Mədəniyyət Özəl

Bu ağrı Azərbaycan xalqına da yaxşı tanışdır — Səadət Yusifova

Bu ağrı Azərbaycan xalqına da yaxşı tanışdır — Səadət Yusifova

“Ahıska türklərinin tarixi, məruz qaldıqları deportasiya və sürgün faciəsi, onların mədəni irsi və tarixi yaddaşının qorunmasına həsr olunmuş bu sərgi həm də insan taleyinin, milli yaddaşın, doğma yurda bağlılığın, tarixi ədalətə olan inamın ifadəsidir”.

Demokrat.az xəbər verir ki, bunu “Ahıska Türrkləri İtirilmiş sürgünün izində” sərgisinin açılış mərasimində Mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.

Onun sözlərinə görə, sərginin ilk dəfə İstanbul Atatürk Mədəniyyət Mərkəzində təqdim olunması, indi isə Bakıda Milli Azərbaycan Tarixi Muzeyində nümayiş etdirilməsi böyük mənəvi əhəmiyyət daşıyır:

“Ahıska türklərinin taleyi XX əsrin ən ağır deportasiya və sürgün faciələrindən biridir. 1944-cü ilin noyabrında Sovet hakimiyyəti dövründə on minlərlə Ahıska türkü öz doğma torpaqlarından deportasiya edildi. İnsanlar bir gecədə öz evlərindən, yurdlarından, tarixi məkanlarından köçürüldü. Sürgün yolunda və sonrakı illərdə minlərlə insan həyatını itirdi. Ailələr parçalandı, nəsillərin yaddaşında silinməz izlər buraxıldı.

Bu ağrı Azərbaycan xalqına da yaxşı tanışdır. Azərbaycan xalqı da ötən əsrdə dəfələrlə doğma torpaqlarından zorla köçürülmənin, deportasiyanın, etnik təmizləmənin və yurd həsrətinin ağır sınaqlarını yaşayıb.

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında qərar qəbul etdi. Bu ağır köçürülmə prosesi minlərlə insanın həyatına son qoydu. Ailələrə, bütöv nəsillərə böyük mənəvi və fiziki iztirablar yaşatdı.

Lakin bu, Azərbaycan xalqının yaşadığı son deportasiya olmadı. 1988–1989-cu illərdə də Ermənistanda yaşayan azərbaycanlıların tarixi torpaqlarından növbəti və sonuncu dəfə kütləvi deportasiyası həyata keçirildi. Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə aparılan etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə soydaşımız doğma yurdlarını tərk etmək məcburiyyətində qaldı”.

Nazir müavini əlavə edib ki, həyata keçirilən bu deportasiyalar nəticəsində azərbaycanlılar indiki Ermənistan ərazisindən, min illər boyu yaşadıqları öz doğma, tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qaldılar:

“Milli yaddaşımızın ayrılmaz hissəsi olan tarixi-mədəni abidələrimiz və yaşayış məskənlərimiz dağıdılaraq viran edildi. Azərbaycan xalqının deportasiya və məcburi köçkünlük tarixi bununla da bitmədi. Ermənistanın Azərbaycana qarşı təcavüzü və 30 ilə yaxın davam edən işğal siyasəti nəticəsində yüz minlərlə vətəndaşımız doğma yurdlarından didərgin salındı, şəhər və kəndlərimiz dağıdıldı, mədəni irsimiz məhv edildi və talan olundu”, – deyə Səadət Yusifova fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az