Cəmiyyət Özəl

Dünənki nəticələrdən sonra bir çox evdə bu hal yaşanır — Çıxış yolu

Dünənki nəticələrdən sonra bir çox evdə bu hal yaşanır — Çıxış yolu

Ali məktəbə qəbul nəticələri hər abituriyentin gözləntisini doğrultmaya bilər. Bəzi gənclər topladıqları balın arzuladıqları nəticədən aşağı olması səbəbindən məyusluq və psixoloji gərginlik yaşayırlar. Belə məqamlarda isə valideynlərin münasibəti xüsusi əhəmiyyət daşıyır.

Bəs valideynlər övladlarının gözlədiyi nəticəni əldə edə bilməməsi ilə bağlı necə davranmalıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında psixoloq Aynur Əliyeva bildirib ki, ali təhsil müəssisəsinə qəbul nəticəsinin gözləniləndən aşağı olması gənc üçün kifayət qədər ciddi emosional sarsıntı yarada bilər.

Dünənki nəticələrdən sonra bir çox evdə bu hal yaşanır — Çıxış yolu

Onun sözlərinə görə, həmin nəticə onun üçün sadəcə bir bal deyil, çox vaxt aylarla, hətta illərlə çəkdiyi zəhmətin nəticəsi və gələcəyi ilə bağlı gözləntiləridir:

“Belə vəziyyətdə valideynin ilk və ən vacib vəzifəsi nəticəni deyil, övladının emosional vəziyyətini görməkdir. İlk anda “niyə belə oldu?”, “filankəs səndən az hazırlaşdı, amma daha yüksək bal topladı” kimi müqayisə edən və ittiham edən ifadələrdən uzaq durmaq lazımdır.

Xüsusilə “sən onsuz da bacarmırdın”, “bu balla hara gedəcəksən?”, “bizi məyus etdin”, “sənə bu qədər pul xərclədik”, “filankəsin uşağı yüksək bal topladı” kimi sözlər gəncin onsuz da zəifləmiş özünəinamını daha da sarsıda bilər. Valideyn bəzən bunu motivasiya etmək məqsədilə deyir, amma nəticədə gəncdə utanc, günahkarlıq, dəyərsizlik və “mən heç nəyə yaramıram” düşüncəsi yarana bilər.

Həmçinin nəticədən dərhal sonra təzyiq göstərərək “indi nə edəcəksən?”, “mütləq bu ixtisası seçməlisən”, “bir il də hazırlaşmalısan” demək də doğru deyil. Əvvəlcə gəncə yaşadığı məyusluğu qəbul etmək üçün zaman vermək lazımdır.

Valideynin verə biləcəyi ən sağlam mesaj belədir: “Bu nəticə sənin şəxsiyyətini və qabiliyyətlərini müəyyən etmir. Sən bu nəticədən ibarət deyilsən. İndi məyus olmağın normaldır. Birlikdə sakit şəkildə növbəti addımları düşünəcəyik.”

Burada çox vacib bir məqam var: valideyn problemi dərhal həll etməyə çalışmamalıdır. Əvvəlcə dinləməlidir. Gəncin “mən bacarmadım”, “hamının yanında pis vəziyyətdə qaldım” kimi fikirlərini kiçiltmək əvəzinə, onun hissini qəbul etmək lazımdır: “Sənin üçün bunun nə qədər ağır olduğunu başa düşürəm.”

Daha sonra vəziyyəti real şəkildə qiymətləndirmək olar: alternativ ixtisaslar, başqa universitetlər, növbəti qəbul imtahanına hazırlıq və ya mövcud nəticəyə uyğun seçimlər birlikdə nəzərdən keçirilə bilər. Əsas məsələ qərarın yalnız valideyn tərəfindən verilməməsidir. Gəncin fikri, maraqları, bacarıqları və gələcəklə bağlı istəkləri də nəzərə alınmalıdır.

Valideynlər yadda saxlamalıdırlar ki, qəbul imtahanı həyatın son nöqtəsi deyil, sadəcə həyatdakı mərhələlərdən biridir. Bəzən gözləniləndən aşağı nəticə gəncin yolunun bitməsi deyil, istiqamətinin dəyişməsi deməkdir.

Əgər gəncdə uzun müddət davam edən ümidsizlik, insanlardan uzaqlaşma, yuxu və iştahda ciddi dəyişiklik, “mən heç nəyə yaramıram”, “hər şey bitdi” kimi ifadələr və ya özünə zərər vermə ilə bağlı fikirlər müşahidə olunursa, bunu sadəcə “imtahan stresi” kimi qiymətləndirmək olmaz. Belə hallarda psixoloq və zərurət olduqda psixi sağlamlıq mütəxəssisindən dəstək almaq vacibdir.

Ən əsası isə budur: gəncin qəbul nəticəsindən asılı olmayaraq, bir insan kimi dəyəri var. Valideynin sevgisi və münasibəti onun topladığı bala görə dəyişməməlidir. Çünki belə bir anda gəncin ən çox eşitməyə ehtiyacı olan mesaj “nəticən nə olursa-olsun, biz sənin yanındayıq” sözləridir”, - deyə psixoloq fikrini tamamlayıb.

Qeyd edək ki, ötən gün ixtisas seçiminin cavabları açıqlanıb.

Nuray Paşşanlı

D
demokrat.az