Sosial Özəl

Faizlə borc verən şəxsləri hansı risk gözləyir? — Açıqlama

Faizlə borc verən şəxsləri hansı risk gözləyir? — Açıqlama

Fiziki şəxslər arasında borc münasibətləri geniş yayılıb. Lakin şəxsin müxtəlif insanlara mütəmadi olaraq faizlə pul verməsi bu fəaliyyətin sadəcə şəxsi borc münasibəti, yoxsa sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməsi məsələsini gündəmə gətirir.

Bəs fiziki şəxsin davamlı şəkildə faizlə borc verməsi hansı hallarda qanunsuz sahibkarlıq hesab oluna bilər və belə fəaliyyət borc verənin məhkəmə yolu ilə əsas borcu və faizləri tələb etmək hüququna necə təsir edir?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, şəxs tərəfindən hər hansı formada pul vəsaitinin borc olaraq verilməsi və bunun əvəzində faiz hesablanmaqla pulun geri tələb edilməsi, hesab edirəm ki, lisenziya tələb olunan fəaliyyətlə məşğul olmaqdır.

Faizlə borc verən şəxsləri hansı risk gözləyir? — Açıqlama

Onun sözlərinə görə, bu halda şəxsin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması da gündəmə gəlir:

“Həmçinin, əldə olunan gəlirdən vergilərin ödənilməməsi məsələsi ortaya çıxır.

Bu məsələlərlə bağlı tərəflər arasında mütləq qaydada yazışmalar olmalıdır. Hansı məbləğdə və nə qədər pulun geri qaytarılması, nə qədər faiz məbləğinin ödənilməsi tərəflərin yazışmalarında, digər sübutlarda və ya aralarında bağlanan müqavilədə mütləq qaydada təsbit olunmalıdır.

Üçüncü və ən əsas məsələ ondan ibarətdir ki, artıq bununla bağlı kifayət qədər ciddi şikayətlər var. Bu səbəbdən də Ali Məhkəmə tövsiyə xarakterli qərar qəbul etməklə birinci instansiya, yəni rayon və şəhər məhkəmələri, həmçinin apellyasiya instansiyası məhkəmələri üçün vahid məhkəmə təcrübəsinin formalaşdırılması barədə mövqe ortaya qoyub. Hesab edirəm ki, Ali Məhkəmənin bu müdaxiləsi tamamilə doğru və əsaslıdır.

Ona görə də Ali Məhkəmə öz qərarında qeyd edir ki, baxmayaraq ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.10-cu maddəsi verilən borc məbləğindən gəlir əldə edilməsini şərtləndirir, burada mütləq qaydada həmin gəliri əldə etmək hüququ olan şəxslərdən söhbət gedir.

Həmin hüquqa malik şəxslər hüquqi və fiziki şəxslər ola bilər və onlar Mərkəzi Bankın reyestrində qeydiyyata alınmaqla kredit verilməsi fəaliyyəti ilə məşğul olmalı və onların fəaliyyəti bu qaydada tənzimlənməlidir”, – deyə hüquqşünas fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az