Əmlak bazarında mənzil alarkən diqqətdən kənarda qalan risklərdən biri də eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallarda alıcı həm ödədiyi vəsaiti itirmək, həm də uzunmüddətli hüquqi mübahisə ilə üzləşmək riski daşıyır. Xüsusilə sənədlərin düzgün yoxlanılmaması və satıcının əmlak üzərindəki hüquqlarının araşdırılmaması ciddi problemlərə səbəb ola bilər.
Eyni mənzilin bir neçə şəxsə satılmasının qarşısını almaq üçün alıcı hansı addımları atmalıdır?
Demokrat.az-a bu barədə açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirib ki, vətəndaş, yəni alıcı üçün əsas problemlərdən biri xüsusilə yeni binalarda, çıxarışı olmayan, müqavilə əsasında satılan mənzillərlə bağlı olur:

“Belə hallarda, əgər qarşı tərəf dələduzdursa, müəyyən mənada alıcının da diqqətsizliyinin rolu olur. Çünki alıcılar çox vaxt qiyməti bazardan aşağı görərək tələsik qərar qəbul edir və nəticədə özlərini çıxılmaz vəziyyətə salırlar. Məsələn, bazarda əmlakın qiyməti bir qədər aşağı təklif olunduqda alıcı tez qərar verərək həmin mənzili almaq istəyir və bu zaman dələduzların toruna düşə bilər. Alıcılar ilk növbədə tikinti şirkəti haqqında ətraflı məlumat toplamalıdırlar. Şirkətin keçmişini, bazardakı fəaliyyətini, hansı problemlərlə üzləşdiyini araşdırmaq lazımdır. Bunun üçün internetdən məlumat toplamaq, əmlak məsələləri üzrə ekspertlərdən və vasitəçilərdən, həmçinin həmin binanın ətrafında yaşayan qohum-qonşulardan məlumat almaq olar. Bu məlumatlar dəyərləndirilməlidir. Əgər şirkətin keçmişində belə problemlər olubsa, gələcəkdə də oxşar halın baş verməsi ehtimalı nəzərə alınmalıdır. İkinci məsələ ondan ibarətdir ki, əmlakı alan şəxs tələsik qərar qəbul etməməlidir. Mənzilin bazar qiymətindən aşağı təklif olunmasını görərək dərhal qərar vermək düzgün deyil. Üçüncü məsələ isə alıcının alqı-satqı prosesində şəxsən iştirak etməsidir. Çox yaxşı olar ki, vətəndaş birbaşa şirkətdə sənədləşmə və adın dəyişdirilməsi prosesində şəxsən iştirak etsin. Kənardan kiməsə etibar etmək düzgün deyil. Çox hallarda vətəndaşlar müəyyən şəxslərə inanaraq sənədləri hazırlamağı və alqı-satqını onların vasitəsilə həyata keçirməyi tapşırırlar. Bu zaman sənədlərin saxtalaşdırılması və şirkətdə rəsmi rəsmiləşdirmənin aparılmaması mümkündür. Nəticədə vətəndaşlar illərlə qazandıqları pulları təhlükəyə atır, dələduzların qurbanına çevrilir və sonradan uzun müddət məhkəmə çəkişmələri ilə üzləşirlər”.
Ekspert əlavə edib ki, əgər yeni bina kiminsə adına rəsmiləşdirilibsə və mənzil həmin şəxsdən alınırsa, satıcı alıcının xeyrinə notariat qaydasında imtina verməlidir:
“Həmin imtinanın düzgünlüyü və əsası alıcı tərəfindən yoxlanılmalıdır. Əgər satıcı həqiqətən öz əmlakından alıcının xeyrinə imtina edirsə, notariat qaydasında təsdiqlənmiş imtina ərizəsi şirkətə təqdim edilir. Şirkət həmin sənəd əsasında əvvəlki sahibin adına olan müqaviləni ləğv edərək yeni alıcının adına müqavilə rəsmiləşdirir. Bu zaman yeni alıcının adına müqavilə və maliyyə arayışı verilir. Alıcı bu proseslərin hamısında şəxsən iştirak etməlidir. Çox yaxşı olar ki, alıcı və satıcı arasında pulun verilməsi prosesi şahidlərin iştirakı ilə həyata keçirilsin. Tərəflər arasında pulun verilməsi və alınması barədə qarşılıqlı razılaşma və ya akt tərtib edilə bilər və şahidlərin iştirakı ilə imzalana bilər. Həmin sənəddə konkret olaraq hansı mənzilin hansı qiymətə alındığı və satıcının həmin məbləği aldığı göstərilməlidir. Bundan əlavə, pulun verilməsi prosesinin audio-video çəkilişinin aparılması da məqsədəuyğun olar. Gələcəkdə hər hansı problem yaranarsa, bu görüntülər məhkəmə və digər çəkişmələr zamanı əlavə sübut kimi istifadə edilə bilər.
Vətəndaşlar mənzil alarkən ilk növbədə şirkət haqqında ətraflı məlumat toplamalıdırlar. Daha sonra əmlakı satan şəxsin həqiqətən həmin mənzilin sahibi olub-olmadığını və mənzilin şirkətin sənədlərində hansı şəxsin adına olduğunu araşdırmaq lazımdır. Alıcı və satıcının alqı-satqı prosesində şəxsən iştirak etməsi, şirkətdən mənzilin həmin şəxsə məxsus olması barədə məlumat əldə etməsi və sənədlərə yerində baxması vacibdir”.
Anar Nəsirov söyləyib ki, vətəndaş müqaviləni imzalamazdan əvvəl onu mütləq oxumalı və bütün şərtlərlə tanış olmalıdır:
“Çox vaxt alıcılar müqaviləni oxumadan imza atırlar. Sonradan mənzilin kvadratmetrində problem yarandıqda məlum olur ki, müqavilədə sahənin çöldən-çölə, yaxud içdən-içə hesablanması nəzərdə tutulub. Bu məsələ mütləq müqavilədə öz əksini tapmalıdır. Vətəndaş aldığı mənzilin sahəsinin necə hesablandığını dəqiq bilməli və yalnız bundan sonra müqaviləni imzalamalıdır. Əgər müqavilədəki şərtlərlə razı deyilsə, öz narazılığını bildirməlidir.
Ümumilikdə, istər notariat qaydasında imtina sənədinin verilməsi, istər alqı-satqının rəsmiləşdirilməsi, istərsə də pulun verilməsi prosesində alıcının şəxsən iştirak etməsi daha doğru olar. Pulun verilməsi zamanı audio-video çəkilişin aparılması, tərəflər arasında şahidlərin iştirakı ilə akt və ya razılaşmanın imzalanması gələcəkdə problem yarandığı halda əlavə sübut və dəlil kimi istifadə oluna bilər. Ona görə də ekspert kimi vətəndaşlara tövsiyəm budur ki, müqavilə əsasında mənzil alarkən bütün bu məqamları nəzərə alsınlar və tələsik qərar verməsinlər”.


