Burun tıxanıqlığı çox vaxt soyuqdəymə, qrip və ya allergiya ilə əlaqələndirilir. Lakin şikayətin uzun müddət davam etməsi və ya tez-tez təkrarlanması başqa səbəblərdən xəbər verə bilər.
Demokrat.az xəbər verir ki, xüsusilə tək tərəfli burun tıxanıqlığı, gecə ağızdan nəfəs alma, xoruldama və davamlı nəfəs alma çətinliyi diqqətdən kənarda qalmamalıdır.
Mütəxəssislər burun tıxanıqlığı zamanı bir neçə məqama diqqət yetirməyi tövsiyə edir:
Burunu mütəmadi təmizləyin. Quru hava burun ifrazatlarının qatılaşmasına səbəb ola bilər. Fizioloji məhlul və ya duzlu su tərkibli uyğun məhlullar burunun təmizlənməsinə və nəfəs almanın rahatlaşmasına kömək edə bilər.
Kifayət qədər su için. Gün ərzində yetərli maye qəbul etmək burun ifrazatlarının qatılaşmasının qarşısını almağa və quruluq hissini azaltmağa kömək edə bilər.
Uzunmüddətli tıxanıqlığın səbəbini araşdırın. Burun çəpərinin əyriliyi, burun ətlərinin böyüməsi, sinusit, burun polipləri və digər problemlər davamlı tıxanıqlığa səbəb ola bilər. Uşaqlarda isə adenoid böyüməsi əsas səbəblərdən biri ola bilər.
Otağın rütubətinə diqqət edin. Həddindən artıq quru hava burun selikli qişasını qıcıqlandıra bilər. Yaşayış məkanlarında rütubətin təxminən 40-60 faiz səviyyəsində saxlanılması tövsiyə olunur. Həddindən artıq yüksək rütubət isə kif və ev tozu gənələrinin artmasına səbəb ola bilər.
Allergenlərdən uzaq durun. Polen, ev tozu gənələri, kif və heyvan tükü allergik rinitə səbəb olaraq burun tıxanıqlığı, asqırma, axıntı və qaşınma yarada bilər.
Mütəxəssislər həmçinin burun açıcı spreylərin nəzarətsiz və uzun müddət istifadəsinə qarşı xəbərdarlıq edir. Damarları daraldan bəzi spreylərin uzun müddət istifadəsi burun selikli qişasında yenidən şişkinlik yaradaraq tıxanıqlığı daha da artıra bilər.
Burun tıxanıqlığı uzun müddət davam edirsə, xüsusilə də tək tərəfdədirsə, xoruldama və gecə ağızdan nəfəs alma ilə müşayiət olunursa, səbəbin müəyyənləşdirilməsi üçün KBB mütəxəssisinə müraciət etmək məsləhətdir.
Jalə Demokrat.az


