"Apple"ın ilk qatlana bilən telefonu "iPhone Ultra"nı sınaqdan keçirən azsaylı istifadəçilərin cihazdan məmnun qaldığı bildirilir.
Demokrat.az xəbər verir ki, "Bloomberg" jurnalisti Mark Qurmanın sözlərinə görə, istifadəçilərin təcrübəsi, xüsusilə kamera sistemi istisna olmaqla, əsasən müsbət olub.
Sınaq istifadəçiləri telefonun cibə rahat yerləşməsini, menteşə mexanizminin hissiyatını və davamlılığını bəyəniblər. İstifadəçilər cihaz açıldıqda daha böyük daxili ekrandan yararlanan, "iPad"i xatırladan yeni tətbiq düzülüşünü də yüksək qiymətləndiriblər.
Qurmanın sözlərinə görə, "Apple"ın qatlana bilən telefonu məhsuldarlıq, video və oyunla yanaşı, kamera vizoru kimi də yaxşı nəticə göstərir. Lakin cihazda telefoto obyektivinin olmaması onun yüksək qiyməti nəzərə alınaraq satışlara mənfi təsir göstərə bilər.
Cihazın 48 meqapiksellik əsas kamera və ultra genişbucaqlı kameradan ibarət ikili arxa kamera sistemi ilə təchiz ediləcəyi gözlənilir.
Qatlana bilən telefonun ekranaltı "Face ID" əvəzinə yan düyməyə inteqrasiya edilmiş "Touch ID" ilə təchiz olunacağı bildirilir. Bunun səbəbinin cihazın açıldıqda cəmi 4,5 millimetr qalınlığında olmasını təmin etmək olduğu qeyd edilir.
Məlumata görə, telefon açıldıqda 5,5 düymlük xarici və 7,8 düymlük daxili ekrana sahib olacaq. Cihaz geniş, kitab tipli dizayn təqdim edəcək.
"Apple"ın ilk qatlana bilən telefonunun sentyabrın 9-da keçirilməsi gözlənilən təqdimat tədbirində "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" ilə birlikdə nümayiş etdiriləcəyi bildirilir.
Qatlana bilən "iPhone"un 2 000 dollardan yüksək qiymətə satışa çıxacağı və bununla da "Apple" tarixindəki ən bahalı smartfon olacağı gözlənilir.
Jalə Demokrat.az


