Üç diyetoloq ürək-damar sisteminin sağlamlığını dəstəkləyən içkinin hansı olduğunu açıqlayıb.
Demokrat.az xəbər verir ki, "Health" nəşrinin yazdığına görə, söhbət çuğundur şirəsindən gedir.
Çuğundur şirəsinin faydası nədir?
Araşdırmaların göstərdiyi kimi, çuğundurun tərkibində təbii nitratlar var. Dietoloq Eyveri Zenkerin sözlərinə görə, orqanizmdə bu maddələr qan damarlarını genişləndirməyə və normal qan dövranını dəstəkləməyə kömək edən azot oksidinin yaranmasında iştirak edir.
Digər diyetoloq Karlin Remedios isə bildirib ki, hipertoniyalı insanların iştirakı ilə aparılan araşdırmalar çuğundur şirəsinin müntəzəm qəbulunun arterial təzyiqi orta dərəcədə aşağı sala biləcəyini göstərib. Bəzi tədqiqatlarda iki aya qədər olan müddətdə təzyiqin təxminən 3-4 mm civə sütunu aşağı düşdüyü müşahidə edilib.
Nitratlarla yanaşı, çuğundur şirəsinin tərkibində kalium və antioksidantlar da var. Kalium orqanizmdən arterial təzyiqə mənfi təsir göstərən artıq natriumun xaric olunmasına kömək edir.
Bununla belə, mütəxəssislər vurğulayıblar ki, çuğundur şirəsi hipertoniya dərmanlarını əvəz etmir və təzyiqə nəzarət üçün görülməsi lazım olan digər tədbirlərin yerini tutmur.
Çuğundur şirəsini necə içmək lazımdır?
Əlavə şəkər olmayan 100 faizlik çuğundur şirəsinə üstünlük vermək daha yaxşıdır. Onu ayrıca içmək, smuzilərə əlavə etmək və ya dadını yaxşılaşdırmaq üçün alma və ya sitrus meyvələrinin şirəsi ilə qarışdırmaq olar.
Şirəni buz qəliblərində dondurmaq və daha sonra içkilərə kiçik porsiyalarla əlavə etmək də mümkündür.
Əvvəllər çuğundur şirəsi içməmisinizsə, mütəxəssislər az miqdardan başlamağı məsləhət görürlər. Böyük porsiyalar narahatlıq və ya həzm pozğunluğuna səbəb ola bilər.
Alternativ - hibiskus çayı
Çuğundurun dadını sevməyənlərə diyetoloqlar hibiskus çayına diqqət yetirməyi tövsiyə ediblər. Diyetoloq Cennifer Pallianın sözlərinə görə, onun tərkibində qan damarlarının normal fəaliyyətinə kömək edən antosianinlər və digər antioksidantlar var.
Araşdırmaların birində orta dərəcədə yüksək təzyiqi olan böyüklər altı həftə ərzində hər gün üç fincan hibiskus çayı içiblər. Nəticədə onların təzyiqində plasebo içkisi qəbul edən iştirakçılarla müqayisədə daha nəzərəçarpan azalma müşahidə olunub.
Hibiskus çayının tərkibində kofein yoxdur. Buna görə onu həm isti, həm də soyuq içmək mümkündür.
Yüksək təzyiq zamanı hansı içkilərə üstünlük vermək lazımdır?
Mütəxəssislərin sözlərinə görə, yalnız faydalı içkinin tərkibi deyil, onun tərkibində nələrin olmaması da vacibdir. Yüksək təzyiq zamanı çox miqdarda natrium, əlavə şəkər və doymuş yağ ehtiva edən içkilərin qəbulunu məhdudlaşdırmaq məsləhətdir.
Rasionda aşağıdakı maddələri ehtiva edən içkilər və məhsullar faydalı ola bilər:
* nitratlar - xüsusilə çuğundurda olur və azot oksidinin yaranmasında iştirak edir; * kalium - artıq natriumun orqanizmdən xaric olunmasına kömək edir; * antioksidantlar - qan damarlarının sağlamlığını dəstəkləyir.
Jalə Demokrat.az


