zamanı şəxsin qazandığı bacarıqlar yoxlanılacaq. Bu, müəllimlik ixtisası da ola bilər, başqa ixtisas da. Yəni universiteti bitirmək hər kəsin avtomatik olaraq öz ixtisası üzrə əmək bazarına daxil olması demək deyil.

Eyni zamanda, müasir əmək bazarında rəqəmsal texnologiyalar, süni intellekt və digər yeni istiqamətlər inkişaf edir. Logistika, mühəndislik, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə mütəxəssislərə tələbat artır.

Ona görə də ali məktəblər bunları proqnozlaşdıraraq plan yerlərini artırır və ya azaldırlar. Məsələn, keçən il Çin dili ixtisası üzrə yalnız bir yer var idi. Bu il isə Naxçıvan Universitetində, Bakı Dövlət Universitetində və Xəzər Universitetində Çin dili üzrə ixtisaslar açıldı. Bu onu göstərir ki, həmin sahələr üzrə ixtisaslı kadr hazırlığını artırmaq istəyirlər. Çünki tələbat var”.

Ekspert əlavə edib ki, məqsəd bəzi ixtisaslar, məsələn, pedaqoji ixtisaslar üzrə kadr qəbulunu azaltmaq, Çin dili, informasiya təhlükəsizliyi və data analitikası kimi sahələr üzrə isə kadr hazırlığını artırmaqdır:

“Gələcəkdə həmin sahələrdə işə düzəlmə imkanlarının nisbətən daha geniş olacağı gözlənilir.

Amma əgər tələbatın nisbətən aşağı olduğu sahələr üzrə, məsələn, kitabxanaçılıq, muzey işi və fars dili filologiyası üzrə plan yerləri artırılarsa, bu, işsizlik riskinin artmasına gətirib çıxara bilər. Yəni ixtisası üzrə iş tapa bilməyən məzunların sayının artmasına səbəb ola bilər.

Məsələyə digər tərəfdən yanaşaq. Tutaq ki, bir şəxs çox da tələbat olmayan, məsələn, filologiya ixtisasını bitirib. Muzeyşünaslıq, regionşünaslıq kimi sahələr də ola bilər. Elə sahələr var ki, onlara o qədər də tələbat yoxdur. Məsələn, İran, Pakistan, Hindistan üzrə ixtisaslar.

Bunları bitirən şəxslər haqqında deyə bilmərik ki, onlar mütləq işsizlik riski ilə üzləşəcəklər. Xeyr. Onlar da müasir dövrün praktiki bacarıqlarına yiyələnə bilərlər. Məsələn, rəqəmsal savadlılıq və müasir dövrün aktual xarici dillərindən olan Çin və ispan dillərini öyrənə bilərlər.

Rəqəmsal bacarıqlara yiyələnən belə şəxslər dövlət qulluğuna imtahan verib müəyyən sahələrdə uğur qazana bilərlər.

Son olaraq fikrim budur ki, əsas hədəf ali məktəbə qəbul olunanların sayını artırmaq olmamalıdır. Əsas məqsəd əmək bazarının tələbatı olan sahələrdə keyfiyyətli kadr hazırlamaq olmalıdır. Yəni ali məktəblərdə plan yerləri əmək bazarının ehtiyaclarına uyğun olaraq artırılıb-azaldılmalıdır”, - deyə Afərim Seyidova fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az