Cəmiyyət Özəl

Avropada ermənilərlə ailə quran xanımlarımız da var — Sosioloq

Avropada ermənilərlə ailə quran xanımlarımız da var — Sosioloq

Azərbaycanda qadınların əcnəbi vətəndaşlarla ailə qurması hallarına daha çox rast gəlinir. Fərqli ölkələrdən olan insanların sosial şəbəkələr, təhsil, iş və digər vasitələrlə tanış olması bu cür nikahların sayının artmasına səbəb olan amillərdən biridir.

Azərbaycanlı qadınları xarici vətəndaşlarla ailə qurmağa sövq edən əsas səbəblər hansılardır?

Sosioloq Naib Niftəliyev Demokrat.az-a bu barədə açıqlamasında istər qadınların, istər kişilərin, oğlanların və ya qızların xarici vətəndaşla ailə qurmağa çalışmasının, buna meyil göstərməsinin bilavasitə həm rifah məsələləri, həm dünyagörüşü, həm də sosial-iqtisadi motivlərlə əsaslandırıldığını deyib:

“Yəni Azərbaycanda müəyyən mənada subyektiv iyerarxiyanın, yaxınlıq-tanışlıq əlaqələrinin daha çox işə keçməsi, şəffaf və sırf ədalətli seçim qaydaları çərçivəsində irəliləmək imkanlarının bir qədər məhdudluğu, təhsil, elm və karyera məsələlərində müxtəlif baryerlərin, problemlərin olması insanları xarici axına, xaricdə iş axtarmağa sövq edir. Bu, tarixən mövcud olan bir məsələdir və uzun müddətdir heç kəsə sirr deyil ki, Azərbaycanın əksər bölgələrindən, rayonlarından, hətta Bakının özündən belə postsovet məkanına-Rusiyaya, Belarusa, Ukraynaya müəyyən bir axın müşahidə olunurdu. Bu insanlar Azərbaycana uzun müddət milyardlarla vəsait yönəldir, gəlir gətirir və öz ailələrini bunun hesabına saxlayırdılar. O zaman xanımların ölkə xaricinə çıxış imkanları bir qədər məhdud idi. Daha çox müəyyən patriarxal və ailə qaydalarına tabe olma meyili özünü göstərirdi. İndi isə şərait və vəziyyət dəyişib. Bazar iqtisadiyyatının şərtləri, əmək bazarına artan tələbat, qadınların əmək məşğulluğunun, məhsuldarlığının, fəaliyyətinin və dünyagörüşünün dəyişməsi, qloballaşma tendensiyası və internet texnologiyalarının Azərbaycana da digər ölkələrlə bərabər geniş nüfuz etməsi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişir. Təbii ki, daxili məkanda ailə qurmaq imkanlarının bir qədər məhdudluğu kişiləri fərqli axtarışlara sövq edir. Bəzən insanlar müəyyən problemlərlə qarşı-qarşıya qala bilərlər. Bu, eyni zamanda deviant davranışların, müəyyən kriminal halların artmasını şərtləndirən amillər sırasındadır. Məsələn, son dövrlərdə Azərbaycanda kiber dələduzluğun yayılması buna misal ola bilər. İnsanlar adi texnologiyaların elementar imkanlarını mənimsədikdə onlardan mənfi məqsədlər üçün istifadə edərək bank hesabından vəsait çəkməyə, oğurlamağa çalışırlar. Bu, Avropada da, məsələn, Polşada, Avstriyanın bəzi yerlərində və İtaliyanın bəzi bölgələrində yayılmış davranışlardan biridir. Amma bu, hər bir halda xanımların xaricə meyil etməsinin əsas şərti deyil. Əsas şərt daha çox iqtisadi motivlərdir. Xüsusən təhsil alan xanımlar oradakı vəziyyəti, fərqi, yaşayış rahatlığını görürlər və təbii ki, geri dönmək istəmirlər. Fikirləşirlər ki, orta statistik avropalı orta statistik yaxşı azərbaycanlıdan daha yaxşıdır, yəni həyat qurmaq və ailə qurmaq üçün daha məqsədəuyğundur”.

Sosioloq qeyd edib ki, Azərbaycan mentaliteti ilə bağlı mental xüsusiyyətlər, Azərbaycan xanımlarının nəcibliyi, işgüzarlığı və cəldliyi də burada öz rolunu oynayır:

“Bizim xanımlarımız sanki ya başqa ölkədə milliləşərək oraya inteqrasiya edirlər, yəni xarici vətəndaşı seçib xaricdə qalırlar, ya da xarici vətəndaşla ailə qurub Azərbaycana gəlirlər. Azərbaycanın xarici damadları sırasında, obrazlı şəkildə desək, bu gün əfqanıstanlı, pakistanlı, italiyalı, alman, rus və yaxud ingilis vətəndaşları kifayət qədərdir. Əhəmiyyətli çoxluq təşkil edənlər sırasında uzun müddət Türkiyə vətəndaşları, türklər və müəyyən mənada İran vətəndaşları da var. Hətta Gürcüstanda, Rusiya məkanında və Avropada ermənilərlə ailə quran xanımlarımız da var. Təəssüf ki, biz bunu istəməsək və arzulamasıq da, belə bir tendensiya mövcuddur və artmaqda davam edir. Bu, təkcə tanışlıq və internet resurslarının yaratdığı şəraitlə bağlı deyil. Məsələn, Skandinaviya ölkələrində, o cümlədən Finlandiya və Norveçdə, eləcə də İsveçrədə insanların böyük bir hissəsi internet vasitəsilə, sosial şəbəkələr üzərindən tanış olub ailə qururlar. Amma bu tanışlıqların əksəriyyəti daxili nikahlardır, yəni yerli vətəndaşların bir-biri ilə tanışlığıdır. Yəni heç kəs birdən-birə tanımadığı şəkildə xaricə çıxmağa cəhd etmir. Amma bizim azərbaycanlılar bu məsələdə hər zaman olduğu kimi həm yaxşı cəhətdən, həm də müəyyən mənada ifrat riskə meyil baxımından öndədirlər. Xanımlar fikirləşirlər ki, əgər xarici vətəndaşdırsa, imkanı, şəraiti varsa, qalan məsələləri qadın ağlı ilə düzəldəcək, həll edəcək, onsuz da nəzarət qadındadır. Təəssüf ki, belə deyil. Çox vaxt bu yanaşma yanılma ilə nəticələnir və boşanmaların artmasının səbəblərindən biri də bu ola bilər. Yəni bir tərəfdən xarici vətəndaşlarla ailə quranların sayı artır, xüsusən xanımlar buna daha çox meyillidir”.

Naib Niftəliyev əlavə edib ki, əvvəllər kişilərin belə bir meyili var idi, indi kişilərin imkanları bir qədər məhdudlaşıb:

“Ölkədən çıxış imkanları da müəyyən mənada çətinləşib, çünki bunun üçün böyük vəsait lazımdır. Bu gün yalnız əmək müqaviləsi, müəyyən yoxlamalar və filtrasiyadan keçdikdən sonra mümkün olur. Bu da təbiidir və gözləniləndir. Çünki region böyük müharibələrin kəsişdiyi, lokal sabitliyin gərgin olduğu bir ərazini əhatə edir. Belə şəraitdə hərəkət imkanlarının obyektiv olaraq daha çox qadınların üzərinə düşməsi müşahidə olunur. Qadınlar, xanımlar, gənc qızlar xarici bəyləri tapmaqda elə də çətinlik çəkmirlər. Xüsusən dil bilikləri və adaptasiya imkanları xanımlar üçün daha rahat və genişdir. Tapanda da çalışırlar ki, ən yaxşısını, məşhurunu tapsınlar. Məsələn, Van Dammın nümunəsində olduğu kimi məşhur aktyor və idmançı, Hollivud ulduzu olan, əslən alman nəsilli, Belçika vətəndaşı olmuş və sonradan Avropaya köç etmiş şəxsin övladının azərbaycanlı bir xanımla ailə qurması kimi nümunələr də böyük təsir göstərir. Bu kimi tanınmış şəxslərlə bağlı nümunələr xanımların xarici vətəndaş seçiminə marağını artıra bilər. Xanımlar xarici vətəndaş tapmaq məsələsində indi bizim xarici xanım axtaran bəylərimizdən daha fəaldırlar. Bu fəallığın nəticəsi ortadadır. Motivlər daha yaxşı yaşamaq, daha məşhur olmaq, daha böyük karyera əldə etmək, xüsusən təhsil imkanlarından yararlanmaq, özünü daha rahat ifadə etmək, Avropada yaşayıb azadlığı hiss etmək və yaxud böyük ölkələrin geniş imkanlarından istifadə etməklə Azərbaycandakı qayğı və problemlərdən uzaqlaşmaqdır. İnsanları başa düşmək olar, müəyyən mənada haqq qazandırmaq da olar. Amma bu gedişlə, bu davranışla Azərbaycanın daxili milli-mental dəyərlərinin deqradasiyaya məruz qalması, aşınması, mental xüsusiyyətlərin dəyişməsi, qarışıq nəsillərin meydana gəlməsi və vətənpərvərlik məsələsi ilə bağlı müəyyən mental hisslərin, eləcə də qapalılıq və saflıq kimi anlayışların tədricən dəyişməsi tendensiyasını yaşayırıq. Bu, xoşagələn tendensiya deyil”.

Fidan Hacızadə

D
demokrat.az