Yumurta tərkibindəki xolin, omeqa-3 yağ turşuları, lutein, zeaksantin və zülal sayəsində beyin sağlamlığını dəstəkləyən qidalardan biri hesab olunur.
Demokrat.az "Parade"yə istinadən xəbər verir ki, lakin bir çox insan yalnız yumurta ağını yeyir. Nevroloqların sözlərinə görə, bu zaman beynin fəaliyyəti üçün vacib olan qida maddələrinin əhəmiyyətli hissəsi itirilir. Onlardan ən mühümlərindən biri xolindir. Mütəxəssislər bildirirlər ki, orqanizm xolindən yaddaş, diqqət və öyrənmə proseslərində iştirak edən neyrotransmitterin hazırlanması üçün istifadə edir.
Xolin həmçinin sinir liflərini qoruyan örtüyün saxlanılması üçün vacibdir. Bundan başqa, yumurtanın tərkibində serotoninin xəbərçisi olan və əhval-ruhiyyənin tənzimlənməsində iştirak edən triptofan da var.
Omeqa-3 yağ turşuları sinir sistemi hüceyrələrinin normal fəaliyyəti və iltihabi proseslərin nəzarətdə saxlanılması üçün lazımdır.
Yumurtada olan digər iki maddə – lutein və zeaksantin əsasən göz sağlamlığının qorunmasındakı rolu ilə tanınır. Bununla yanaşı, onlar antioksidant xüsusiyyətlərə malikdir və beyin toxumalarını oksidləşdirici stresdən qoruya bilər.
Sarısını atmayın
Mütəxəssislərin əsas tövsiyəsi məhz yumurta sarısı ilə bağlıdır. Çünki beyin üçün faydalı maddələrin əhəmiyyətli hissəsi burada yerləşir. Xüsusilə yumurta sarısı xolin, lutein və omeqa-3 yağ turşularının mənbəyidir.
Yumurtanı nə ilə birləşdirmək daha yaxşıdır
Yumurtanın faydalarına baxmayaraq, onun tərkibində demək olar ki, lif yoxdur. Buna görə mütəxəssislər yumurtanı digər qidalarla birlikdə qəbul etməyi tövsiyə edirlər.
Yaxşı seçim ispanaqlı omlet ola bilər. Yarpaqlı göyərtilərin tərkibində lif, folat və K vitamini ilə yanaşı, lutein və zeaksantin də var.
Digər variant isə yumurtaya qızılbalıq əlavə etməkdir. Bu, səhər yeməyində omeqa-3 yağ turşularının və zülalın miqdarını artırır.
Daha balanslaşdırılmış qidalanma üçün yunan yoqurtu, qoz-fındıq, qaragilə və avokado da yumurta ilə uyğunlaşdırıla bilər. Yoqurt zülal və probiotiklərlə, qoz-fındıq faydalı yağlar və antioksidantlarla, qaragilə antioksidantlar və liflə, avokado isə lif və faydalı yağlarla zəngindir.
Jalə Demokrat.az


