Turizm Özəl

Bu şəxslər ölkədən çıxarkən problem yaşaya bilər — Açıqlama

Bu şəxslər ölkədən çıxarkən problem yaşaya bilər — Açıqlama

Xaricə səyahət etməyi planlaşdıran şəxsləri düşündürən məsələlərdən biri də əvvəldən qalan ödənilməmiş cərimələrin ölkədən çıxışa mane olub-olmamasıdır. Xüsusilə koronavirus pandemiyası dövründə tətbiq edilmiş və hələ də ödənilməmiş cəriməsi olan vətəndaşlar sərhəddən keçərkən hər hansı problemlə üzləşə biləcəklərindən narahatdırlar.

Bəs belə cərimələrin mövcudluğu xaricə səfərə mane ola bilərmi?

Hüquqşünas Səməd Vəkilov Demokrat.az-a açıqlamasında söyləyib ki, barəsində inzibati qərar qəbul edilmiş və həmin qərar icra edilməmiş şəxslərlə bağlı müvafiq orqanın vəsatəti əsasında İcra və probasiya şöbəsi tərəfindən ölkədən çıxışa qadağa qoyulması qanunvericiliyə uyğundur:

“Belə bir məhdudiyyətin tətbiq edilməsində əsas məqsəd qəbul edilmiş qərarın icrasının təmin olunmasıdır. Lakin ölkədən çıxışa qadağa tətbiq edilərkən şəxsin bu barədə məlumatlandırılması və ona qərarın könüllü şəkildə icra edilməsi üçün imkan yaradılması vacibdir. Şəxsə öhdəliyin yerinə yetirilməsi, mövcud borcun və ya inzibati qərarın icrası ilə bağlı müvafiq məlumat verilməlidir. Qərar könüllü şəkildə icra edilmədiyi halda isə qanunvericilikdə nəzərdə tutulan icra tədbirlərinin, o cümlədən ölkədən çıxışa məhdudiyyətin tətbiqi mümkün olur”.

Onun sözlərinə görə, bu baxımdan vətəndaşlara tövsiyəmiz ondan ibarətdir ki, xarici ölkəyə səfər etməzdən əvvəl ölkədən çıxışlarına hər hansı məhdudiyyətin qoyulub-qoyulmadığını əvvəlcədən yoxlasınlar:

“Bunun üçün Ədliyyə Nazirliyinin və Dövlət Vergi Xidmətinin internet saytlarından istifadə etməklə vergi borcu, məhkəmə qərarının icrası və digər icra öhdəlikləri ilə bağlı məlumat əldə etmək mümkündür. Eyni zamanda, vətəndaşlar fərdi qaydada müvafiq dövlət orqanlarına müraciət edərək özləri barəsində belə bir məhdudiyyətin olub-olmaması barədə məlumat ala bilərlər. Xüsusilə xarici səfər planlaşdıran şəxslərin bu məsələyə əvvəlcədən diqqət yetirməsi məqsədəuyğundur. Çünki hava limanında və ya sərhəd-keçid məntəqəsində hər hansı məhdudiyyətin aşkar olunması səfərin baş tutmamasına səbəb ola bilər. Buna görə də xaricə getməzdən əvvəl müvafiq dövlət orqanlarından məlumat almaq və mövcud öhdəlikləri vaxtında icra etmək daha səmərəli və təhlükəsizdir”.

Fidan Hacızadə

D
demokrat.az