Çində sosial şəbəkələrdə dəbdəbəli həyat tərzini nümayiş etdirən bəzi influenserlərin hesablarının bağlanması sosial şəbəkələrin cəmiyyətə təsiri məsələsini yenidən gündəmə gətirib. Bu addım xüsusilə sosial platformalarda nümayiş etdirilən var-dövlət və lüks həyatın insanların dünyagörüşünə, istehlak davranışına və sosial dəyərlərinə təsiri ilə bağlı müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə dəbdəbəli həyatın geniş şəkildə nümayiş etdirilməsi xüsusilə gənclər arasında maddi rifah və uğur anlayışının yalnız gəlir və sahib olunan maddi imkanlarla ölçülməsinə, istehlak meyllərinin güclənməsinə təsir göstərə bilər. Digər tərəfdən, belə məhdudiyyətlərin ifadə azadlığı baxımından hansı çərçivədə tətbiq edilə biləcəyi də müzakirə mövzusudur.
Bəs bu cür qərarlar sosial şəbəkələrin cəmiyyətin dünyagörüşünə və sosial davranışlarına mənfi təsirinin qarşısının alınması baxımından nə dərəcədə əsaslandırıla bilər? Azərbaycanda da sosial şəbəkələrdə dəbdəbəli həyat tərzinin nümayiş etdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi gündəmə gələ bilərmi?
Sosioloq Mail Yaqub Demokrat.az-a bildirib ki, sosial şəbəkələr artıq insanların sadəcə ünsiyyət qurduğu və məlumat paylaşdığı platformalar deyil.

Onun sözlərinə görə, bu platformalar cəmiyyətin davranışına, dünyagörüşünə, xüsusilə də uşaqların, yeniyetmələrin və gənclərin psixologiyasına ciddi təsir göstərən böyük ictimai məkana çevrilib:
“Buna görə də sosial şəbəkələrdə istifadəçilərin, xüsusilə də geniş auditoriyaya malik influenserlərin fəaliyyətinə müəyyən hüquqi və ictimai nəzarət mexanizmlərinin olması vacibdir.
Çünki müşahidələr göstərir ki, bəzi istifadəçilər sosial şəbəkələrdə özlərini ifadə etmək və daha çox izlənmə toplamaq məqsədilə müxtəlif yanaşmalara səbəb olan məzmunlar paylaşa bilirlər. Bəzən cəmiyyətdə müzakirə doğura bilən məzmunlar da yayımlanır. Digər tərəfdən, belə materiallar çox böyük auditoriyaya çata bilir və onların təsirini tam şəkildə məhdudlaşdırmaq hər zaman mümkün olmur.
Əgər cəmiyyətdə uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması vacib məsələlərdən biri kimi qiymətləndirilirsə, sosial şəbəkələrlə bağlı tənzimləmə məsələlərinin də müzakirə olunması təbiidir. Burada əsas məqam bu sahədə mümkün yanaşmaların insanların qanuni ifadə azadlığı ilə balanslaşdırılmasıdır. Söhbət sosial şəbəkələrdə istifadəçilərin fəaliyyətinə ümumi müdaxilədən deyil, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi və müəyyən risklərin azaldılması üçün aydın və şəffaf mexanizmlərin nəzərdən keçirilməsindən gedir.
Çünki sosial şəbəkələrdə nəzarət mexanizmlərinin zəif olduğu hallarda müəyyən məzmunların təsirini qiymətləndirmək çətinləşə bilər. Xüsusilə də uşaqlar və yeniyetmələr bu məzmunun ən həssas auditoriyalarındandır. Onlar qarşılarına çıxan hər bir informasiyanı böyüklər kimi təhlil edə və düzgün qiymətləndirə bilmirlər. Müxtəlif məzmunlarla davamlı şəkildə qarşılaşmaları onların dünyagörüşünə və davranışlarına təsir göstərə bilər.
Burada influenserlərin məsuliyyəti də ayrıca müzakirə edilməlidir. Böyük auditoriyaya malik şəxslər adi istifadəçidən fərqli olaraq daha böyük təsir imkanlarına malikdirlər. Onların paylaşdığı bir video və ya söylədiyi fikir qısa müddətdə yüz minlərlə insana çata bilir. Buna görə də böyük auditoriyaya müraciət edən şəxslərin ictimai məsuliyyəti də daha yüksək olmalıdır. Onlar yalnız izlənmə və gəlir əldə etməyi deyil, paylaşdıqları məzmunun cəmiyyətə və xüsusilə azyaşlı auditoriyaya təsirini də nəzərə almalıdırlar.
Eyni zamanda, burada yalnız inzibati tədbirlərlə məsələnin həll olunacağını düşünmək də düzgün olmaz. Maarifləndirmə, media savadlılığının artırılması, valideyn nəzarəti, uşaqların rəqəmsal təhlükəsizliyi və sosial şəbəkə platformalarının məsuliyyəti də bu prosesin mühüm hissəsidir. Dövlət, cəmiyyət, ailə və platformalar arasında müəyyən məsuliyyət bölgüsü formalaşdırılmalıdır.
Əsas məqsəd sosial şəbəkələri qapalı və sərt nəzarət altında olan məkana çevirmək yox, insanların hüquqlarını qoruyan, uşaqlar üçün daha təhlükəsiz və cəmiyyətin əsas dəyərlərinə hörmət edən rəqəmsal mühit yaratmaq olmalıdır. Bu sahədə mümkün tənzimləmə mexanizmləri də qanunla müəyyən edilmiş, şəffaf və ölçülü yanaşmalar əsasında formalaşdırılmalıdır.
Çünki sosial şəbəkə artıq cəmiyyət həyatının ayrılmaz hissəsinə çevrilib. Bu sahədə müəyyən qaydaların və məsuliyyət mexanizmlərinin olması vacibdir. Əgər bu platformalar milyonlarla insanın, xüsusilə də uşaqların və gənclərin dünyagörüşünə təsir edirsə, deməli, orada təhlükəsizlik, hüquq və məsuliyyət prinsipləri də nəzərə alınmalıdır. Əsas məsələ həm uşaqların hüquqlarının və rəqəmsal təhlükəsizliyinin, həm də insanların qanuni ifadə azadlığının balansını qoruyan düzgün və effektiv mexanizmlərin formalaşdırılmasıdır”, – deyə sosioloq fikrini tamamlayıb.


