Sağlamlıq Özəl

Alkoqola meyli azalda bilən pəhriz müəyyənləşdirildi

Alkoqola meyli azalda bilən pəhriz müəyyənləşdirildi

Keto-pəhriz həm qaraciyərdə alkoqolun parçalanmasını ləngidə, həm də spirtli içki istehlakını azalda bilər. ABŞ-ın Alkoqoldan sui-istifadə və Alkoqolizm üzrə Milli İnstitutunun (NIAAA) alimləri siçovullar üzərində apardıqları araşdırma zamanı bu qənaətə gəliblər.

Demokrat.az xəbər verir ki, tədqiqatın nəticələri "Neuropsychopharmacology" (NPP) jurnalında dərc olunub.

Eksperiment zamanı siçovullar bir neçə həftə ərzində ya adi yemlə, ya da yüksək yağ və minimal karbohidrat tərkibli qida ilə bəsləniblər. Heyvanlara alkoqol verildikdən sonra keto-pəhrizdə olan siçovulların qanında etanolun konsentrasiyası nəzarət qrupundakı heyvanlarla müqayisədə əhəmiyyətli dərəcədə yüksək olub.

Tədqiqatçılar bu effekti qaraciyərdə ADH1 fermentinin aktivliyinin azalması ilə əlaqələndiriblər. Bu ferment etanolun parçalanmasının ilk mərhələsində iştirak edir və onu asetaldehidə çevirir. Keto-pəhriz fonunda heyvanların qlükoza səviyyəsi də azalıb, ketonların konsentrasiyası isə artıb. Nəticədə orqanizmin və beynin əsas enerji mənbəyi dəyişib.

Bununla belə, pəhrizin davranışa təsiri fərqli olub. Siçovullarda alkoqol asılılığı modeli yaradıldıqda keto-pəhrizlə qidalanan erkəklər adi pəhrizdə olan heyvanlardan daha az spirtli içki qəbul ediblər. Dişi siçovullarda isə alkoqol istehlakında azalma müşahidə edilməyib, baxmayaraq ki, onlarda da etanolun parçalanması daha yavaş gedib.

Alimlər hesab edirlər ki, əldə olunan nəticələr maddələr mübadiləsi ilə alkoqol istehlakı arasındakı əlaqəni daha yaxşı anlamağa kömək edə bilər. Lakin hələlik keto-pəhrizin insanlar üçün faydası barədə qəti nəticələr çıxarmaq mümkün deyil, çünki araşdırma yalnız heyvanlar üzərində aparılıb.

“Bundan əlavə, alkoqolun daha yavaş parçalanmasının potensial təhlükəli nəticələri ola bilər. Eyni miqdarda spirt qəbul edildikdə keto-pəhriz qanda etanolun daha yüksək konsentrasiyasına və nəticədə qaraciyərin zədələnməsi riski ilə daha güclü və uzunmüddətli sərxoşluğa səbəb ola bilər”, deyə alimlər bildiriblər.

Jalə Demokrat.az

D
demokrat.az