Məhsulu mağazadan alarkən istehlakçının əsas gözləntisi onun işlək və qüsursuz olmasıdır. Lakin bəzi hallarda məhsulu evdə açıb yoxladıqdan sonra nasaz olduğu üzə çıxır və müştəri onu geri qaytarmaq istədikdə əlavə problemlə qarşılaşır. Bəzi hallarda məhsulun əldə olunduğu mağazada dəyişmək hallarının olmadığı deyilir. Buna səbəb isə məhsulun açılması olur.
Belə olan halda alıcı nə etməlidir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bu barədə açıqlama verərək deyib ki, 1995-ci ildə qəbul olunmuş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda çoxsaylı çatışmazlıqlar var:

“Dəfələrlə dövlət orqanları qarşısında məsələ qaldırmışam ki, qanun dəyişməli, müasir tələblərə cavab verməlidir. Malların dəyişdirilməsi və qaytarılması ilə bağlı ölkədə ciddi problem yaşanır. Nazirlər Kabinetinin 114 saylı qərarı var. Bəzi mallar dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır. Orada məntiqli olan da var, məntiqli olmayan da. Məsələn, diş fırçaları, alt paltarları qaytarılmır. Bəs qızıl məmulatları, daş-qaşlar niyə qaytarılmır? Kosmetik mallar niyə qaytarılmasın? Və sair. Bu kimi problemlərdən biznes qurumları tam sui-istifadə edirlər. Yəni qanunvericilikdə olan bu zəiflikdən istifadə edərək istehlakçı hüquqlarını pozurlar. Xüsusən mürəkkəb texniki vasitələrdə bu, çox geniş yayılmış istehlakçı problemidir. Bu sahədə şikayətlər həddindən artıq çoxdur.
Eyyub Hüseynov əlavə edib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlakçı hüquqlarının qorunması sahəsində fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var.
“Vətəndaş oraya müraciət edir, onlar götürüb vətəndaşın hüququnu pozan tərəfə məktub yazırlar. O məktubda özlərini əsaslandırırlar. Əsaslandırmaları da düzgün olmur. Həmin məktubu kopyalayıb Azad İstehlakçılar Birliyinə və yaxud şikayətçiyə göndərirlər və yazırlar ki, “Get məhkəməyə müraciət elə”.
Bu sahədən həddindən artıq çox şikayət gəlir. Çox təəssüf ki, Azad İstehlakçılar Birliyi də bu şikayətlərin hamısının öhdəsindən gələ bilmir. Çünki şikayət həddindən artıq çoxdur və şikayətlərin palitrası da çox müxtəlifdir. Yəni xarab malı, vaxtı keçmiş malı istehlakçıya satırlar, geri dönüş yoxdur. Xüsusən onlayn satışda bu çox baş verir. Sadəcə olaraq istehlakçının üstünə malı atırlar. Heç kassa çeki də vermirlər. Bu zaman istehlakçı hüquqlarını qorumaq daha mürəkkəb olur. Yəni malın haradan alındığını sübut edən sənəd də olmur. İstehlakçılar bütün hallarda malı alan zaman diqqətlə yoxlasınlar, bütün düymələrinə bassınlar. Satıcıdan onun pasportunu tələb etsinlər, pasportun Azərbaycan dilində olmasına baxsınlar. Zəmanət talonu alsınlar, möhürlü və sair. Yəni bütün bu hallara fikir versinlər”.


