Yeni tədris ilinin başlamasına az müddət qaldıqca valideynlərin qarşısında duran əsas xərclərdən biri də məktəbli formalarının alınmasıdır. Məktəbli geyimlərinin qiyməti isə yalnız formanın özündən deyil, istifadə olunan parçanın növü və keyfiyyəti, istehsal xərcləri, ölçü, tikiş və digər amillərdən asılı olaraq dəyişir.
Demokrat.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, hazırda Azərbaycan bazarında həm yerli, həm Çin, həm də Türkiyə istehsalı olan məktəbli formaları satılır.

Onun sözlərinə görə, bütövlükdə götürdükdə, bir şagird üçün tam məktəbli forması dəstinin qiyməti təxminən 80–100 manat arasında dəyişir:
“Əgər ailədə üç uşaq varsa, bu uşaqların da demək olar ki, təkcə məktəbli forması üçün xərcləri 300 manatdır. Valideynlər məktəbli forması alarkən mütləq tikiş və sapların keyfiyyətinə baxmalıdırlar. Çox ucuz məktəbli formalarını almamaları tövsiyə olunur. Çünki bir neçə dəfə yuyulduqdan sonra həmin geyimlər yararsız vəziyyətə düşür. Xüsusilə daha keyfiyyətli məktəbli formaları sertifikatlı olur və tövsiyə olunur ki, valideynlər məktəbli forması alarkən həmin məhsulların sertifikatlı olub-olmamasına diqqət etsinlər.
Orta keyfiyyətli məhsullar yerli istehsal, yüksək keyfiyyətli məhsullar isə Türkiyə istehsalıdır. Daha ucuz və aşağı keyfiyyətli məhsullar isə Çindən idxal olunur. Məhz buna görə də həmin məktəbli formalarını alarkən diqqətli olmaq lazımdır. Valideynlər büdcəyə qənaət etmək istəyərkən bir neçə aydan sonra yenidən məktəbli forması almaq məcburiyyətində qala bilərlər.
Bu baxımdan, məhsulun hətta düymələrinin tikişinə belə diqqət etmək lazımdır ki, daha sonrakı mərhələlərdə ikiqat xərcə düşməsinlər.
Əlbəttə ki, hazırda daha çox tələb olunan yerli istehsaldır. Həm qiymət baxımından orta büdcəli ailələr üçün əlçatandır, həm də satış mərkəzləri rəsmi fabrik istehsalı hesab olunur. Lakin yüksək keyfiyyətli məhsullar da var ki, onlar Türkiyə istehsalıdır və bir az bahalıdır. Bahalı olmasına baxmayaraq, dəfələrlə yuyulmasına baxmayaraq, tam tədris ili ərzində keyfiyyətini qoruyub saxlayır. Ona görə də daha ucuz məhsulları almamaları məqsədəuyğun sayılır”.
İqtisadçı əlavə edib ki, təbii ki, burada büdcə xərcləri də var:
“Bir şagirdin yalnız məktəbli formasının qiyməti 100 manatdırsa, bunun üzərinə çanta, məktəbli ləvazimatları, ayaqqabı və s. də gəldikdə, bir şagirdin tədris ilinin əvvəlində məktəb üçün çəkdiyi ümumi xərc təxminən 200–250 manat təşkil edir.
Ailədə iki-üç və ya daha çox uşaq varsa, o zaman xərclər daha da artır və belə olan təqdirdə, əlbəttə ki, həmin valideynlər daha ucuz məhsullara üz tutmaq məcburiyyətində qalırlar. Lakin ucuz alınan məhsullar uzunmüddətli istifadəyə yararlı olmur.
Yəni onların istifadə müddəti qısa olur və bir müddət sonra yenidən məktəbli forması, ayaqqabı və digər ləvazimatları almaq məcburiyyəti yaranır. Ona görə də tövsiyə olunan odur ki, valideynlər daha az xərcə düşmək üçün daha ucuz məhsullar almasınlar”, – deyə iqtisadçı fikrini tamamlayıb.


