Sosial Özəl

Tələbələr Bakıda ev seçərkən bu detala diqqət etməlidir — Açıqlama

Tələbələr Bakıda ev seçərkən bu detala diqqət etməlidir — Açıqlama

Son həftələrdə yeni tədris ilinin başlanması ilə əlaqədar rayonlardan Bakıya tələbə axınının artması paytaxtın nəqliyyat sisteminə əlavə yük yarada bilər. Xüsusilə səhər və axşam pik saatlarında metro və avtobuslarda sərnişin sıxlığının artması, dayanacaqlarda növbələrin yaranması, marşrutlarda gecikmələrin çoxalması və avtomobil yollarında hərəkətin daha da intensivləşməsi ehtimal olunur.

Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması üçün 2025–2030-cu illəri əhatə edən dövlət proqramında ictimai nəqliyyatın inkişafı, avtobus zolaqlarının genişləndirilməsi və dəyişkən iş qrafiki kimi tədbirlər nəzərdə tutulub.

Demokrat.az-a bu barədə açıqlama verən nəqliyyat eksperti Raqif Raufoğlu deyib ki, bu, hər il bu dövrdə yaşanan ənənəvi problemlərdən biridir.

Onun sözlərinə görə, tədris ilinin başlaması ilə əlaqədar rayonlardan və digər şəhərlərdən Bakıya tələbə axını artır, bu da şəhərdə həm avtomobil, həm də ictimai nəqliyyat yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olur:

“Amma bu il vəziyyəti əvvəlki illərdən fərqləndirən əsas məqamlardan biri metroda aparılan təmir işləridir. Xüsusilə “28 May” və “Nizami” stansiyaları arasındakı hərəkətlə bağlı məhdudiyyətlər nəzərə alınmalıdır. Bu amil tələbələrin gündəlik gediş-gəlişində əlavə vaxt itkisinə və müəyyən çətinliklərə səbəb ola bilər.

Ona görə də tələbələrə tövsiyə edərdim ki, artıq indidən yaşayış yeri seçərkən nəqliyyat məsələsini əsas meyarlardan biri kimi nəzərə alsınlar. Xüsusilə universitetə yaxın ərazilərdə ev seçilməsi həm yolda sərf olunan vaxtı, həm də ictimai nəqliyyatdan asılılığı azaltmağa kömək edə bilər. Eyni zamanda, tələbələr yaşadıqları ərazidən universitetə hansı marşrutlarla gedə biləcəklərini əvvəlcədən müəyyənləşdirməli, alternativ nəqliyyat imkanlarını araşdırmalıdırlar.

Digər tərəfdən, bu il mikromobillik vasitələrindən istifadəyə marağın da artacağı gözlənilir. Yəni tələbələr müəyyən məsafələrdə skuter və velosipeddən, eləcə də velosiped zolaqlarından istifadə edənlərin sayının artacağı gözlənilir.

Bakıda artıq müxtəlif istiqamətlər üzrə mikromobillik infrastrukturu formalaşır və bəzi ərazilər arasında bu vasitələrlə hərəkət etmək mümkündür. Bu da xüsusilə metrodan və avtobuslardan istifadə imkanlarının məhdudlaşdığı hallarda alternativ seçim yarada bilər.

Burada əsas məsələ tələbələrin qarşıdakı vəziyyətə əvvəlcədən hazırlaşmasıdır. Əgər tələbə yaşayış yeri seçərkən universitetə olan məsafəni, metro və avtobus marşrutlarını, alternativ nəqliyyat imkanlarını və pik saatlarda yaranan sıxlığı nəzərə alarsa, tədris ili başlayandan sonra nəqliyyat problemlərinin ona təsiri nisbətən az ola bilər.

Əslində, bu il hansı problemlərin yarana biləcəyini artıq bilirik. Ona görə də əsas məsələ problemin yaranmasından sonra ona reaksiya vermək deyil, əvvəlcədən düzgün planlaşdırma aparmaqdır.

Tələbələr ev seçərkən yalnız kirayə haqqına deyil, həmin evdən universitetə gündəlik gediş-gəliş imkanlarına da diqqət yetirməlidirlər. Bu, həm onların vaxt itkisini azaltmasına, həm də şəhərdə nəqliyyat sıxlığının təsirini müəyyən qədər azaltmasına imkan verə bilər”, - deyə Raqif Raufoğlu fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az