Kriminal Özəl

Masazırda arvadını dişləyən kişi barəsində qərar verildi

Masazırda arvadını dişləyən kişi barəsində qərar verildi

Abşeron rayonunda 33 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 14-də Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə yaşayış massivində baş verib.

Balakən rayon sakini, 1993-cü il təvəllüdlü İbrahim həmin gün, gecə saat 01:00 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evində arvadı Sevinc (adlar şərtidir – red.) ilə mübahisə edib.

Bu zaman Sevincin ərinə son zamanlar mütəmadi olaraq alkoqollu içkilər qəbul etməsinə irad bildirməsi üstündə mübahisə yaranıb. Həmçinin mübahisələrdən biri də qadının ərinə etiraz olaraq evdə səliqə-səhmana fikir verməməsi ilə bağlı olub.

Ər-arvad arasında qarşılıqlı iradlar bildirilməsi zamanı ailə-məişət münasibətləri zəminində yaranmış narazılıqlarla bağlı mübahisə baş verib.

Bu vaxt İbrahim həmin mübahisə əsnasında əsəbiləşərək bir ədəd taxta stulu əlinə götürüb və həmin stulu mübahisə etdiyi arvadının üzərinə qəsdən ataraq onun sağ qoluna vurub. Ardınca əlləri ilə qadının qollarından tutaraq sağ qolundan dişləyib, yumruq zərbələri ilə qadının sifət və baş nahiyələrindən, təpik zərbələri ilə isə ayaq nahiyələrindən vurub.

Faktla bağlı İbrahimə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə İbrahim 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzasını çəkdiyi müddətdə elektron nəzarət vasitəsi tətbiq edilməklə yaşayış yeri olan Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə yaşayış massivində yerləşən ünvanını hər gün gecə saat 21:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməsi qadağan olunub.

Bundan başqa, İbrahimə cəzaçəkmə müddətində Abşeron rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulub.

Bundan əlavə, onun üzərinə elektron nəzarət vasitəsini üzərində gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulub.

Fariz Məlikli

D
demokrat.az