Ağdaş rayonunda ata və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il avqustun 20-də baş verib. 1959-cu il təvəllüdlü Musa həmin gün, gecə saat 03:40 radələrində birlikdə yaşadığı fərdi yaşayış evində oğlu Səməd (adlar şərtidir – red.) ilə mübahisə edib.
Şəxsi münasibətlər zəminində aralarında başlayan mübahisə zamanı Musa həyətyanı sahədəki çardağın altında yerləşən masanın üzərindən götürdüyü bıçaqla oğlunu öldürməklə hədələyib. Hədəsini reallaşdıracağını göstərmək məqsədilə bıçağı irəli-geri hərəkət etdirib və nümayiş etdirib.
Habelə əlində olan boşqabı oğluna tərəf ataraq sındırmaqla Səmədi hədəsini icra edəcəyinə dair real əsaslar olmaqla öldürməklə hədələyib.
Bundan başqa, Musa həmin ilin sentyabrın 7-də, saat 13 radələrində çardağın altındakı masanın üzərindən götürdüyü bıçaqla yenidən oğlunu öldürməklə hədələyib.
Musanın barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Səməd onun oğludur, uzun müddətdir oğlu ilə aralarında mütəmadi olaraq dava-dalaş baş verib:
“Səməd məlum hadisədən təxminən 3 ay əvvəl cəzaçəkmə müəssisəsindən azad olunmuşdu və həmin gündən aramızda narazılıqlar var idi. Səməd cəzaçəkmə müəssisəsində olarkən mən Günel adlı qadınla qeyri-rəsmi evləndim. Səməd cəzasını çəkərək evə gəldikdən sonra arvadımla problem yaratdı və onu qovaraq evdən çıxartdı”.
Təqsirləndirilən şəxs deyib ki, 2025-ci il avqustun 19-da, günorta saatlarında Səməd ona dostlarının gələcəyini deyib və ondan özünü yaxşı aparmasını tələb edib:
“Mən evimə kimlərin gələcəyini soruşdum. Səməd Aqil adında dostunun və başqa şəxslərin gələcəyini bildirdi. Aqili narkoman kimi tanıdığıma görə etiraz edərək onun yaşadığım evə gələcəyi təqdirdə polisə məlumat verəcəyimi bildirdim. Bu səbəbdən aramızda narazılıq yarandı. Mən polisə zəng etməyim deyə Səməd mobil telefonumu götürərək getdi. Telefonumu qaytarmasını bildirsəm də, o, qaytarmadı. Bundan sonra şəhərə gedərək tanışlarımla spirtli içki qəbul etdim. Həmin gün saat təxminən 22 radələrində yaşadığım evə qayıtdım və yatdım”.
Musanın sözlərinə görə, avqustun 20-də, təxminən saat 03:45 radələrində təbii ehtiyaclarını ödəmək üçün yerindən qalxarkən stolun üstündə olan eynəyinin ortadan bölünərək qırıldığını görüb:
“Əsəbləşərək otaqdan çıxdım və oğlum Səmədi çağırdım. Həmin vaxt Səməd evin digər yataq otağında yatmışdı. Səməddən nə üçün eynəyimi qırdığını və telefonumun harada olduğunu soruşdum. Səməd eynəyimi bilərəkdən qırdığını və telefonumu da verməyəcəyini bildirdi. Bundan sonra əsəbləşərək çardağın altındakı masanın üstündəki mətbəx bıçağını götürdüm və Səmədi qorxutmaq məqsədilə onu öldürəcəyimi bildirdim, yenidən onun otağına tərəf getdim. Səməd də qapının arxasında dayanaraq əlinə mobil telefonu götürdü və məni videoya çəkməyə başladı. Səməd məni öldürəcəyindən qorxaraq, onun evdən getməsi üçün yalandan guya onu öldürəcəkmiş kimi etdim, qapıya hücum çəkdim. Səməd isə qapının arxasında dayanaraq mənim videomu çəkdi. Səmədin evdən getmədiyini gördüm. Bu vaxt yerdən boşqabı götürdüm və qapıya atdım. Əlimə bıçaq götürməkdə məqsədim Səmədi qorxutmaq, evdən getməsini təmin etmək və onda olan mobil telefonumu almaq olub. Lakin Səməd telefonumu verməyəcəyini bildirdi, yatdığı otağın pəncərəsindən qaçaraq getdi və polisə məlumat verdi”.
Musa qeyd edib ki, bundan başqa, sonuncu dəfə aralarındakı mübahisə həmin ilin sentyabrın 7-də baş verib:
“Səməd məndən polisə şikayət etdiyi üçün Hacıqabul rayonuna qeyri-rəsmi arvadım olan Günelin yanına getdim. Bir müddət orada yaşadıqdan sonra yenidən evə qayıtdım. Evdə olan zaman yenidən Səmədlə aramızda mübahisə yarandı. Səməd evin ona qalması üçün mənimlə mütəmadi mübahisə edir ki, yaşadığım evdən çıxaraq Hacıqabula gedim. Buna görə də sentyabrın 7-də, təxminən saat 13 radələrində evdə yemək yeyən zaman Səməd yenidən mənə söz atmağa başladı. Mən də həmin vaxt həyətdə olan stolun arxasında əyləşərək əlimdə olan mətbəx bıçağı ilə çörək kəsirdim. Səməd məni əsəbləşdirdiyi üçün əlimdəki mətbəx bıçağını ona göstərərək ayağa qalxdım və onu öldürəcəyimi bildirdim. Səməd də qorxaraq getdi və polisə məlumat verdi. Hər iki mübahisə baş verən zaman ətrafda heç kim olmayıb. Sadəcə olaraq mən və oğlum olmuşuq”.
Təqsirləndirilən şəxs deyib ki, hər iki mübahisə zamanı real imkanı olmasına baxmayaraq, Səmədə heç bir bədən xəsarəti yetirməyib və özü də xəsarət almayıb.
Ağdaş Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş atasına qarşı olan şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edilib. Onun barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilib.


