Şəxs vəfat etdikdən sonra onun bank hesablarında qalan vəsait də miras əmlakın tərkibinə daxil olur. Lakin vərəsələrin həmin vəsaitə çıxış əldə etməsi üçün müəyyən hüquqi prosedurlardan keçməsi tələb olunur. Xüsusilə bank sirri səbəbindən mərhumun hesabları barədə məlumatların hər bir qohuma avtomatik şəkildə təqdim edilib-edilməməsi sual doğurur.
Bəs vəfat etmiş şəxsin bank hesabında qalan vəsaitə vərəsələr necə çıxış əldə edə bilər? Bank mərhumun hesabları və oradakı vəsait barədə bütün vərəsələrə məlumat verməlidirmi, yoxsa bunun üçün vərəsəlik hüququnu təsdiq edən sənəd tələb olunur? Vərəsələrdən biri banka müraciət etdikdə digər vərəsələrin payı və onların məlumat almaq hüququ necə təmin edilir?
Demokrat.az-a bu barədə açıqlama verən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev söyləyib ki, şəxs vəfat etdiyi zaman onun bank hesabında müəyyən məbləğdə vəsait qalırsa, həmin pulun taleyi qanunvericiliklə müəyyən olunur.
“Burada əsas məsələ mərhumun vərəsələrinin müəyyənləşdirilməsidir. Qanunvericiliyə əsasən, ilk növbədə şəxsin birinci növbə vərəsələri müəyyən olunur. Vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı fikir ayrılığı yarandıqda isə məsələ məhkəmə qaydasında həll edilə bilər.
Eyni zamanda, vərəsələrin müəyyən müddət ərzində banka müraciət etməməsi ilə bağlı hüquqi nəticələr konkret hallardan və qanunvericilikdə nəzərdə tutulan prosedurlardan asılıdır. Belə vəziyyətlərdə vərəsəlik hüququnun tanınması və mərhumun bank hesabındakı vəsaitə çıxış əldə edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosedurlardan istifadə etmək mümkündür.
Bank hesabında olan vəsaitlə bağlı digər mühüm məqam isə bank sirridir. Bank mərhumun hesabı barədə məlumatları istənilən şəxsə təqdim edə bilməz. Bu məlumatlara çıxış yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada, vərəsəlik hüququnu təsdiq edən sənədlər əsasında və ya zəruri hallarda məhkəmə qərarı ilə mümkün olur.
Yəni, mərhumun bank hesabında vəsaitin olması halında həmin vəsait avtomatik olaraq hər hansı qohuma verilmir. Əvvəlcə vərəsələr və onların hüquqları müəyyənləşdirilir, daha sonra isə vəsait qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsələr arasında bölüşdürülür”, - deyə Ruslan Atakişiyev fikrini tamamlayıb.


