Kriminal Özəl

İş yoldaşının kartından 1000 manat oğurladı — Hamamda kisəçi işləyirdik...

İş yoldaşının kartından 1000 manat oğurladı — Hamamda kisəçi işləyirdik...

Bakının Nizami rayonunda 29 yaşlı oğlan iş yoldaşının bank kartından pul oğurlamaqda ittiham edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Elşad “Sultan Hamam”da iş yoldaşı Fəridin istifadəsində olan bank kartından 1000 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb.

Elşadın barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci (oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Elşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Fəridlə “Sultan Hamam”da birlikdə işləyib:

“2026-cı ildə işdə olan zaman Fərid mobil telefonunda şəbəkənin olmadığını və telefonda mobil tətbiqə giriş edə bilmədiyini bildirdi, ona köməklik etməyimi xahiş etdi və mobil telefonunu mənə verdi. Fəridin telefonundakı banka məxsus mobil tətbiqə daxil olduqda kart hesabında 2160 manat pul olduğunu gördüm. Tanışım Seymura mesaj yazaraq bank kartımın balansında 1000 manat pul olduğunu bildirdim və həmin pulu çıxartmaqda mənə köməklik etməyini, 1000 manat pulu həmin kartdan “M10” hesabına köçürtməsini və mənə məxsus bank kartına göndərməsini xahiş etdim. Seymur məndən kart məlumatlarını göndərməyimi istədi. Fəridin telefonunda olan kartın 16 rəqəmli nömrəsini Seymura göndərdim. Fəridin telefonuna gələn SMS bildirişini qəbul etdim”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Fəridin kart hesabından 1000 manat pul vəsaitinin çıxarılaraq “M10” hesabına köçdüyünü görüb:

“Bundan sonra Fəridə mobil tətbiqə daxil olmağın mümkün olmadığını dedim. Fərid də məndən kartını bloklamağımı istədi. Fəridin kartını blokladım. Mənim Seymura borcum olduğundan həmin puldan 350 manatını borcun əvəzi olaraq özünə götürməsini, qalan pulu isə mənim bank kartıma göndərməsini bildirdim. Seymur 50 manat və 600 manat olmaqla, cəmi 650 manat pulu mənə məxsus kart hesabıma köçürdü”.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışıq əldə etdiyini söyləyib. O, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edib.

İş üzrə zərərçəkmiş Fərid ifadəsində bildirib ki, Elşadla birlikdə “Sultan Hamam”da kisəçi işləyib:

“İşdə olan zaman özümə məxsus mobil telefonda banka məxsus mobil tətbiqə daxil ola bilmədim. İş yoldaşım Elşada mobil tətbiqə daxil ola bilmədiyimi bildirdim və köməklik göstərməsini xahiş etdim. Mobil telefonumu Elşada verdim. Elşad telefonumda mobil tətbiqə daxil olmaq üçün üz simamı həmin tətbiqə oxutdu”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra Elşad tətbiqdə bəzi bölmələrə nəzər yetirib:

“Bu zaman telefona mesaj gəldiyini gördüm. Elşaddan həmin mesajın nə olduğunu soruşdum. O, kartdan pul çəkməmələri üçün kartı blokladığını bildirdi. Sonra Elşad telefonumu qaytardı. Kart hesabım bloklandığı üçün sonrakı gün banka getdim və kart hesabımın aktiv edilməsinə köməklik göstərmələrini xahiş etdim. Bankda mənə kart hesabımdan 1000 manat pulun “M10” tətbiqinə köçürüldüyünü bildirdilər. Bundan sonra 25-ci Polis Şöbəsinə gedərək ərizə yazdım. Mənə məlum oldu ki, kart hesabımdan 1000 manat pulu Elşad çəkib”.

Nizami Rayon Məhkəməsinin hökmü ilə Elşad 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməsi qadağan olunub. Bu müddətdə ona Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulub.

Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Həmçinin təqsirləndirilən şəxsin üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilib.

Fariz Məlikli

D
demokrat.az