Maraqlı Özəl

Xan Sarayından Şəki yaylasına: Qədim şəhərdə iki günlük səyahət — FOTOREPORTAJ

Xan Sarayından Şəki yaylasına: Qədim şəhərdə iki günlük səyahət — FOTOREPORTAJ

Şəkiyə getməzdən əvvəl bu şəhəri daha çox tarixi küçələri, qədim evləri və məşhur Xan Sarayı ilə təsəvvür edirdim. Amma iki günlük səfər göstərdi ki, Şəki yalnız tarixdən ibarət deyil. Burada dağların qoynunda uzanan yollar, meşələrin içindən keçən cığırlar, asma körpünün yaratdığı həyəcan, əsrlərdir qorunan memarlıq nümunələri və şəhərin özünəməxsus ab-havası bir-birini tamamlayır.

Dünən ailəmlə birlikdə Azərbaycanın qədim və tarixi şəhərlərindən biri olan Şəkiyə yola düşdük. Səhər saat 09:00-da Bakıdan çıxmışdıq. Təxminən dörd saatlıq yolun ardından saat 13:00 radələrində Şəkiyə çatdıq.

Şəkiyə gedən yolun mənzərələri kifayət qədər gözəl idi. Yolun bəzi hissələrində kələ-kötürlük olsa da, ümumilikdə səfər boyu təbiət mənzərələri diqqətimi çəkirdi. Lakin şəhərin girişinə çatanda ilk təəssüratım gözlədiyim kimi olmadı. Şəkini daha çox yaşıllıqlarla əhatə olunmuş bir şəhər kimi təsəvvür etmişdim.

Daha sonra qalacağımız evə getdik. Bir qədər dincəldikdən sonra isə Şəki yaylasına yollandıq. Şəki yaylası səfər zamanı məndə ən çox təəssürat yaradan məkanlardan biri oldu. Qaldığımız yerdən müəyyən qədər uzaqda olsa da, ora getməyə tamamilə dəyərdi.

Xan Sarayından Şəki yaylasına: Qədim şəhərdə iki günlük səyahət — FOTOREPORTAJ

Yaylanın girişində bizi süni göl qarşıladı. Ətrafda müxtəlif əyləncə və attraksionlar da var idi. Onların arasında mənim ən çox diqqətimi çəkən ziplayn oldu.

Daha sonra yolumuza piyada davam etdik. Meşənin içərisindən bir qədər qalxdıqdan sonra nəhayət yaylaya çatdıq. Burada bizi uzun asma körpü qarşıladı.

Körpüyə çıxanda etiraf edim ki, bir qədər qorxdum. Addım atdıqca körpü silkələnirdi, aşağıda isə çay axırdı. Bir anlıq “Mən niyə belə riskli bir şeyə mindim?” deyə düşündüm. Buna baxmayaraq, körpünü keçdik. Keçidin qiyməti adam başına 2 manat idi.

Qorxulu olsa da, körpüdən keçdikdən sonra yaranan mənzərə bütün narahatlığı unutdurdu. Ətrafdakı təbiət və dağ mənzərəsi həqiqətən möhtəşəm idi.

Yaylada piknik üçün yerlər də vardı. Bir qədər oturub çay içdik, şəkillər çəkdirdik və daha sonra həmin asma körpü ilə geri qayıtdıq.

Axşam evə qayıdıb dincəldik. Növbəti səhər isə Şəkinin ən məşhur tarixi məkanlarından birinə – Xan Sarayına yollandıq.

Xan Sarayından Şəki yaylasına: Qədim şəhərdə iki günlük səyahət — FOTOREPORTAJ

Bakıdan Şəkiyə qədər gəlib Xan Sarayını görməmək, düzgün olmazdı. Sarayın yerləşdiyi əraziyə çatanda ilk diqqətimi çəkən məqamlardan biri turistlərin çoxluğu oldu. Həm yerli, həm də xarici turistlərin saraya maraq göstərdiyini görmək mümkün idi. Saraya keçmək üçün bilet almaq lazım idi. Girişdə kifayət qədər növbə vardı. Havanın da isti olması səbəbindən əvvəlcə sarayın həyətində gəzməyə qərar verdik.

Həyətdə ilk diqqətimi çəkən məqamlardan biri əsrlərin sınağından çıxmış nəhəng çinar ağacları oldu. Ağacların ətrafında sakit atmosfer hökm sürürdü. Böyük çinarların kölgəsi isti havada bir qədər dincəlməyə də imkan yaradırdı. Sarayın fasadı isə ilk baxışdan diqqəti cəlb edirdi.

Xan Sarayından Şəki yaylasına: Qədim şəhərdə iki günlük səyahət — FOTOREPORTAJ

Rəngbərəng naxışlar, taxta üzərindəki incə oyma sənəti və şəbəkə pəncərələri binaya xüsusi görünüş verirdi. Sarayın qarşısında dayandıqda onun sadəcə tarixi bir tikili deyil, həm də özündə zəngin sənətkarlıq ənənələrini birləşdirən memarlıq nümunəsi olduğunu hiss etmək olurdu.

Həyətdə turistlərin də əsas diqqəti sarayın fasadına və çinar ağaclarına yönəlmişdi. Kimisi sarayın qarşısında şəkil çəkdirir, kimisi binanın müxtəlif detallarını lentə alırdı. Saraya gələn turistlər həm tarixi memarlıq nümunəsinə baxır, həm də yüzilliklərə şahidlik etmiş çinar ağaclarının fonunda xatirə şəkilləri çəkdirirdilər.

Növbəmiz çatanda sarayın daxilinə keçdik. İçəri keçdikdə diqqətimi ilk çəkən məqamlardan biri divarlardakı rəngli rəsmlər və müxtəlif naxışlar oldu. Sarayın otaqlarında qorunub saxlanılan bəzək elementləri binanın xarici görünüşü qədər maraqlı idi.

Xüsusilə şəbəkə pəncərələri diqqətimi çəkdi. Rəngli şüşələrdən keçən günəş işığı otağın daxilində fərqli görüntü yaradırdı. Pəncərələrdəki xırda və bir-birinə uyğun şəkildə yerləşdirilmiş hissələr şəbəkə sənətinin nə qədər incə və zəhmət tələb edən sənət olduğunu göstərirdi. Uzaqdan sadə görünən bu detallara yaxından baxdıqda isə onların hazırlanmasında böyük dəqiqlik tələb olunduğu hiss olunurdu.

Sarayın divarlarında müxtəlif mövzuları əks etdirən rəsmlər də xüsusi maraq doğururdu. Rəsmlər və ornamentlər sarayın daxilinə fərqli bir ab-hava verirdi. Burada həm memarlıq, həm də təsviri sənətin bir-birini tamamladığını görmək mümkün idi.

Xan Sarayından Şəki yaylasına: Qədim şəhərdə iki günlük səyahət — FOTOREPORTAJ

Sarayın otaqlarını gəzdikcə burada qorunub saxlanılan hər bir detalın özünəməxsusluğu diqqət çəkirdi. Bəzi yerlərdə turistlər bələdçinin izahlarını dinləyir, sarayın tarixi və memarlıq xüsusiyyətləri ilə bağlı məlumat alırdılar. Xarici turistlərin də sarayın daxilindəki şəbəkələrə, divar rəsmlərinə və digər bəzək elementlərinə maraq göstərdiyini müşahidə etmək mümkün idi.

Saraydan çıxandan sonra bir qədər də həyətdə gəzdik. Böyük çinar ağacları, tarixi bina və ətrafda gəzən turistlər birlikdə xüsusi mənzərə yaradırdı. Bu məkanın maraqlı tərəflərindən biri də odur ki, burada tarixi yalnız sarayın daxilində deyil, onun həyətində və ətrafındakı ümumi atmosferdə də hiss etmək mümkündür.

Sarayın həyətində bir qədər vaxt keçirdikdən sonra buradan ayrıldıq. Şəkiyə gəlməzdən əvvəl Xan Sarayını yalnız tarixi bir bina kimi təsəvvür edirdim. Amma sarayın həm xarici görünüşünü, həm də daxilindəki şəbəkə və rəsm nümunələrini gördükdən sonra bu məkanın Şəkinin tarixində və turizmində nə qədər xüsusi yer tutduğunu daha yaxşı anladım.

Səfər zamanı yolumuz şəhərin sənətkarlıq ruhunu əks etdirən məkanlardan birinə də düşdü. Burada ilk diqqətimi çəkən məqamlardan biri binanın divarlarını bəzəyən yüzlərlə keramika və gildən hazırlanmış əl işləri oldu.

Xan Sarayından Şəki yaylasına: Qədim şəhərdə iki günlük səyahət — FOTOREPORTAJ

Divarlarda Azərbaycanın müxtəlif bölgələrinə, milli ornamentlərə, qədim simvollara və məişət nümunələrinə aid kompozisiyalar əks olunmuşdu. Bu əl işləri Şəkinin yalnız tarixi abidələri ilə deyil, sənətkarlıq ənənələri ilə də seçildiyini göstərirdi.

Artıq Bakıya qayıtmaq vaxtımız çatmışdı. Yola düşməzdən əvvəl “Əhməd Şirniyyat Evi”nə də baş çəkdik. Şəkiyə gəlib məşhur Şəki paxlavasından almamaq olmazdı. Buradan Şəki paxlavası və müxtəlif növ qəndlər aldıq.

Şəkidə diqqətimi çəkən məqamlardan biri də küçələrin səliqəli və baxımlı olması idi. Küçələrdə qorunub saxlanılan qədim evlər isə şəhərin zəngin tarixini hər addımda hiss etdirirdi.

İki günlük səfərin sonunda Şəki mənim yaddaşımda tarixi, qədim memarlığı, sənətkarlığı və təbiəti ilə seçilən şəhər kimi qaldı. Şəkiyə gedərkən sadəcə tarixi məkanları görəcəyimi düşünürdüm. Amma səfər zamanı həm təbiətin gözəlliyi, həm də şəhərin özünəməxsus ab-havası məndə daha fərqli təəssürat yaratdı.

Qısacası, Şəkiyə yolunuz düşərsə, yalnız Xan Sarayı ilə kifayətlənməyin. Şəhərin küçələrində gəzin, qədim evlərə baxın, Şəki yaylasına qalxın, asma körpüdən keçməyə cəsarət edin və əlbəttə, məşhur Şəki halvasının dadına baxın.

Mənim üçün isə bu səfər Şəkinin tarixini sadəcə oxumaq deyil, onu yerində görmək və hiss etmək imkanı oldu. Yolumuz yenidən düşsə, Şəkiyə qayıtmaq istəyərəm.

Nuray Paşşanlı

D
demokrat.az