Turizm Özəl

Viza müraciətində ən çox edilən səhv açıqlandı — Özəl

Viza müraciətində ən çox edilən səhv açıqlandı — Özəl

Avropa Komissiyasının son statistikasına görə, 2025-ci ildə Azərbaycan vətəndaşlarının Şengen vizası müraciətlərindən ən çox imtina edən ölkələr açıqlanıb. Məlumatlara əsasən, Almaniyada 22 879 müraciətin 14,3%-i, Macarıstanda 6 717 müraciətin 15,5%-i, Litvada 3 436 müraciətin 15,5%-i, İsveçrədə 1 860 müraciətin 16,3%-i, Slovakiyada 1 570 müraciətin 19%-i, Bolqarıstanda 1 300 müraciətin 26,19%-i, Xorvatiyada isə 854 müraciətin 16,9%-i rədd edilib.

Ən yüksək imtina göstəricisi Bolqarıstanda qeydə alınıb.

Bildirilib ki, imtinaların 75,2%-i alınmış vizaların təyinatına uyğun istifadə edilməməsi, 24,8%-i isə təqdim olunan sənədlərlə bağlı problemlərlə əlaqələndirilir.

Azərbaycanlıların Şengen vizası müraciətlərində imtina nə ilə bağlıdır?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, Şengen vizası müraciətlərində imtinanın əsas səbəblərindən biri konsulluğun təqdim olunan sənədlər əsasında səfərin məqsədinə və müraciətçinin geri qayıdacağına kifayət qədər əmin olmamasıdır:

Viza müraciətində ən çox edilən səhv açıqlandı — Özəl

“Burada maliyyə imkanları, iş və gəlir mənbəyi, ailə və sosial bağlar, səfər planının real və məntiqli olması mühüm rol oynayır. Digər ciddi məsələ təqdim edilən məlumatlarla əvvəlki səfərlərin və vizaların istifadə tarixçəsinin bir-birinə uyğun gəlməməsidir. Avropa Komissiyasının məlumatlarına görə, 2025-ci ildə ümumilikdə Şengen vizalarına qlobal imtina göstəricisi 14,6 faiz olub”.

Turizm eksperti bildirib ki, xüsusilə əvvəlki vizanın verildiyi ölkədən deyil, başqa ölkədən istifadə edilməsi və ya səfər planının vizanın məqsədinə uyğun olmaması konsulluqda sual yarada bilər:

“Viza müraciətində saxta və ya ziddiyyətli sənədlərin təqdim edilməsi isə müraciətçinin etibarlılığına ciddi zərbə vurur. Mən vətəndaşlara tövsiyə edirəm ki, sadəcə viza almaq üçün sənəd toplamasınlar, səfərin bütün marşrutunu, maliyyə imkanlarını və geri qayıtmaq əsaslarını real şəkildə sübut etsinlər. Çünki düzgün hazırlanmış, şəffaf və bir-birini tamamlayan sənədlər viza müraciətinin müsbət qiymətləndirilməsi üçün ən vacib amillərdəndir”.

Fidan Hacızadə

D
demokrat.az